Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

06.03.2019 [09:46]

Martın 5-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ABŞ-ın ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri, Kabardino-Balkar Respublikasının müftisi, İmam Əbu-Hənifə adına Şimalı Qafqaz Universitetinin rektoru, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, dini konfessiya rəhbərləri, dövlət, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən danışıb. Bildirib ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi dinlə bağlı siyasətin lap başdan sağlam, düzgün istiqamətdə qurulmasıdır. Məhz Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə din sahəsində sabitlik əldə edilib, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və daha yüksək səviyyədə inkişafı istiqamətində böyük işlər görülüb, dini icmaların və ibadət ocaqlarının fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılıb. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli hazırda Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, əgər müstəqilliyimizin ilk illərində ölkəmiz dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada beynəlxalq təhlükəsizliyə ciddi təhdid olan dini və etnik zəmində baş verən qarşıdurmaların qarşısının alınmasında öz əməli fəaliyyəti ilə hərəkətverici qüvvəyə çevrilib.
2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladan Mübariz Qurbanlı bu addımların dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən xoşməramlı çağırış olduğunu qeyd edib. O, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə yüksək səviyyəli beynəlxalq konfranslar təşkil olunduğunu bildirib. Əlavə edib ki, bu cür konfransların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi yaradılıb.
Konfransda çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Dövlət-din münasibətlərinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub və hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib”, - deyə QMİ sədri vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir. Müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə, o cümlədən məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi məkandır. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bütün bu uğurlarımıza rəvac verən məqamlardandır. Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmayaraq bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam və inkişaf etdirir. QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyəti məhz bu mərama xidmət edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə dini mərkəz arasında əməkdaşlıq öz bəhrəsini verir. Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorizmin, islamofobiyanın, antisemitizmin, ekstremizmin və radikalizmin qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini qurumların liderlərinin birgə əməkdaşlığı vacibdir.
ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer bildirib ki, Azərbaycan dinlərarası və məzhəblərarası münasibətlərə görə bütün dövlətlərə nümunə ola bilər. Burada multikulturalizmin ən gözəl forması mövcuddur. Azərbaycanda yüz illər ərzində tolerantlıq, dini dözümlülük formalaşıb. Qeyd edib ki, Azərbaycan Prezidenti bu münasibətlərin qorunub saxlanılması üçün bütün səyləri göstərir. Bugünkü konfrans Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmaları arasında əlaqələrin qurulması və gələcək əməkdaşlığın daha da dərinləşməsi baxımından olduqca əhəmiyyətlidir. M.Şnayer Azərbaycanın multikultural və tolerantlıq sahəsindəki modelinin dünya ölkələri sırasında qabaqcıl yer tutduğunu vurğulayıb.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ölkəmizin dövlət-din münasibətləri sahəsində qazandığı uğurlardan danışıb. Bildirib ki, Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmini ölkə qanunvericiliyində əksini tapıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi ölkədə milli etiqad azadlığı ilə yanaşı, bütün din və məzhəblərin qanun qarşısında bərabər olması qeyd edilməlidir.
“Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Buna baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini icmaların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son dövrlərdə Bakıda və regionda çoxsaylı kilsə və məbədlər, yəhudi sinaqoqları əsaslı təmir edilib”, - deyə şöbə müdiri vurğulayıb.
E.Nəcəfov bildirib ki, Azərbaycanda tolerantlıq mühitinin daha da gücləndirilməsi daim dövlətin nəzarətində saxlanılır. Ölkəmizdə dini azadlığın yüksək səviyyədə təmin edilməsi, bütün dini məzhəblərin qanun qarşısında bərabər olması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasına səbəb olub.
Multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün Azərbaycan dünyada dialoq mərkəzinə çevrilib, sülh çağırışları edən ölkə imici qazanıb. Ölkəmiz dayanıqlı inkişaf məqsədlərinə yüksək səviyyədə əməl edir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində böyük uğurlara nail olub. Azərbaycan BMT qarşısında götürdüyü bütün öhdəliklərə ciddi şəkildə əməl edir. Ölkəmizdə etiqad azadlığı əsaslı şəkildə təmin edilib.
Milli Məclis sədrinin müavini deyib: “Azərbaycan insanların etnik mənsubiyyətindən, dini inancından, dünya görüşündən asılı olmayaraq vətəndaş cəmiyyəti quruculuğuna cəlb olunması və bərabər hüquqlarla təmin olunması istiqamətində müsəlman Şərqində ilk addımı atıb. Bu, bütün dünyanı, demokratik cəmiyyətləri hədəf götürən insanlığın nailiyyətidir. Bu gün dinlər və dini konfessiyalar arasında, xalqlar və dinlər arasında harmoniyanı, dialoqu və əməkdaşlığı əldə etmək üçün hamının bu dünyaya və taleyimizə cavabdeh olduğunu anlaması lazımdır”.
“İqls Vinqs” təşkilatının qurucusu və rəhbəri yepiskop Robert Störns ölkəmizin dinlərarası əməkdaşlığa verdiyi töhfələr barədə danışıb. R.Störns çıxışında Azərbaycandakı dinlərarası harmoniyanı, tolerantlığı, ölkəmizdə bütün dini bayramların xüsusi təmtəraqla qeyd edilməsini yüksək dəyərləndirib.
“Dini etiqad azadlığı yeganə hüquqlardandır ki, insan hüquqlarını sadaladıqda birinci yerdə olmalıdır”, - deyən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bu hüququn pozulması digər hüquqların da pozulmasına səbəb olur. S.Novruzov bildirib ki, Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir. “Dini etiqad azadlığı həm təbii, həm də konstitusiya ilə tənzimlənən yeganə hüquqdur. İnsan hüquqları arasında dini etiqad azadlığının xüsusi önəmi var. Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır. Ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin olunub. Əlbəttə ki, cəmiyyətlərin, ölkələrin dayanıqlı inkişafı üçün dövlət-din münasibətləri çox böyük əhəmiyyətə malikdir. Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə tənzimlənir”, - deyə parlamentin komitə sədri vurğulayıb.
Konfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda dinlərarası münasibətlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq vasitəsilə bəşəriyyəti yeni bir nizama gətirmək, ədalətli bir cəmiyyət qurmaq fikrinə daha çox istinad edilir. Bu nəzəriyyə dünyada özünü təsdiq etməkdədir.
İsa Həbibbəyli deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dialoq mühitinin formalaşması və möhkəmlənməsi istiqamətində aparılan iş Azərbaycanı multikultural və tolerant ölkə modeli səviyyəsinə qaldırıb. Azərbaycanda bütün dinlərin, təriqətlərin nümayəndələri tolerant bir mühitdə, dinc, yanaşı fəaliyyət göstərirlər. Bunun sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür”.
Komitə sədri qeyd edib ki, dinlərarası və sivilizasiyalararası münasibətlərin ayrı-ayrı aspektlərinin, təcrübələrinin və modellərinin belə konfranslar vasitəsilə beynəlxalq müstəvidə daha çox müzakirə olunması və tolerantlığın Azərbaycan modelinin örnək kimi dünya ölkələrinin nümayəndələrinə çatdırılmasının böyük əhəmiyyəti var.
Milli Məclisinin deputatı Mixail Zabelin Azərbaycanın çoxmillətli ölkə olduğunu bildirərək deyib ki, ölkədə müxtəlif din və dillərin nümayəndələrinə qayğı və həssas münasibət bəslənilir.
Milli Məclisin deputatı Yevda Abramov isə qeyd edib ki, bu gün dünyada dinlərarası və sivilizasiyalararası dialoqa böyük ehtiyacı var. Azərbaycanda tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub-saxlanılmasına həmişə xüsusi diqqət yetirilib. O, konfrans iştirakçılarının Azərbaycan həqiqətlərinin, tolerantlıq mühitinin təbliğatçılarına çevriləcəyinə əminliyini ifadə edib.
Rusiyanın Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Casayev çıxışında Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən bəhs edib. Bildirib ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya halları müşahidə olunur. Terrorizm, separatçılıq, dindən sui-istifadə halları artır. Bu cür hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modelinə və mədəniyyətlərarası dialoqa ciddi ehtiyac var. Azərbaycandakı tolerant mühit təkcə bölgədə deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Konfransın Braziliyadan, BƏƏ-dən, ABŞ-dan olan iştirakçıları Teofilo Key Hayaşi Marcelino, Benjamin Riçard, Adam Daniel Mesa çıxış edərək ölkəmizdəki multikultural dəyərlərdən, dinlərarası harmoniyadan və bu sahədə əldə edilən nailiyyətlərdən bəhs ediblər.
Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının rəhbəri Robert Mobili, Gürcü yəhudilərinin Bakı dini icmasının sədri Abiq Çaruxçev, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının pastoru Samir Sadıqov, Xilaskar Yevangelist Lüteranlarının Bakı dini icmasının sədri Vera Nesterova, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının rəhbəri Rasim Xəlilov çıxışlarında Azərbaycanda bütün dini konfessiya nümayəndələrinə yaradılan bərabərhüquqlu şəraitdən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs ediblər. Onlar Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsindəki təcrübəsinin bütün dünyada təbliğ və təşviq edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sülh, əməkdaşlıq naminə bir araya gələn ölkələr və dinlər arasında ünsiyyət platformasının daha da dərinləşdirilməsi istiqamətində müzakirələrlə başa çatan konfransdan sonra yerli və beynəlxalq mətbuat nümayəndələri üçün brifinq keçirilib, jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycanın tarixi-dini abidələrinin fotolarından ibarət sərgi təşkil olunub.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30