Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Son bir ildə aparılan islahatlar Azərbaycanın inkişafına yeni təkan verib

Son bir ildə aparılan islahatlar Azərbaycanın inkişafına yeni təkan verib

12.04.2019 [09:54]

Prezident İlham Əliyev: Seçkilərdən sonra ciddi islahatlara start verildi. Bu islahatlar çoxşaxəlidir
Son 15 ildə müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizin inkişafı davamlı və hərtərəfli səciyyə daşıyıb, qazanılan uğurların miqyası getdikcə artıb. Bu da ilk növbədə o amillə şərtlənir ki, Prezident İlham Əliyev heç vaxt əldə olunan uğurlarla kifayətlənmir, daim daha yüksək zirvələri fəth etmək üçün qarşıya yeni məqsədlər qoyur, eyni zamanda hədəflərə çatmağın konseptual əsaslarını və praktiki yollarını müəyyənləşdirir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, son 15 ildə respublikamız islahatlar yolu ilə inkişaf edib.
O cümlədən cənab İlham Əliyevin respublikamızda 2018-ci il aprelin 11-də keçirilən növbəti prezident seçkiləri ərəfəsində verdiyi mühüm vədlərdən biri ölkəmizdə islahatların perspektivdə də davam etdiriləcəyi ilə bağlı idi. Seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi qatılan İlham Heydər oğlu Əliyev xalqın yüksək etimadını - etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-ni və ya 86,02 faizini - qazanaraq növbəti 7 il müddətinə dövlət başçısı vəzifəsinə seçildikdən sonra andiçmə mərasimində ölkədə inkişafın ardıcıllığının təmin olunacağını bildirərək, dedi ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Bəhs olunan nitqində Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik.
Azərbaycanda həyata keçirilən islahatlar bir-birini tamamlayır
Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, son 15 ildə Azərbaycanda uğurla reallaşdırılan islahatlar, bir qayda olaraq, dərin konseptual əsaslandırmalar və yeni yanaşmalar əsasında hazırlanıb. İslahatlar hazırlanarkən və reallaşdırılarkən qlobal miqyasda meydana çıxan aktual çağırışlar və ölkəmizin potensialı mütləq nəzərə alınır. Əsas məqamlardan biri də ondan ibarətdir ki, islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının artırılması, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının müvafiq Fərmanına əsasən milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib. Bəhs olunan strateji yol xəritələrində ayrı-ayrı istiqamətlər üzrə yaxın, orta və uzunmüddətli dövr üçün inkişaf prioritetləri və onlara çatmaq üçün görüləcək tədbirlərin geniş spektri müəyyənləşdirilib.
Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilən seçkilərdən sonra isə ölkəmizdə islahatların yeni mərhələsi başlayıb. Hazırda intensiv şəkildə reallaşdırılan islahatlar respublikamızın yeni inkişaf mərhələsinə keçidini təmin etməyə hədəflənib. Azərbaycanda müxtəlif sahələri əhatə edən islahatlar paralel şəkildə həyata keçirilir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşdəki çıxışında diqqəti respublikamızda son prezident seçkilərindən ötən dövrdə reallaşdırılan islahatlara çəkərək deyib: “Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilmişdir. Seçkilərdən sonra ciddi islahatlara start verildi. Bu islahatlar çoxşaxəlidir. Siz və ictimaiyyət təbii ki, bu islahatları izləyirsiniz. Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək”.
Sevindirici haldır ki, prezident seçkilərindən ötən bir ildə həyata keçirilən islahatlar, o cümlədən gömrük və vergi orqanlarında şəffaflığın yüksək səviyyədə təmin edilməsinə yönələn tədbirlər öz müsbət nəticəsini verib. Belə ki, milli iqtisadiyyatımızda qlobal böhranın mənfi təsirləri tam dəf edilib. O cümlədən cari ilin ilk iki ayında ölkə üzrə ümumi daxili məhsul 3 faiz artıb. Qeyd edək ki, bu, son illərin ən yüksək göstəricisidir. Daha böyük artım isə 15,5 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu, dünya rekordudur. Eyni zamanda, büdcə daxilolmalarında əhəmiyyətli artım müşahidə edilir. Əlamətdar haldır ki, məqsədyönlü islahatların nəticəsində qazanılan əlavə vəsaitlər ilk növbədə sosial sferaya - əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin artırılmasına yönəldilir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “İqtisadi və sosial islahatların yeni mərhələsinin startı prezident seçkilərindən sonra verilmişdir və bu gün biz bunun nəticəsini görürük. Mən deyə bilərəm ki, aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Bu, nəyin hesabınadır - şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik”, - deyə vurğulayıb.
Aparılan struktur islahatları idarəetmədə səmərəliliyin artırılmasına hesablanıb
Yeni şəraitdə zamanın dəyişən tələbləri fonunda həmçinin struktur islahatlarının önəmi artıb. Daha çevik və funksional idarəetmə sistemi yaradılmadan, təbii ki, qarşıya qoyulan böyük hədəflərə çatmaq da mümkün deyil. Təsadüfi deyil ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində ölkədə perspektivdə reallaşdırılacaq struktur islahatlarının önəminə diqqət çəkib və deyib ki, ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. Prezident İlham Əliyev respublikamızda strukturun yenilənməsinin zəruriliyi ilə bağlı qəti mövqeyini həmçinin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində nəzərə çatdırıb. “Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkəmizdə son 15 ildə davamlı olaraq həyata keçirilən idarəetmə strukturunun yeniləşdirilməsi siyasəti 2019-cu ilin əvvəlindən daha aktiv fazaya daxil olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 yanvar 2019-cu il tarixində struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Dövlət başçısının bəhs olunan tarixdə imzaladığı Fərmana əsasən ölkədə dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməsi nəzərdə tutulub. Fərmanla Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib. Sənəddə həmçinin vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilsin və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilsin.
Ölkədə aparılan struktur islahatlarının davamı olaraq Prezident İlham Əliyevin imzaladığı növbəti Fərman aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındadır. Bəhs olunan Fərmanla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması qərara alınıb.
Prezident İlham Əliyev 14 yanvar 2018-ci il tarixində “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında müvafiq Fərman imzalayıb. Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınıb.
Azərbaycanın dövlət başçısı 17 yanvar 2019-cu il tarixində “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bundan başqa, son bir ildə Bakıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binası istifadəyə verilib. Habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi yaradılıb. Eyni zamanda, dövlətimizin başçısı tərəfindən Mədəniyyət Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərmanlar imzalanıb. Dövlətimizin başçısının Fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirmək, onun cəmiyyətə mümkün təsirlərini araşdırmaq, ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etmək mümkün olacaq.
Struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə cənab Prezidentdən xüsusi tapşırıqlar alıblar. Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin edilir.
Azərbaycanın məhkəmə-hüquq sistemində şəffaflıq daha da artacaq
Azərbaycan hüquqi dövlətdir və bu istiqamətdə aparılan islahatlar da ardıcıl səciyyə daşıyır. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən islahatlar bütövlükdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə, bu sahədə qabaqcıl dünya təcrübəsinin tətbiqinə geniş meydan verilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə, məhkəmələrə inamın artırılmasına və bu kimi digər məqsədlərə yönəldilib. Azərbaycanın dövlət başçısı son 15 ildə respublikamızda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsini hədəfləyən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” imzaladığı müvafiq Sərəncam hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi kimi fundamental məsələlərin ölkənin müasir inkişaf mərhələsində də dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini təsdiqləyir. Prezident İlham Əliyev ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı çox haqlı olaraq cəza siyasətinin humanistləşdirilməsi istiqamətində çox mühüm islahat kimi dəyərləndirilir. Qeyd etmək yerinə düşər ki, sənədin imzalandığı tarixdən ötən müddət ərzində istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb.
Ölkənin məhkəmə-hüquq sistemində islahatlar son bir ildə də intensiv şəkildə davam etdirilib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2019-cu il 3 aprel tarixində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan Fərman məhkəmələrdə şəffaflığın yüksək səviyyədə təmin olunmasına geniş imkanlar açacaq. Sənəddə respublikamızda məhkəmə-hüquq sisteminin işinin daha yüksək səviyyədə qurulması üçün qarşıya çox mühüm vəzifələr qoyulub. Fərmanda vurğulanır ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.
Prezident İlham Əliyevin “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli müvafiq Qanununun tətbiqi barədə 3 aprel 2019-cu il tarixində imzaladığı Fərman da böyük aktuallıq daşıyır. Bu Qanunun tətbiqi ilə Azərbaycanın məhkəmə sistemində əslində yeni bir mərhələ başlayır. Çünki indiyədək respublikamızda mübahisələrin alternativ üsulla həllinə şərait yaradan institut olmayıb.
Azərbaycanın “Doing Business 2019” hesabatında dünya üzrə 10 ən islahatçı ölkə siyahısına daxil edilməsi böyük nailiyyətdir
Son illərdə Azərbaycanda müşahidə edilən müsbət reallıqlardan biri də ondan ibarətdir ki, ölkədə iqtisadi fəallığın təmin olunmasında özəl bölmənin rolu getdikcə artır. Bu da ilk növbədə o amillə şərtlənir ki, respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən davamlı olaraq dəstək göstərilir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.
Özəl bölmənin perspektivdə də dəstəklənəcəyi həmçinin cənab İlham Əliyevin son prezident seçkiləri zamanı bəyan etdiyi vədlər sırasında yer alırdı. Prezident İlham Əliyev andiçmə mərasimində vurğulayıb ki, gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq.
Son bir ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində liberal iqtisadiyyatın inkişafına, özəl sektorun güclənməsinə yönələn islahatlar davam etdirilib. Ötən bir ildə sahibkarlara dəstək mexanizmi daha da təkmilləşdirilib. Dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Sənədə əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib.
Yeri gəlmişkən, Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən də özəl sektorun dəstəklənməsinə yönələn tədbirlər beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Bu baxımdan Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatı xüsusilə diqqətəlayiqdir. Azərbaycanın “Doing Business 2019” hesabatında dünya üzrə 10 ən islahatçı ölkə siyahısına daxil edilməsi böyük nailiyyətdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Azərbaycanda həyata keçirilən islahatların beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini məmnunluq hissi ilə nəzərə çatdıraraq deyib: “Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir”.
Yuxarıda da vurğulandığı kimi, bəhs olunan hesabatda Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Və yeni hesabatda Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hesabata əsasən, respublikamız dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31