
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev bayram münasibətilə qadınları təbrik edib. Bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır. Bu nailiyyətlərin əldə edilməsində Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var: “Bu gün QHT-lərdə çalışan həmkarlarımızın da bu sahənin inkişafında əməyi vardır. Elə bir sahə yoxdur ki, orada qadınlarımız işləməsin, problemin həlli ilə məşğul olmasın. Bu gün təxminən 5 mindən çox əməkdaşımız fəaliyyət göstərir ki, bunun da 40 faizini qadınlar təşkil edir. Bu, çox gözəl göstəricidir. Dövlət qurumlarında da çalışan qadınların sayı artmaqdadır. Bu baxımdan ümumi statistika onu deməyə əsas verir ki, qadınların ictimai-siyasi həyatdakı rolu və missiyası artan xətlə, sürətlə inkişaf etməkdədir”.
Millət vəkili qeyd edib ki, Ulu Öndərin müdrik ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və bu gün gender siyasəti dövlət siyasətinin tərkib hissəsidir: “Azərbaycanda qadın və ailə problemlərinin həlli, ana və uşaq sağlamlığının qorunması, uşaqların təhsili və tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qazanılmış uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Onun ölkə daxilində və beynəlxalq aləmdə humanist məqsədlərə xidmət edən çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının adını yüksəldir”.
Tədbir xanımlar üçün təşkil olunmuş musiqi proqramı ilə davam etdirilib.
MÜŞFİQƏ
- Oxunub: 5280 |
- Tarix: 07-03-2019 |
-
Çap et |