Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası azərbaycançılıqdır

Müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası azərbaycançılıqdır

03.07.2019 [09:34]

Bu məfkurə təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların və Azərbaycan dövlətinin maraqlarını deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını ifadə edir
Sirr deyil ki, bəşəriyyət tarixində yüzlərlə, minlərlə dövlət olub ki, indi onların adlarına, sadəcə, tarix dərsliklərində rast gəlinir. O xalqlar və dövlətlər tarix səhnəsində qüdrətli bir oyunçu kimi öz mövcudluğunu və mövqeyini qoruyub saxlayır ki, onların bu gücü təmin və ifadə edəcək möhkəm ideoloji əsasları var. İstənilən dövlətin gücü həm də onun ideoloji əsaslarındadır. Xalqımızın tarixi müqəddəratının təxirəsalınmaz vəzifəsi olan dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin əsasını isə azərbaycançılıq ideyası təşkil edir.
“Azərbaycançılıq” müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur
Azərbaycançılıq ideyası hər şeydən əvvəl azərbaycanlıların milli mənlik şüurunun, milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin, adət-ənənələrinin yaşadılmasını, bu ideya əsasında azərbaycanlıların tarixi Vətənlə və öz aralarında birliyinin formalaşmasını nəzərdə tutur. Azərbaycançılıq adi şüur səviyyəsində üzə çıxmayıb, yaxud deklarativ bir şüar olmayıb, çox dərin köklərə malik olan mükəmməl bir fəlsəfi konseptual sistemin ifadəsidir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı kitaba ön sözündə yazır ki, azərbaycançılıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Akademikin fikrincə, bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. Akademik Ramiz Mehdiyev qeyd edib ki, “azərbaycançılıq” müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur: “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün bir vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi nəticəsidir. O, Azərbaycan xalqının dövlətyaradıcı mənafelərinin ümumiliyi və demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədidir. İdeologiya kimi “azərbaycançılıq” müstəqil Azərbaycanın fəlsəfi - sosioloji doktrinasının sosial-mədəni və etnocoğrafi-siyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərlik prinsipidir”.
Əksər mütəxəssislərin də vurğuladığı kimi, azərbaycançılıq hər şeydən əvvəl bir məfkurədir. Demokratik prinsipləri, insanın hüquq və azadlıqlarını rəhbər tutan dövlətlər birliyinə qoşulmazdan əvvəl özünü dərk etməyə çalışan, dünyaya güclü bir şəkildə inteqrasiya edən bir millətin məfkurəsidir. Bu məfkurə təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların və Azərbaycan dövlətinin maraqlarını deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını ifadə edir.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir
Azərbaycançılığın ideya əsasları olan tarixi yaddaşın, milli adət-ənənələrin, Ana dilinin qorunması, milli şüurun oyadılması və s. məqamlar XIX əsrin sonu - XX əsrin əvəllərində milli maarifçilik hərəkatının nümayəndələri - H.B.Zərdabi, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, N.Vəzirov, N.Nərimanov, Ö.F.Nemanzadə və dövrün başqa ziyalılarının əsərlərində, publisistik yazılarında irəli sürülüb. Lakin ilk dəfə olaraq məhz Ümummilli Lider Heydər Əliyev bu ideyanı tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirib.
Əlbəttə ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq konsepsiyasının hazırlanmasına və onun milli birliyi təmin edən bir mexanizm kimi həyata vəsiqə almasına müstəqillik dövründən başlamayıb. Hələ 1969-cu ildən, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi illərdən azərbaycançılıq bir ideoloji konsepsiya kimi xalqımızın milli birlik formuluna çevrilib. Azərbaycançılıq hələ o dövrdə sovet imperiya şəhəri olan Bakının azərbaycanlaşdırılması, neft sənayesi, digər sənaye müəssisələrinin qurulması və azərbaycanlı gənclərin əyalətlərdən Bakıya üz tutması ilə başlayıb. Həmçinin azərbaycançılıq konsepsiyası 1978-ci ildə, Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasından start götürüb. Bu amillər milli, siyasi, etnik münasibətlərimizin aparıcı, birləşdirici üzvü olan azərbaycançılıq ideologiyasının əsasları və kökləridir.
Müstəqillik illərində də azərbaycançılığı dövlət siyasətinin əsas ideya bazasına çevirən Ulu Öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışında onun əsas mahiyyətini soydaşlarımızın diqqətinə çatdırıb: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri isə azərbaycançılığın təməl şüarına çevrilib. Bu şüar, eyni zamanda, dünyadakı 50 milyondan artıq azərbaycanlının tarixi vətənləri ilə bağının möhkəmləndirilməsinə bir çağırışdır.
Prezident İlham Əliyevin siyasətində azərbaycançılıq təşəkküldən təkamülə, formalaşmadan inkişafa yüksəlib
Sevindirici haldır ki, bu gün hər bir sahədə olduğu kimi, milli ideoloji istiqamətdə də əsası Ulu Öndər tərəfindən qoyulan qabaqcıl ənənələr uğurla davam etdirilir. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov “Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi” sərlövhəli məqaləsində yazır ki, Prezident İlham Əliyev siyasətində azərbaycançılıq təşəkküldən təkamülə, formalaşmadan inkişafa yüksəlib, nəinki regionda, həm də qlobal səviyyədə tanıdılmağa başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin, mədəniyyətinin qorunmasına, xalqımızın zəngin tarixinin öyrənilməsinə xidmət edən dövlət siyasəti, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hər il təntənə ilə qeyd olunması, 2001-ci ildə əsası qoyulan və 2016-cı il 3-4 iyun tarixlərində dördüncüsü keçirilən Dünya Azərbaycanlılarının qurultayları hər bir soydaşımızı müstəqil Azərbaycan Respublikasının ətrafında sıx birləşdirərək, milli maraqları müdafiəyə təşviq edir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamı, eləcə də ölkə başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və bununla əlaqədar dövlət və ictimaiyyət səviyyəsində müxtəlif səpkili silsilə tədbirlərin keçirilməsi də azərbaycançılıq ideologiyasının təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, məktəblərdə uşaqlara dövlət rəmzləri, ölkənin zəngin tarixi, mədəni irsi öyrədilir, vətənə məhəbbət hissi aşılanır. Həmçinin Azərbaycan xalqının qədim tarixinin, mədəniyyətinin, mədəni-mənəvi irsinin müasir auditoriyaya çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə götürdüyü vəzifə azərbaycançılıq ideologiyasının təbliğində mühüm əhəmiyyətə malikdir.
Azərbaycançılıq ideyasının parlaq təntənəsi
Şübhəsiz ki, azərbaycançılıq ideologiyasının ərsəyə gəlməsi, bu gün özündə birləşdirdiyi komponentlər əsas etibarilə xalqımızın tarixi mədəni-mənəvi irsinə əsaslanır. Bu mənada xalqımızın milli xəzinəsinə çevrilmiş, yaradıcılığı ilə mənəviyyat dünyamızı zənginləşdirən görkəmli şair və yazıçılarımızın, söz və sənət ustadlarımızın əməyini xüsusi qeyd etmək lazımdır. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin də həyatı və yaradıcılığı azərbaycançılıq ideyalarını, vətənpərvərlik və mənəvi bütövlük tərbiyəsini diqqət mərkəzinə çəkmək üçün tükənməz imkanlara malikdir. İmadəddin Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi varlığının və böyük ideallarının, duyğu və düşüncəsinin zəngin və tükənməz xəzinəsidir. Azərbaycan xalqı məhz həmin möhkəm milli-mənəvi dayaqlar və davamlı böyük ənənələr əsasında zaman-zaman formalaşma və dirçəliş mərhələləri keçərək, indiki yüksək inkişaf səviyyəsinə gəlib çatıb. Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib ki, bunlar da azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Ona görə də Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan olunması azərbaycançılıq ideologiyasının da təbliği və inkişafına mühüm töhfə, azərbaycançılıq ideyasının parlaq təntənəsi kimi yüksək qiymətləndirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli də mətbuata açıqlamasında “Nəsimi İli”nin əhəmiyyətini bu kontekstdə dəyərləndirərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən qısa müddətdə Nəsimi ilə bağlı iki Sərəncamın imzalanması mühüm hadisədir. Onun sözlərinə görə, bu sərəncamlarla Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin “Nəsimi İli” elan edilməsi artıq müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb edir.
Beləliklə, əminliklə söyləyə bilərik ki, harada olmasından asılı olmayaraq, soydaşlarımız böyük həmrəyliyə nail olaraq yüksək milli şüur səviyyəsi nümayiş etdirirlər. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bunu xalqımızın gələcəyə doğru inamla addımlamasında zəngin sərvət kimi əziz tutur. Müstəqil Azərbaycan dövləti isə dünya azərbaycanlılarının həmrəyliyinin güclü faktoru, onların təşkilatlanması, beynəlxalq aləmdə nüfuzlu bir qüvvə kimi çıxış etməsi üçün etibarlı dayaq nöqtəsidir. Azərbaycan dövləti dünya azərbaycanlılarının insan hüquqlarının, qanuni maraq və mənafelərinin müdafiəçisi kimi çıxış edərək xalqımızın tarixən dünya mədəniyyətinə verdiyi zəngin maddi, mənəvi-əxlaqi, intellektual sərvətlərin, Azərbaycan adının etibarlı müdafiəçisi və sahibidir.
Aqşin ŞAHİNOĞLU,
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 323 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31