Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kəlbəcər rayonunun işğalından 26 il ötür

Kəlbəcər rayonunun işğalından 26 il ötür

02.04.2019 [09:36]

Ermənistanın təcavüzü nəticəsində Kəlbəcərdən 53340 nəfər qovulub, 511 nəfər dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb
Kəlbəcər rayonunun təcavüzkar Ermənistan tərəfindən işğal edilməsindən 26 il ötür. Xatırladaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.
1993-cü il aprelin 2-də işğal olunan rayon erməni silahlıları tərəfindən tamamilə dağıdıldı, əhalisi isə öz dədə-baba torpaqlarından didərgin salındı. Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.
1993-cü ilin qiymətlərinə görə, Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
Sirr deyil ki, hər zaman Azərbaycan xalqına, dövlətinə qarşı düşmən mövqedə dayanan, əsrlərlə tarixi torpaqlarımızı ələ keçirməyə səy göstərən ermənilər sovet imperiyasının rəhbərliyində təmsil olunan havadarlarının köməyi ilə 1988-ci ildə Dağlıq Qarabağda separatçı hərəkata başladılar. İlk olaraq, Ermənistanda yaşayan həmvətənlərimizin öz dədə-baba torpaqlarından qovulması ilə başlanan bu proses ikinci mərhələdə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalı ilə davam etdirildi. Həmin illərdə ermənilərin təxribatlar törətməsinə - yollarda pusqular quraraq dinc əhalini gülləbaran etməsinə, Ağdam-Kəlbəcər elektrik xəttini partladıb rayonu işıqsız qoymasına, Yevlax-Kəlbəcər magistral yolunu bağlamasına baxmayaraq, kəlbəcərlilər torpaqlarını qoruyurdular.
1992-ci ilin may ayında AXC-“Müsavat” cütlüyünün hakimiyyətə gəlməsi ilə ölkədə yaranan xaos, özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən Kəlbəcərdə bütün müdafiə planlarını alt-üst etdi, hərc-mərcliyin bünövrəsini qoydu. Ozamankı rəhbərlik Kəlbəcərin müdafiəsini təşkil etmək adı ilə, əslində, rayonun müdafiə sistemini dağıtmağa başladı. Orduda siyasiləşmə, yerli döyüşçülərin, könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Beş il düşmənlə mərdliklə vuruşan, bütün əzab-əziyyətə sinə gərən rayon əhalisi çıxılmaz vəziyyətdə qaldı. Bu arada isə Kəlbəcərin işğalına qədər Ağdaban faciəsi baş verdi. Belə ki, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, insanların doğma yurdundan didərgin salınması, XX əsrin ən qanlı terrorlarından biri - günahsız qocaların, körpə və qadınların güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi erməni separatçılarının dünya ictimaiyyətinin gözü qarşısında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamı idi.
Kəlbəcərin işğalının əsası isə 1993-cü il mart ayının 26-da qoyulub. Ermənilər Ağqaya tərəfdən Keçiliqaya, Zağalar, Çıraqlı kəndlərini yandırıb, Kəlbəcər-Tərtər magistralını bağlamağa cəhd göstəriblər. Basarkeçərlə Kəlbəcər arasında mühüm strateji sahə olan Qaraqaya yüksəkliyinin ələ keçirilməsi üçün düşmən 15-20 gün öncədən hazırlıq işləri aparırmış. Rayon sakinlərinin bildirdiyinə görə, kömək edilməməsi, AXC-“Müsavat” cütlüyünün səriştəsiz rəhbərliyinin xəyanəti, satqınlığı Kəlbəcəri məhv etdi. Beləliklə, işğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.
Qeyd edək ki, Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin ardından, yəni 1993-cü ilin aprelin 30-da BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalını pisləyən 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bölgədəki hərbi əməliyyatlara son vermək, erməni qoşunlarının Kəlbəcərdən və işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edilirdi. Vurğulamaq lazımdır ki, Kəlbəcərin işğalının ardından qəbul edilən bu Qətnamə BMT TŞ-nın sonradan Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul etdiyi qətnamələrin birincisi idi. Daha sonra qurum 1993-cü ilin 29 iyulunda 853, 1993-cü ilin oktyabrın 14-də 874, 1993-cü ilin 12 noyabrında isə 884 saylı qətnamələr də qəbul edib. Təssüfləndirici haldır ki, işğalçı ölkə hələ də bu qətnamələrdə qeyd edilən müddəaları və beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirmir.
Bununla belə, bu gün Dağlıq Qarabağın və ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli siyasət yürüdür. Eyni zamanda, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət həyata keçirilir. Artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır. Bu isə güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olduğunu göstərir. Bütün kəlbəcərlilər yaxın zamanda torpaqlarımızın işğaldan azad olunacağına inanır və öz yurd-yuvalarına qovuşacaqları günü səbirsizliklə gözləyirlər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30