Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda özəl sektorda məhsul istehsalının həcmi əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda özəl sektorda məhsul istehsalının həcmi əhəmiyyətli dərəcədə artıb

04.04.2019 [09:23]

Ölkəmizdə sahibkarlığın güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin geniş tətbiqi istiqamətində mühüm addımlar atılır
Azərbaycanda qeyri-neft sektorunun üstün inkişafının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən birini ölkəmizdə liberal iqtisadiyyatın və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi təşkil edir. Son 15 ildə özəl bölmənin inkişafına dəstək siyasəti uğurla həyata keçirilib. Bunun məntiqi nəticəsidir ki, ölkədə liberal iqtisadiyyata transformasiya prosesi uğurla yekunlaşıb, özəl sektorda istehsal imkanları əhəmiyyətli dərəcədə genişlənib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, hazırda respublikamızda ümumi daxili məhsul istehsalında, məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin xüsusi çəkisi 70 faizi ötüb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Həmçinin Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Bəhs olunan dövrdə respublikamızda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,1 dəfə artıb.
“Sahibkarlara xidmət” və “Biznes inkubasiya” mərkəzlərinin fəaliyyətə başlaması bu istiqamətdə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına imkan verəcək
Ölkəmizdə sahibkarlığa dəstək tədbirləri çoxşaxəli olmaqla müxtəlif istiqamətləri əhatə edir. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və özəl sektorun iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkarlıq subyektinin layihəsinə 2,3 milyard manatlıq dövlətin güzəştli krediti verilməsi ölkə sahibkarlarının ən müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməsinə əhəmiyyətli töhfədir. Bu kreditlərin əsas hissəsi geri qaytarılan vəsaitlər hesabına təmin olunub ki, bu həm də onu deməyə əsas verir ki, sahibkarlar dövlətin yaratdığı bu imkandan uğurla bəhrələnirlər. Qeyd olunmalıdır ki, sahibkarlara dövlət dəstəyi tədbirləri yalnız güzəştli şərtlərlə kreditlərin verilməsi ilə məhdudlaşmır. Bununla yanaşı, sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsinin, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür. Həmçinin müasir texnologiyaların tətbiqi, dünya trendlərinin, elm və texnologiyaların inkişafının şərtləndirdiyi yeni təcrübələrin mənimsənilməsi istiqamətində də sahibkarlara dəstək göstərilir. Aprelin 2-də isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara xidmət” və “Biznes inkubasiya” mərkəzləri fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının uğurlu siyasəti nəticəsində iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının genişləndiyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, yeni yaradılmış mərkəzlər sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılmasında, kiçik və orta sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin daha geniş tətbiqində əhəmiyyətli olacaq.
Tədbirdə mərkəzlərin fəaliyyət istiqamətləri, sahibkarlara və startapçılara müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə göstərilən xidmətlər barədə məlumat verilib.
“Sahibkarlara xidmət” mərkəzində müasir informasiya-kommunikasiya imkanlarından istifadə etməklə sahibkarların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün hər cür şərait, o cümlədən “qaynar xətt” (012-310-23-00) yaradılıb. Mərkəz həmçinin hüquqi, iqtisadi və digər məlumatların toplanması, bazar konyunkturunun öyrənilməsi, müasir texnologiyaların və elmi-texniki yeniliklərin təbliği, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət göstərəcək.
“Biznes inkubasiya” mərkəzi vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımi şərait yaradılacaq.
Yanvar-fevral aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi 5 milyard dollardan çox olub
Ölkəmizdə liberal iqtisadiyyatın inkişaf etdirilməsi və sahibkarlığa dəstək göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın ixrac potensialının genişlənməsinə əsaslı töhfələr verir. Dövlət Statistika Komitəsindən verilən məlumatda əksini tapan rəqəmlər də bir daha bunu təsdiq edir. Belə ki, Komitənin məlumatında bildirilir ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 5 milyard 317 milyon 941 min ABŞ dolları olub. Ticarət əməliyyatlarının ümumi həcminin 2 milyard 165 milyon 811 min dolları idxalın, 3 milyard 152 milyon 129 min dolları isə ixracın payına düşüb.
Hesabat dövründə Azərbaycandan dünyanın ayrı-ayrı bölgələrinə ixrac olunan məhsulların həcminin də artması müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycandan MDB ölkələrinə 143 milyon 72 min ABŞ dollarlıq məhsul ixrac edilib. Sözügedən dövrdə Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2 milyard 201 milyon 173 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 66 milyon 804 min dollar çoxdur. Ötən iki ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 329 milyon 870 min dollar olub. Bu ilin yanvar-fevral aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Ötən iki ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Almaniya qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 187 milyon 392 min ABŞ dolları, Türkiyəyə 274 milyon 742 min dollar, Almaniyaya isə 240 milyon 647 min dollar dəyərindədir. Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 239 milyon 616 min dollar, Türkiyə ilə 471 milyon 377 min dollar, Rusiya ilə isə 340 milyon 512 min dollar təşkil edib.
Ayrı-ayrı məhsul adları üzrə də ixracın həcminin artdığı müşahidə olunub. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ilin ilk 2 ayında Azərbaycandan 55 min 427 ton kimya sənayesi məhsulları ixrac edilib. İxrac edilən kimya sənayesi məhsullarının dəyəri 12 milyon 598 min ABŞ dolları olub. Xatırladaq ki, 2018-ci ilin eyni dövründə ölkədən ixrac edilən 10 min 568 ton kimya məhsulunun dəyəri 6 milyon 623 min dollar təşkil edib. Sözügedən dövrdə ixrac olunan çayın həcmi də artaraq 228 ton təşkil edib. İxrac edilən çayın dəyəri 1 milyon 443 min ABŞ dolları təşkil edib. Həmçinin bu dövrdə ölkədən 79 min 114 ton meyvə-tərəvəz ixrac olunub. İxrac edilən meyvə-tərəvəzin dəyəri 75 milyon 972 min ABŞ dolları olub. Xatırladaq ki, yanvarda Azərbaycana dəyəri 58 milyon 418 min dollar olmaqla 57 min 273 ton meyvə-tərəvəz ixrac edilib. Eyni zamanda, bu ilin ilk iki ayında 70 min 70 ton meyvə-tərəvəz idxal olunub. İdxal edilən meyvə-tərəvəzin dəyəri 36 milyon 359 min dollar təşkil edib.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən 7,6 milyard manatlıq məhsul istehsal edilib
Ölkəmizdə sahibkarlığın yüksək inkişafını ifadə edən faktlardan biri də müxtəlif sahibkarlıq subyektləri tərəfindən istehsal olunan məhsulun həcminin əsaslı şəkildə artmasıdır. Bu müsbət dinamika cari ilin ilk ayı ərzində də davam edib. Xüsusilə, sənayedə fəaliyyət göstərən fərdi sahibkarlar cari ilə uğurla start veriblər. Bunun nəticəsidir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb. Sənaye məhsulunun 22,7 faizi emal sektorunda istehsal olunub. Bu sektorda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, mebel istehsalı 85,5 faiz, maşın və avadanlıqların istehsalı 80,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 64 faiz, içkilərin istehsalı 63,4 faiz, kağız və karton istehsalı 50,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 33,2 faiz, əczaçılıq məhsullarının istehsalı 26,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz, tikinti materiallarının istehsalı 12,8 faiz artıb.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin müvafiq dövründə içki istehsalında artım 63,4 faiz, qida məhsullarının istehsalında isə 23,2 faiz təşkil edib. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 12 dəfə, duru bitki yağlarının istehsalı 26,5 faiz, cem və marmeladların istehsalı 5,8 faiz, araq istehsalı 7,8 dəfə, alkoqolsuz içkilərin istehsalı 36 faiz artıb. Bu ilin iki ayında toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində isə 74,9 milyon manat dəyərində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə toxuculuq sənayesində 49,6 faiz artım, geyim istehsalında 27,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında isə 39,8 faiz azalma müşahidə olunub.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31