Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır

Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır

25.05.2019 [10:06]

Bütövlükdə “Azərxalça” ASC-nin 2016-2018-ci illərdə fəaliyyətə başlayan 20 filialında 8500 kvadratmetrdən çox xalça toxunub
Azərbaycanda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında qarşıya qoyulan əsas məqsədlərdən biri də bölgələrdə iqtisadi aktivliyi artırmaq və bu yolla əmək qabiliyyətli insanların məşğulluğunu təmin etməkdən ibarətdir. Deyilənlər kontekstində regionlarda tarixən formalaşan ənənələrə uyğun olaraq müvafiq istehsal sahələrinin, o cümlədən də xalçaçılıq emalatxanalarının yaradılması böyük aktuallıq daşıyır. Xalçaçılıq respublikamızda geniş yayılan qədim sənət növüdür. Ölkəmizdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində xalçaçılığın şöhrətinin geri qaytarılması bir tərəfdən bölgələrdə əlaqəli sahələrin inkişafına təkan verir, digər tərəfdən isə fəal məşğul əhalinin, ələlxüsus da qadınların iş yerləri ilə təmin olunmasında mühüm rol oynayır. Digər önəmli bir məqam isə Azərbaycan xalçalarına satış bazarlarında böyük tələbatın olması ilə bağlıdır. Xarici bazarlara yaxşı tanınan və yüksək müştəri məmnunluğu yaradan növbənöv xalçalar çıxartmaqla ölkəyə valyuta daxilolmalarının həcmini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
Qeyd edək ki, ölkəmizdə xalçaçılığın inkişafına xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran və Ağdam xalça müəssisələri uğurla fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası, Abşeron, Ağstafa, Cəbrayıl, Goranboy, Kürdəmir, Qazax, Qəbələ, Sabunçu, Şabran, Tərtər və Tovuzda yaradılan müəssisələr də istifadəyə tam hazırdır. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı müvafiq Sərəncam əsasında İsmayıllı rayonunda daha bir xalça emalatxanasının tikintisi davam etdirilir. Bütövlükdə “Azərxalça” ASC-nin 2016-2018-ci illərdə fəaliyyətə başlayan 20 filialında 8500 kvadratmetrdən çox xalça toxunub. Bu istehsalatlarda 1700-dən çox toxucu çalışır ki, onların da əksəriyyətini qadınlar təşkil edir.
Növbəti xalçaçılıq müəssisəsi Qobustanda istifadəyə verilib
Ölkəmizdə xalçaçılıq müəssisələrinin şəbəkəsi ilbəil daha da genişlənir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) növbəti filialı 2019-cu il mayın 7-də Qobustanda istifadəyə verilib. Yeni xalçaçılıq müəssisəsinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.
Qeyd olunub ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu işini bundan sonra da davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Buradakı xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.
Qobustanda yaradılan regional tədarük məntəqəsi respublikanın 14 rayonunu əhatə edəcək
Cari il mayın 7-də həmçinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı baş tutub. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov müəssisənin fəaliyyəti barədə məlumat verərək bildirib ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə “Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin yunəyirici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz müsbət təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.
Qobustanda yaradılan regional tədarük məntəqəsi respublikanın 14 rayonunu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Açılış mərasimində bildirildiyi kimi, bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də həyata keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq. Yun tədarükü zamanı xalça toxunması üçün iplik istehsalına yararlı olan yunun qəbuluna üstünlük veriləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 8 santimetr olan yunun qəbulu həyata keçiriləcək. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq. Bunun üçün mütəxəssislər tərəfindən geniş araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.
Açılış mərasimində qeyd edilib ki, respublikamızın digər bölgələri kimi, Qobustanın ərazisi də boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Müəssisədə həm yun, həm də boyaq bitkiləri ilboyu qəbul ediləcək. Regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyirici-boyaq fabrikinə təhvil veriləcək. Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub. İstehsal genişləndikcə gələcəkdə bu rəqəmin daha da artacağı gözlənilir.
Daha iki regional məntəqədə yun tədarükünə başlanılıb
“Azərxalça” ASC-dən verilən məlumata əsasən, ölkə miqyasında yeni yaradılan daha iki regional məntəqədə yun tədarükünə başlanılıb. Yeni yaradılan regional yun tədarükü məntəqələrindən biri Sabirabad Sənaye Məhəlləsində yerləşir. Bəhs olunan məntəqə Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Kürdəmir, Ucar, İmişli, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala rayonlarını, həmçinin Şirvan və Lənkəran şəhərlərini əhatə edir. Tədarükçülərə, fermerlərə iplik istehsalı üçün yararlı olan yunun tələbləri izah edilib. Vurğulamaq yerinə düşər ki, Sənaye Məhəlləsində investisiya qoyuluşunu təşviq etmək məqsədilə bir sıra güzəştlər nəzərdə tutulub, o cümlədən burada dövlət əsaslı vəsait qoyuluşu hesabına müasir infrastruktur qurulub.
Yeni yaradılan Bərdə regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin ümumi sahəsi 6000 kvadratmetrdir. Məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Bu məntəqə Ağdam, Füzuli, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarına və Yevlax şəhərinə xidmət göstərəcək.
“Azərxalça” ASC-nin rəhbərliyinin yeni yaradılan müəssisədə keçirdiyi tədbirdə bildirilib ki, məntəqinin əhatə etdiyi şəhər və rayonların fermerləri ilə, tədarükçülərlə görüşlər zamanı iplik istehsalına yararlı yuna olan tələblər barədə ətraflı məlumat verilib. ASC İdarə Heyətinin sədri Vidadi Muradov yun tədarükü zamanı müəyyənləşdirilmiş standartlara ciddi əməl olunması, məntəqələrə keyfiyyətli yunun qəbul edilməsi barədə tapşırıqlar verib.
Qeyd edək ki, hər iki məntəqədə işçilər üçün lazımi şərait yaradılıb, məntəqənin inzabati hissəsində inzibati otaqlar və yeməkxana istifadəyə verilib. Məntəqələrin işçiləri xüsusi geyim forması ilə təmin ediliblər.
Bütövlükdə, respublikamızda yaradılan 5 regional tədarük məntəqəsinə ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Beləliklə, regionlarda heyvandarlıqla məşğul olan fermerlərin mövsüm vaxtı yunun satışı ilə bağlı üzləşdikləri çətinliklər aradan qaldırılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30