Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25.06.2019 [09:46]

Prezident İlham Əliyev: Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli yer tutur
Son 16 ildə Azərbaycanda müşahidə edilən müsbət reallıqlardan biri bütün ölkə boyu intensiv şəkildə həyata keçirilən müasir infrastruktur quruculuğu ilə bağlı olub. Bəhs olunan dövrdə ölkəyə gələn neft gəlirləri Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq strateji istiqamətlərə, o cümlədən də müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılmasına istiqamətləndirilib. Ölkəmizdə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrasına məhz müxtəlif sahələri əhatə edən infrastruktur obyektlərinin tikintisi ilə start verilib.
Öz növbəsində respublikanın getdikcə artan iqtisadi potensialından səmərəli istifadə etməklə məqsədyönlü şəkildə reallaşdırılan infrastruktur quruculuğu siyasəti müsbət nəticələrini verir. Son 16 ildə ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngidir. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyada qabaqcıl yerlərdən birini tutur.
Azərbaycan özünün nəqliyyat və tranzit imkanlarını artırmaq üçün irimiqyaslı infrastruktur layihələri həyata keçirir
Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksək səviyyəli infrastruktur quruculuğu prosesini, həmçinin bütün respublika üzrə avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. Son 16 ildə Azərbaycanda təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Hazırda ölkə ərazisində altı beynəlxalq hava limanı fəaliyyət göstərir.
Azərbaycanın dövlət siyasətində bütün ölkə boyunca müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasına böyük diqqət göstərilməsi bir sıra amillərlə şərtlənir. Ölkənin bütün bölgələrində Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yüksək səviyyəli yol infrastrukturu quruculuğunun hədəflənməsi, əlbəttə ki, ilk növbədə respublika daxilində iqtisadi aktivliyin artırılmasına münbit şərait yaradılması və əhalinin rifah halının daha da yaxşılaşdırılması kimi vacib məqsədlərə xidmət edir. Xalqımıza məxsus məşhur bir deyim var: Abad el yollarından bəlli olar. Mövcud yolların əsaslı şəkildə yenidən qurulması, həmçinin yeni müasir yolların salınması Azərbaycanın ümumi inkişafına böyük təkan verir. Təsadüfi deyil ki, son illərdə respublikanın bölgələrində iqtisadi aktivlik əhəmiyyətli dərəcədə artıb. Dövlət vəsaiti hesabına yaradılan yol infrastrukturundan bəhrələnən sahibkarlar bölgələrdə aqrar sektorda, emal sənayesində müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər.
Ölkə üzrə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, eyni zamanda, ciddi sosial mahiyyət daşıyır. Müasir yollar insanların həyatına rahatlıq gətirir, onlarda məmnunluq hissi yaradır. Bu məqamda belə bir amili də vurğulamaq yerinə düşər ki, son illərdə respublikamızda insanların regionlardan paytaxt Bakıya, digər iri şəhərlərə miqrasiyası dayanıb və hətta əks proses müşahidə edilməkdədir. Respublikamızda yüksək səviyyəli müasir infrastruktur quruculuğu sayəsində paytaxt Bakı ilə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Bölgələrdə hər cür kommunal rahatlıqlarla, o cümlədən də yüksək səviyyəli yollarla təmin olunan sakinlər öz həyatlarını yaşadıqları yerlərdə qurmağa üstünlük verirlər ki, bu da Azərbaycanın müsbət reallıqlarından biridir.
`Azərbaycanın bütün ölkə üzrə müasir yol-nəqliyyat infrastrukturu yaradılmasını davamlı olaraq diqqət mərkəzində saxlamasını şərtləndirən digər mühüm amil respublikamızın tranzit daşımaları üçün əlverişli coğrafi mövqeyə və bir sıra digər üstünlüklərə malik olması ilə bağlıdır. Son illərdə qeyri-neft sektorunun inkişafına güclü siyasi iradə və maddi dəstək göstərən Azərbaycan, eyni zamanda, özünün əlverişli coğrafi mövqeyindən bəhrələnərək tranzit imkanlarını daha da genişləndirməyə və bu yolla ölkəmizin əlavə gəlirlər əldə etməsinə nail olmağa çalışır. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkə ərazisində nəqliyyat xidmətləri inkişaf etdirilir, daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiya daha da genişləndirilir. O cümlədən Azərbaycan özünün nəqliyyat və tranzit imkanlarını artırmaq üçün irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində yol-nəqliyyat sektoruna qoyulan sərmayələri ölkənin gələcəyinə yönəldilən investisiyalar kimi səciyyələndirərək deyib: “Bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır”.
Yaradılan müasir infrastruktur ölkə daxilində olduğu kimi, regional çərçivədə də böyük əhəmiyyət daşıyır
Kifayət qədər böyük coğrafiyanı əhatə edən iki beynəlxalq marşrutun - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycandan keçməsi həm logistik, həm də tranzit imkanlarını təqdim etmək nöqteyi-nəzərindən ölkəmizə böyük üstünlüklər qazandırır. Mütəxəssislər o qənaətdədirlər ki, Azərbaycandan keçən dəhlizlər Avropadan Asiyaya və əksinə ən qısa və daha səmərəli marşrutlardır. Məhz elə bu səbəbdəndir ki, öz yüklərini Azərbaycandan keçən dəhlizlər vasitəsilə daşımaq istəyən ölkələrin və şirkətlərin sayı getdikcə artır. Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda respublikamızın bəhs olunan nəqliyyat dəhlizlərinin funksionallığının artmasında mühüm rol oynadığına diqqət çəkərək bildirib ki, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli yer tutur.
Qeyd edək ki, ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan və Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. Məhz bu kimi amilləri nəzərə alan Azərbaycan bəhs olunan dəhlizin funksionallığının artırılmasına böyük səy göstərir. Respublikamız dəhlizin Azərbaycan ərazisindən keçən hissəsi boyunca yeni infrastruktur layihələrinin reallaşdırılmasına həm maddi, həm də siyasi cəhətdən böyük dəstək verir. İndiyədək respublikamız Şərq-Qərb dəhlizinin tərkib hissəsi olan qədim İpək Yolunun bərpası ilə bağlı müxtəlif məsələlərin müzakirə edildiyi bir sıra beynəlxalq səviyyəli tədbirə uğurla ev sahibliyi edib. Bu tədbirlərdə iştirakçı tərəflər ölkəmizin geniş tranzit imkanları barədə məlumat alıblar. O cümlədən indiyədək respublikamızda İpək Yolunun Azərbaycandan keçən hissəsinin yenidən qurulması, bütövlükdə Şərq-Qərb marşrutu üzrə böyük iş həcmi yerinə yetirilib. Prezident İlham Əliyev Azərbaycan - Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasını ciddi nəzarətdə saxlayır. Ötən dövrdə dövlət başçısı bəhs olunan yolun yenidən qurulması üzrə ayrı-ayrı layihələrin tamamlanması mərasimlərində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib.
Respublikamızın ərazisində həmçinin Şimal-Cənub dəhlizinin ayrı-ayrı seqmentlərini təşkil edən magistralların yenidən qurulması da uğurla həyata keçirilir. İndiyədək respublikamız istər Rusiya sərhədinə, istərsə də İran sərhədinədək olan magistralların yenidən qurulmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldib. Artıq Şimal-Cənub dəhlizinin mühüm seqmentlərindən biri olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilib. Prezident İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində bəhs olunan magistralın açılışına qatılıb. Açılış mərasimində bildirilib ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.
Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanın ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin funksionallığının artırılmasında fəal iştirak etdiyinə xüsusi diqqət çəkib. “Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik”, - deyə dövlət başçısı vurğulayıb.
Beləliklə, yaradılan müasir infrastruktur ölkə daxilində olduğu kimi, regional çərçivədə də böyük əhəmiyyət daşıyır. Bunun təsdiqi olaraq vurğulayaq ki, respublikamız artıq Asiya ölkələrindən də yüklər qəbul edir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30