Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Dostluq xartiyaları”nın ləğv edilməsi işğalçı Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb

“Dostluq xartiyaları”nın ləğv edilməsi işğalçı Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb

19.06.2019 [09:29]

Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarmaqla Fransa məhkəmələrinin düzgün qərar qəbul etməsinə nail olduğunu ermənilərin özləri də etiraf edirlər
Azərbaycan Respublikası tərəfindən həyata keçirilən praqmatik və milli maraqlara əsaslanan müstəqil xarici siyasət sayəsində ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində mövqeyi davamlı olaraq möhkəmlənir. Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Münaqişənin həllinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarını davam etdirən ölkəmiz, eyni zamanda, bu prosesdə milli maraqlara əsaslanan qətiyyətli mövqe nümayiş etdirir.
Məhz bu qətiyyətli siyasət nəticəsində, habelə Azərbaycan və Fransa arasında beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin məntiqi nəticəsi olaraq erməni separatçılarının təxribatçı fəaliyyətləri növbəti dəfə uğursuzluğa düçar olub. Belə ki, Fransa məhkəmələrində işğal olunmuş Dağlıq Qarabağdakı yaşayış məntəqələri ilə bu ölkənin şəhərləri arasında imzalanmış “dostluq xartiyaları”nın ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Ermənilərin özləri də etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir.
Digər tərəfdən, ermənilər onu da etiraf etməyə məcburdurlar ki, Fransada erməni lobbisi nə qədər güclü olsa da, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa neytrallıq mövqeyini qorumağa məcburdur. Həmçinin ermənilərin təxribatı kimi qəbul edilən “dostluq xartiyaları”nın imzalanması beynəlxalq hüququn elə bir kobud pozuntusudur ki, heç bir dövlətin məhkəməsi, hətta müstəqil olmayan məhkəmə belə ona bəraət qazandıra bilməz.
Buna görə də Ermənistanın status-kvonu saxlamaq üçün presedent yaratmaq cəhdinin iflasa uğraması təkcə diaspor erməniləri arasında deyil, işğalçı ölkənin daxilində də rezonans doğurub. Yayılan məlumatlara əsasən, hətta Fransa məhkəmələrinin qərarları Ermənistan parlamentində müzakirəyə çıxarılıb. Müzakirələr zamanı deputatlar Ermənistan XİN-in Azərbaycan diplomatiyası qarşısında məğlubiyyətə uğradığı faktını dilə gətiriblər. Müzakirələrdə iştirak edən xarici işlər nazirinin müavini Qriqor Hovannesyan isə etiraf edib ki, Fransanın müstəqil məhkəmələrinin qərarlarını dəyişdirmək üçün Ermənistanın heç bir gücü yoxdur. Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının sədri Ruben Rubinyan isə bildirib ki, Fransa məhkəmələrinin qərarlarına müdaxilə mümkünsüzdür: “Burada söhbət məhkəmə qərarları yox, onların nəticələrindən gedir. Ermənistanda hansısa ölkənin səfirliyinin əməkdaşının erməni məhkəmələri və ya hakimləri haqqında danışması gülməli olar. Ona görə də Fransada məhkəmələrin müstəqil olduğuna etiraz edə bilmərik”.
“Maariflənən Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan isə bildirib ki, Fransa məhkəmələrinin qərarları Ermənistan XİN-in fəaliyyətsizliyinin nəticəsidir: “Bu qərarların qəbul ediləcəyi proqnozlaşdırılırdı. Çünki Azərbaycan Fransada genişmiqyaslı iş aparır, biz isə heç bir fəaliyyət göstərmirik. Yalnız diasporun potensialına ümid edirik. Onlar yalnız vəkil tapa bildilər, vəkilin də əlindən heç nə gəlmədi”.
A.Babacanyan vurğulayıb ki, bu qərarların ciddi nəticələri olacaq və Avropa İttifaqına üzv olan digər dövlətlərin də şəhərləri üçün presedent xüsusiyyəti daşıyacaq.
“Dostluq xartiyaları”nın ləğv edilməsi məsələsində xaricdəki erməni lobbisinin məğlubiyyətinə gəlincə, erməni əsilli Fransa politoloqu Gaids Minasyan da Azərbaycan diplomatiyasının uğuru və Fransanın beynəlxalq öhdəliklərə sadiq qalması barədə həqiqətləri etiraf etməklə yanaşı, indiki vəziyyətdə baş verən bütün hadisələrə görə Ermənistan hakimiyyəti ilə yanaşı, erməni lobbisinin də məsuliyyət daşıdığını deyib. Politoloqun sözlərinə görə, onların fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proses davamlı xarakter daşıyacaq.
Qeyd edək ki, bu etiraf mühüm əhəmiyyət daşıyır. Ən azından ona görə ki, G.Minasyan anti-Azərbaycan və antitürk mövqeyə malik radikal daşnakçı şəxsdir. Üstəlik Fransa Strateji Etüdlər Cəmiyyətinin təhlilçisi olan G.Minasyan, eyni zamanda, “Le Monde” qəzetinin saytında rəhbər işçilərdən biridir. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edən G.Minasyan tez-tez Ermənistana gedib-gəlir, 2016-cı ilin Aprel döyüşlərindən sonra Fransa mətbuatında Azərbaycana qarşı böhtan xarakterli kampaniya təşkil edənlərdən biri olub. Bu fakt, bir tərəfdən, konkret anti-Azərbaycan mövqeyi ilə seçilən G.Minasyanın nüfuzlu “Le Monde” qəzetində aparıcı mövqelərdən birinə sahib olduğunu və bu halın nəşrin obyektivliyinə kölgə saldığını göstərir. Digər tərəfdən, həssas məqamlarda “Le Monde”nin Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında əslində hansı amilin rol oynadığını ortaya çıxarır.
Beləliklə, yuxarıda sadalananlar da bir daha sübut edir ki, Azərbaycan istər hüquqi müstəvidə, istərsə də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, anti-Azərbaycan xarakterli addımların qarşısını almaq gücündədir. Eyni zamanda, Azərbaycanla Fransa arasında siyasi və iqtisadi əlaqələrin inkişafında son illər ərzində müşahidə edilən irəliləyişlər və digər amillər Fransa Prezidenti Emmanuel Makron başda olmaqla, Fransa hakimiyyətinin dövlətimizə qarşı ədalətli mövqe sərgiləməsinə təsirsiz ötüşməyib.
Bir sözlə, Fransa məhkəmələrinin haqlı qərarları bütün dünyaya göstərdi ki, işğalçı Ermənistanın əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir və “dostluq xartiyaları” adı altında erməni təxribatı beynəlxalq hüququn kobud şəkildə pozuntusudur. Digər tərəfdən, Azərbaycanın diplomatik uğuru Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaratmaqla bərabər, işğalçıların Fransa məhkəmələrinin qərarları qarşısında aciz olduqlarını etiraf etmələrinə səbəb oldu.
Bu hadisə, eyni zamanda, bir məsələni də növbəti dəfə gün işığına çıxardı. Bu da Fransa məhkəmələrinin ədalətli qərarlarından sonra xaricdə yaşayan və milli mənafelərdən danışan bəzi şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirmələri ilə bağlıdır. Bununla bir daha sübut olunur ki, Azərbaycanın milli maraqlarının qorunması yönündə, ümummilli məsələlərdə əldə olunan uğurlara sevinməyən, susmağı üstün tutan xaricdəki “söyüş müxalifəti”nin nümayəndələri milli təəssübkeşlikdən uzaq insanlardır.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 411 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30