Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir

Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir

14.02.2019 [10:03]

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Azay müəllim, YAP-ın Mərkəzi Qərargahında partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədovla QHT-lərin nümayəndələrinin görüşü keçirildi. Görüşdə hansı məsələlər müzakirə edildi və görüşün nəticələrini necə qiymətləndirirsiniz?
- İlk öncə onu qeyd edim ki, ölkənin aparıcı QHT-ləri ilə hakim partiyanın görüşləri və bu görüşlərdə ictimai əhəmiyyətli məsələlərin müzakirəsi yeni təcrübə deyil, biz əvvələr də bu formatda görüşlər keçirmiş, ən müxtəlif məsələləri açıq və səmimi ortamda müzakirə etmişik. Bu da təbiidir. Çünki hakim partiya üçün hər zaman ictimai rəy daşıyıcılarının və bütövlükdə ictimai sektorun ölkədə və beynəlxalq aləmdə baş verən bu və ya digər hadisələrə münasibəti maraqlı olub, QHT-lər üçün də hakim partiyanın ölkənin inkişafı, mövcud problemlərin həlli ilə bağlı atacağı addımları öyrənmək və bu istiqamətdə öz təkliflərini vermək xüsusi əhəmiyyət kəsb edib.
Bu dəfə də belə oldu. Bu görüşdə çox vacib və eyni zamanda, bir sıra problemli məsələləri müzakirə etdik. Ən çox müzakirə edilən məsələ sosial medianın hazırkı vəziyyəti, bəzi istifadəçilər tərəfindən sosial şəbəkələrdə insanların heysiyyatına və mənəviyyatına edilən açıq hücumlar, təhqir və “söyüş maşını”nın işə salınması və bundan doğan narahatlıqlar oldu. Təəssüf ki, bəzi hallarda sosial şəbəkələr mədəni ünsiyyət və kommunikasiya funksiyasını itirərək daha çox problemli insanların, özünü idarə edə bilməyənlərin, separatçıların, terrorçuların, qatillərin və bir sözlə, bütün dəyərləri və qanunları tapdalayan adamların tribunasına çevrilir.
Xalqların, millətlərin adət-ənənələri və mental dəyərləri nəzərə alınmır. Hamımız bilirik ki, söyüş söymək, xüsusilə ailə üzvlərini ağır söyüşlərlə təhqir etmək, alçaltmaq bizim xalq üçün ən ağır və heç vəchlə qəbul edilməyən və bağışlanmayan bir hərəkətdir, naqislikdir. Həm dinimiz, həm qanunlarımız, həm də beynəlxalq hüquq şəxsiyyətin alçaldılmasını yolverilməz hesab edir və buna görə cinayət məsuliyyətini nəzərdə tutur. Lakin buna baxmayaraq, bu kimi hallar hələ ki azalmır, belə hərəkətlərə qarşı hər hansı təsirli tədbirlər görülmür, sosial şəbəkələri yaradan şirkətlər də belə qanunsuzluqlara göz yummaqda davam edirlər.
- Azay müəllim, haqlı olaraq qeyd etdiniz ki, Azərbaycana qarşı “söyüş maşını” işə salınıbdır. Sizcə, bu “maşın”ı dayandırmaq mümkündürmü?
- Məncə, sizin sualınıza cavab verməmişdən öncə daha iki suala aydınlıq gətirmək lazımdır: Bu “söyüş maşını” niyə yaradılıb? Kimlər bu oyunda, yəni “söyüş maşını”nda iştirak edirlər? Bu suallara aydınlıq gətirəndən sonra onu necə dayandırmaq haqqında düşünmək olar.
Şübhəsiz ki, bu sualların hər biri dərin təhlil və əhatəli cavab tələb edir. Ancaq mən çalışacam hər üçü ilə bağlı qısa olaraq fikirlərimi bildirəm.
Birinci, “söyüş maşını” niyə yaradılıb?
Baxın görün “söyüş maşını” nə vaxt tam gücü ilə işə düşdü. Son iki ildə. 2015-ci ildə manatın devalvasiyasının şokundan dövlətimizin büdrəyəcəyini və müvazinətini itirəcəyini sevinclə gözləyən xaricdəki anti-Azərbaycan dairələr və daxildəki radikallar tam fərqli, onlar üçün gözlənilməz olan vəziyyətlə üz-üzə qaldılar. Belə ki, cənab Prezident İlham Əliyev vəziyyəti düzgün qiymətləndirdi və qətiyyətli addımlar atdı. Prezident İlham Əliyevin ən böyük uğuru o idi ki, ölkədə genişmiqyaslı islahatlara başladı. Nəticədə, Azərbaycan dünyanın ən 10 islahatçı ölkəsinə çevrildi, uzun müddət gözlədiyimiz məcburi tibbi sığortaya keçid haqqında qərar verildi, kənd təsərrüfatında, gömrük və vergi sistemində köklü dəyişikliklər başladı, sosial sahədə bir çox ciddi problemlər öz həllini tapdı, bir sözlə, mahiyyətcə yeni və modern Azərbaycan quruculuğuna başlanıldı. Ən vacibi isə, xalqımız cənab İlham Əliyevin bu xidmətlərinə görə böyük səs çoxluğu ilə Onu növbəti müddətə Azərbaycanın Prezidenti seçdi.
Belə bir vəziyyətdə Azərbaycanı istədikləri kimi idarə etmək arzusunda olan xarici güclər və onların daxildəki dəstəkçiləri əllərinin hər şeydən üzüldüyünü, indiyə kimi tətbiq etdikləri mexanizmlərin və üsulların işə yaramadıqlarını görüb yeni metodlar üzərində işləməyə başladılar.
Nə yolla olur olsun, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, təhlükəsizliyi təhdid etmək, dövlətimizin beynəlxalq imicini zədələmək və dövlət atributlarını və hakimiyyət nümayəndələrini gözdən salmaq üçün ən müxtəlif ssenarilər düşündülər.
Xalqımızın həssasiyyətini bildikləri üçün özlərinin ağlınca “effektiv” metod tapdılar. Bizi ən zəif yerimizdən vurmağa, ən çox önəm verdiyimiz mental dəyərlərimizə və milli xüsusiyyətlərimizə xaincəsinə hücum etməyə başladılar. Bunun üçün ən təsirli və eyni zamanda, çirkin mexanizm olan təhqir və “söyüş maşını”nı işə saldılar. Əsas hədəf isə bütün bu islahatların müəllifi, müstəqil dövlətimizin, milli təhlükəsizliyimizin, inişafın və rifahın qarantı olan ölkə Prezidenti cənab İlham Əliyev və Onun ailə üzvləri oldu. Məncə, “söyüş maşını” niyə yaradılıb sualının cavabını burada axtarmaq lazımdır.
İkinci, kimlər bu oyunda, yəni “söyüş maşını”nda iştirak edirlər?
Söyüş söyənləri təhlil edərək onları 3 qrupa bölmək olar:
1-ci qrup daha radikal qrupdur. Bu qrupa yuxarıda qeyd etdiyim anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, tam olaraq xaricdən maliyyələşən şəxslər daxildirlər. Bunlar üçün heç bir milli dəyərin və mental xüsusiyyətin əhəmiyyəti qalmamışdır. Bu qrupun “söyüş maşını”na “benzin” tökənlər arasında son zamanlar Azərbaycan dilini mükəmməl bilən ermənilər və Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları daha çox fəallıq mümayiş etdirirlər.
2-ci qrupa radikal siyasi müxalifətin üzvlərini aid etmək olar. Təəssüf ki, bu qrup marginallaşmış və öz aləmlərində guya siyasətlə məşğul olduqlarını zənn edənlərdir. Bunlar sivil siyasi mübarizə metodundan imtina edərək siyasətə söyüşü və təhqiri gətirmək istəyənlərdir. Bu qrup ölkədə baş verən bütün müsbət dəyişiklikləri və inkişafı inkar edir, nəyin bahasına olur olsun, hakimiyyətə gəlməyi qarşılarına məqsəd qoyublar. Ona görə də milli hisslərə və dəyərlərə məhəl qoymayaraq bütün dövlət və hakimiyyət nümayəndələrini ağır söyüşlərlə təhqir etməkdən, etik normaları ayaqlar altına atmaqdan çəkinmirlər.
3-cü qrupda isə hər hansı bir xüsusi səbəb və ya motivasiya olmadan, nə baş verdiyini, bəlkə də, tam anlamayıb ümumi axına düşüb gedənlər, siyasi proseslərdən uzaq olanlardır. Onların sayı və aktivliyi az olsa da, hərdən söyüş qrupuna dəstək verir və onların təsiri altında əxlaqsız ifadələr işlədərək insanları təhqir edirlər.
İndi isə sizin sualınıza cavab verməyə çalışım.
“Söyüş maşını”nı dayandırmaq mümkündürmü?
Bu sual ən çətin və ən mürəkkəb sualdır. Çünki bunun birmənalı şəkildə və tam uduşlu formatda cavabı bir az çətindir. Səbəb isə, qeyd etdiyim kimi, “söyüş”ün bir layihə olaraq Azərbaycanda icra olunması və onun arxasında duran qüvvələr və onların maliyyə imkanlarıdır. Lakin söyüş və təhqirin cəmiyyətimiz üçün yad element olduğunu, milli genetikamızın bu cür əxlaqsızlığı qəti olaraq rədd etdiyini nəzərə alaraq, bu bəlanı ciddi şəkildə azaltmaq və tədricən aradan qaldırmaq mümkündür.
Söyüş kampaniyasının “qaliblər”i radikal siyasi düşərgənin rəhbərliyi tərəfindən mükafatlandırılırlar
Məncə, bizim əsas hədəfimiz “söyüş maşını”nda iştirak edən 2-ci və 3-cü qrup olmalıdır. Çünki qeyd etdiyim 1-ci qrup itirilmiş və xalqdan qopmuş sayıldığına görə onlara baş qoşmağa dəyməz. Lakin digər iki qrup bu prosesdən çəkilsə, birincilərin varlığı o qədər hiss olunmaz və təsirləri azalar.
Bunun üçünsə ilk növbədə söyüşü siyasətə gətirməyə çalışanlar bundan imtina etməlidirlər. Bəzən isə tam əksini müşahidə edirik, sanki, “kim daha iyrənc və “kreativ” söyüş söyər?” yarışması keçirilir və radikal siyasi düşərgənin rəhbərliyi tərəfindən “qaliblər” mükafatlandırılırlar. Bu, çox təhlükəlidir və arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Cəmiyyət isə bunu ikrahla qarşılayır. Biz siyasətdə bir-birimizi xoşlamaya bilərik, opponentlik edə bilərik, tənqid edə bilərik, hətta nifrət də edə bilərik, lakin ailə, namus məsələsini siyasətə gətirmək ən böyük cinayətdir, əxlaqsızlıqdır.
Bunu edənlər anlamalıdırlar ki, istənilən söyüş aqressiya ilə qarşılanır və cavabı adekvatdır.
Biz isə bunu istəmirik. Bu baxımdan, “söyüş maşını”nın qarşısını ala bilməyən və başqa yol tapmayan bəzi siyasətçilərin əlacsızlıqdan məcbur qalaraq “söyüşə söyüşlə cavab verək” çağırışını anlasam da, onu doğru hesab etmirəm. Çünki təcrübə göstərdi ki, elə “söyüş maşını”nı icad eləyənlərə də tam bu lazımdır ki, durum daha da gərginləşsin və vəziyyət nəzarətdən çıxsın. Nəticədə qan tökülsün və ictimai-siyasi sabitlik pozulsun, siyasi mübarizə zorakılığa və qarşıdurmaya yönəldilsin. Bu, bir siyasi tələdir və hakimiyyət nümayəndələri bunu bildiyinə görə bu tələyə heç vaxt düşməzlər. Digər tərəfdən, xalqımız sivil və mədəni xalqdır, heç bir halda təhqir və söyüşü siyasi mübarizə metoduna çevirə bilmərik və çevirməməliyik.
Ona görə də siyasilər öz tərəfdarlarına müraciət etməli və söyüşlə, təhqirlə mübarizə aparmağın yolverilməz və təhlükəli olduğunu bəyan etməli, tərəfdarlarını belə bir hərəkət etməkdən çəkindirməli və bu işi nəzarətdə saxlamalıdırlar. Ehtiyac yaranarsa, bununla bağlı partiyalar arasında ayrıca bir görüş də təşkil etmək olar. Məncə, bu, “söyüş maşını”nı ciddi şəkildə zərərsizləşdirməyin ən doğru və ən təsirli yolu ola bilər.
İkinci yol isə hüquqi müstəvidə atılan addımlar ola bilər. Burada isə həm sosial şəbəkələrin, həm də söyüş söyənlərin qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyətə cəlb olunması müzakirə oluna bilər. Bundan başqa, təhqir və söyüş kontenti olan yazıları və şərhləri müvafiq qaydada şikayət edib onların silinməsinə və ya həmin şəxslərin profillərinin və səhifələrinin bağlanılmasına nail olmaq mümkündür.
- Azay müəllim, sizcə, QHT-lər bu istiqamətdə nə iş görə bilərlər?
- QHT-lərin bu cür həssas məsələlərin həllində rolu çox böyükdür. Biz bu görüşdə bu barədə ətraflı danışdıq. Onlar da hazırkı vəziyyətdən çox narahatdırlar. Görüşdə maraqlı təkliflər də səsləndirildi. Hesab edirəm ki, bütün QHT-lər çalışmalıdır ki, ölkəmiz və xalqımız əleyhinə aparılan bu çirkli oyunun pozulmasında, “söyüş maşını”nın durdurulmasında daha fəal olsunlar. Onların nüfuzu və ictimai çəkisi imkan verir ki, siyasi mövqeyindən və hansı partiyaya aid olmasından asılı olmayaraq, bu məsələyə münasibət bildirsin və bu biabırçılığın qarşısının tezliklə alınması istiqamətində təsirli tədbirlər görsünlər. İnanıram ki, bizim diqqətimizi əsas strateji hədəfdən yayındıraraq bu kimi mənasız işlərə yönləndirməyə cəhd edənlərə QHT-lər təkcə öz prinsipial mövqeləri ilə deyil, həm də dövlət və vətəndaş birliyini və həmrəyliyini daha da möhkəmləndirməklə də cavab verəcəklər.

Paylaş:
Baxılıb: 787 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30