
Aprelin 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar Bakıdakı Veloparkda “Az avtomobil - çox həyat” devizi altında veloyürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, veloyürüş Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və Dünya Səhiyyə Təşkilatının (DST) təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.
Məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək olan veloyürüşdə Gənclər və İdman Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Bakı Nəqliyyat Agentliyinin, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak ediblər.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, ətraf mühitin sağlamlaşdırılması, insanlara sağlam həyat tərzinin aşılanması məqsədi daşıyan veloyürüş ikinci dəfədir təşkil olunur. Belə aksiyaların davamlı olacağına inandığını deyən nazir müavini iştirakçılara nazirlik adından minnətdarlıq edib.
Sonra yürüşə start verilib.
Veloyürüşdə iştirak edən qurumlar diplomlarla təltif olunublar.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ekoloji cəhətdən təmiz nəqliyyat növü olan velosiped həm insanların, həm də təbiətin dostudur. “Velosiped sürmək sağlamlıqdır, eyni zamanda, atmosferi və ətraf mühiti təmiz saxlamaqdır, az tullantı isə saglam həyat üçün şərait deməkdir. Bizim də niyyətimiz odur ki, ölkəmizdə insanların sağlam həyatı üçün davamlı şərait olsun. İnsanlarımız sağlam, təbiətimiz və havamız təmiz olsun. Ağacəkmə aksiyaları, atmosferin və Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar atılan addımlar, plastik və polietilen məmulatların istifadəsinin azaldılması ilə bağlı tədbirlər də məhz bu məqsədə xidmət edir”.
Yürüş iştirakçılarından biri, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi veloyürüşü dəstəklədiklərini və onun önəmli təşəbbüs olduğunu qeyd edib. M.Ağayev, həmçinin bildirib ki, əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitinin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür: “Velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun - velosiped yollarının, zolaqlarının yaradılması agentliyin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib. Velosiped yollarının təşkili ilə bağlı bir neçə layihə üzərində iş aparılır. Müzakirə mərhələsində olan layihələrdən birində Bakı Olimpiya Stadionu ilə Böyükşor gölünün ətrafında 18 kilometrlik velosiped yolunun təşkili ilə bağlı məsələlər nəzərdən keçirilir. Eyni zamanda, şəhərin mərkəzini əhatə edən velosiped yol şəbəkəsinin tətbiqi istiqamətində təhlillər aparılır. Ümid edirəm ki, qarşıdakı illərdə Bakıda da velosiped yolları olacaq və əhali rahat şəkildə velosipeddən istifadə edəcək”.
Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı sağlamlıq üçün fiziki aktivliyin əhəmiyyətli olduğunu vurğulayaraq deyib: “Dünya Sağlamlıq Günü bir sıra ölkələrdə müxtəlif aksiya və kampaniyalarla qeyd edilir. Bakıda “Az avtomobil - çox həyat” devizi altında keçirilən veloyürüş sağlamlıq üçün aktiv həyat tərzinin, açıq havada gəzməyin vacibliyinə diqqət çəkmək məqsədi daşıyır”.
Aksiya iştirakçılarından olan İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib: “Bu gün biz iki əlamətdar günü birlikdə qeyd edirik. Belə ki, aprelin 6-sı Dünya Fiziki Aktivlik Günü, 7-si isə Dünya Sağlamlıq Günüdür. Velosiped sürmək fiziki aktivlik olmaqla yanaşı, sağlamlıq üçün faydalıdır. Belə ki, insanlar aktiv həyat tərzinə üstünlük verməklə qeyri-infeksion xəstəliklərdən özlərini qorumuş olurlar. Ümid edirəm ki, insanlar öz sağlamlıqlarına fikir verəcək və yalnız bu gün yox, hər zaman fiziki cəhətdən aktiv olacaqlar. Biz hər kəsi öz sağlamlığına nəzarət etməyə səsləyirik”.
Yürüşdə iştirak edən Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Mail Kərimov aksiyaya qoşulmaqdan məmnunluğunu dilə gətirib: “Yürüşdə iştirak etdiyim üçün çox sevinirəm. Çünki ətraf mühitin mühafizəsinə, sağlam həyat tərzinin təbliğinə yönəlmiş tədbirdə az da olsa töhfə verdim. Dünya Sağlamlıq Gününə həsr olunmuş bu aksiya təşviqat xarakteri daşıyır. Mən də gəncləri, öz həmyaşıdlarımı zərərli vərdişlərdən uzaq durmağa, idmanla məşğul olmağa və sağlamlıq üçün avtomobil sürməkdən daha çox piyada gəzməyə və velosipeddən istifadə etməyə səsləyirəm”.
- Oxunub: 4740 |
- Tarix: 09-04-2019 |
-
Çap et |