Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

15.02.2019 [09:22]

Ötən il bitkiçilik məhsullarının istehsalında 6,8 faiz artım müşahidə olunub
İnkişafına görə yerləşdiyi Cənubi Qafqaz regionunun iqtisadi lideri olan Azərbaycanda həyata keçirilən siyasət istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının uğurla icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Ümumiyyətlə, son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Regionların sosial-iqtisadi inkişafından söz açarkən, onu da qeyd etmək yerinə düşər ki, bu prosesdə dövlətlə yanaşı, özəl sektor da yaxından iştirak edir. Bu baxımdan, ötən müddət ərzində ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyi, öz növbəsində, regionların inkişafında da mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf siyasəti bütün sahələrdə müsbət göstəricilərin qeydə alınmasını şərtləndirib. İnkişaf göstəriciləri Azərbaycanın bölgələrini də əhatə edir, regionların tərəqqisi ardıcıl səciyyə daşıyır. Qeyd etdiyimiz kimi, regionlarin sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişilib, bütün sahələrdə mühüm inkişaf göstəriciləri əldə olunub. Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müxtəlif istiqamətlərdə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilir. Bölgələrdə aqrar sektorun inkişafı istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, müsbət nəticələr əldə olunur. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir: “Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək”.
Məhsuldarlığın artırılması istiqamətində işlər görüldüyünü vurğulayan dövlətimizin başçısı deyib: “Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi”.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meyvəçilik sahəsində görülən işlərə də diqqət çəkərək deyib: “Son vaxtlar badam və qoz bağlarının salınması geniş vüsət almışdır. Bu məhsullar da çox gəlirlidir və ixracyönümlüdür. Azərbaycanda badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Sahibkarlara məsləhət görürəm ki, bu işlə məşğul olsunlar”.
Qeyd edək ki, 2018-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 10 milyon manat təşkil edib. Bunun 3 milyard 824 milyon manatı heyvandarlıq, 3 milyard 186 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən il 2017-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb.
Dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrinin, o cümlədən qərzəkli meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da davamlı iş aparılır. 2018-ci ildə rayonda 40 hektarda yeni qoz bağları salınaraq mövcud bağların sahəsi 521,5 hektara çatdırılıb. Bu bağların 443 hektarı barverəndir. Keçən il qoz bağlarından 783,1 ton məhsul tədarük olunub. Qoz istehsalı əvvəlki illə müqayisədə 48 ton artıb.
Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də xurmaçılıqdır. Ötən il rayonun xurma bağlarından 5,5 min tondan çox məhsul yığılıb. Tədarük olunan xurma satış üçün daxili bazarla yanaşı, Rusiyaya da ixrac olunub. Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 386 hektardır. Bu bağların 336 hektarı barverəndir. Son illər rayonda 20 hektar sahədə yeni xurma bağları salınıb. Yeni bağlar salınarkən “Şişburun” xurma sortuna daha çox üstünlük verilir. Bazarlarda xurmanın bu sortuna tələbat yüksəkdir.
Göyçay rayonunda da meyvəçilik ildən-ilə yüksək inkişaf tempi əldə edir. Rayonda hazırda 6040 hektar meyvə bağı var. Bunun 3740 hektarı nar, 1470 hektarı xurma, qalanı isə heyva, alça, armud, gavalı və digər meyvə bağlarıdır. Hazırda meyvə bağlarına üzvi və mineral gübrələr verilərək ağacların dibi bellənir, budama işləri görülərək pestisidlərlə dərmanlama aparılır. Bu işlər Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin nəzarəti altında həyata keçirilir. Bağlara qulluq işləri hər yerdə, xüsusilə daha çox nar bağları olan Bığır, Alxasava, Qarabaqqal, Mirzəhüseynli, geniş xurma bağları olan Cəyirli, Potu, Çayarxı, Qızılağac və digər ərazi vahidlərində daha mütəşəkkil və keyfiyyətlə görülür.
Qeyd edək ki, bağçılıq təsərrüfatı Göyçay sakinlərinin əsas məşğuliyyət sahələrindəndir. 2018-ci ildə rayonda 35 min ton nar, 25,5 min ton xurma istehsal olunub. Son illər istehsal edilən məhsulların, xüsusilə nar və xurmanın xeyli hissəsi xarici bazarlara ixrac edilir. Keçən mövsümdəki xurmanın 90 faizdən çoxu, narın isə 30 faizi Rusiya, Ukrayna və digər ölkələrə göndərilib. Göyçay narına ölkəmizdə də tələbat az deyil.
Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan Dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun formalaşdırılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaradıb, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi muxtar respublikada əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası 2018-ci ildə də davam etdirilib. Belə ki, muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində 372 meyvə genefondu, Nehrəm meyvəçilik və üzümçülük istiqamətli sort-sınaq məntəqəsində 17 üzüm sortu fondu toplanıb. Həmin sortların çoxaldılaraq torpaq mülkiyyətçilərinə paylanması və yeni bağların salınması ilə əlaqədar işlər aparılıb.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik olan aborigen meyvə sortlarına dair tədqiqat işləri aparılıb. Muxtar respublika ərazisində becərilən heyva, gilas, albalı, ərik, gavalı, şaftalı, alça sort və formaları plana uyğun olaraq tədqiq edilib, yeni süfrə və texniki üzüm sort və formalarının biomorfoloji xüsusiyyətləri araşdırılıb.
Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri də müasir meliorasiya və irriqasiya sistemlərinin qurulmasıdır. Ötən il bu sahədə bir sıra tədbirlər görülüb, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Yaşıllıqların suvarılması üçün Şərur, Babək, Culfa, Şahbuz, Ordubad, Sədərək və Kəngərli rayonları ərazilərində müxtəlif diametrli borularla, ümumilikdə, 47 kilometr suvarma xətti çəkilib, mövcud suvarma xətləri təmir edilib.
Eləcə də meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişaf etdirilməsinə münbit şərait yaradan amillərdən biri də əldə olunan məhsulun soyuducu anbarlarda saxlanılmasıdır. 2018-ci ildə özəl investisiya qoyuluşu hesabına Babək rayonunun Nehrəm kəndində “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi tutumu 2500 ton olan yeni soyuducu anbarın tikintisi davam etdirilib. Şərur rayonunun Sərxanlı kəndində fiziki şəxs Vəli Zamanov və Cəlilkənddə fiziki şəxs Yaqub Tağıyev tərəfindən soyuducu anbarın genişləndirilməsi, Yuxarı Aralıq kəndində fiziki şəxs Asiman Ələkbərov tərəfindən 125 ton tutumu olan soyuducu anbarın quraşdırılması işləri davam etdirilib. 2018-ci ildə meyvə-tərəvəz məhsullarının tədarükü məqsədilə Şərur və Ordubad rayonlarında fəaliyyət göstərən 2 sahibkara 90 min manatlıq dövlət maliyyə dəstəyi göstərilib.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Müasir istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə Şərur rayonunun Maxta kəndində fiziki şəxs Zahid Musayev tərəfindən özəl investisiya hesabına sahəsi 1000 kvadratmetr olan müasir istixana təsərrüfatının yaradılması, dövlət maliyyə dəstəyi hesabına Arpaçay kəndində fiziki şəxs Abdulla Adıgözəlov tərəfindən istixana təsərrüfatının 4000 kvadratmetr genişləndirilməsi işləri başa çatdırılıb, Ələkli kəndində Etibar Seyidov tərəfindən 460 kvadratmetr sahəsi olan yeni istixana təsərrüfatının qurulması davam etdirilib.

(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30