Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İşğalçı ölkənin daha bir fiaskosu

İşğalçı ölkənin daha bir fiaskosu

13.11.2018 [09:25]

KTMT-nin Astana şəhərində keçirilən sammitində Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi
Məlum olduğu kimi, noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti keçirilib. Sammit işğalçı Ermənistan üçün fiasko ilə nəticələnib. Belə ki, KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Ermənistanın nümayəndəsi olan Yuriy Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilib. Qeyd edək ki, KTMT-nin prosedur və rotasiya qaydalarına, həmçinin əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşib. Yəni sammitdə Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilməyib. Sammitə ev sahibliyi edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev baş katib məsələsində müəyyən kolliziyanın baş verdiyini qeyd edərək rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirib. Nəticə etibarilə, Ermənistan üzv olduğu KTMT çərçivəsində də özünü tamamilə təcrid olunmuş vəziyyətə salıb. Bununla da, Ermənistan rəhbərliyi Yerevan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq saldığını və qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirib. Sammitin video yazılarında da Ermənistan nümayəndə heyətinin küskün şəkildə olması aydın şəkildə nəzərə çarpır.
Ümumiyyətlə, təsis olunmasından etibarən Ermənistan qədər KTMT-yə zərbə vuran ikinci bir dövlət olmayıb. Əksər ekspertlərin də vurğuladıqları kimi, KTMT-nin baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması təşkilatın nizamnaməsinə ən böyük hörmətsizlikdir. Həmçinin Ermənistan qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasətinə görə KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyil.
Sözügedən məsələyə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib ki, Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu. Onun sözlərinə görə, noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti sammitinə çoxlarının diqqəti yönəlmişdi. Gündəlikdə bir sıra məsələlərlə yanaşı, təşkilatın boşalan baş katib vəzifəsinə seçkilər də nəzərdə tutulmuşdu. Vəzifəni rotasiya ilə Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Ancaq öz ölkəsində onun adı ağır cinayətlərdə keçdiyinə görə təşkilat onu vəzifəsindən vaxtından əvvəl azad etməli oldu. “Ermənistan onun rotasiya müddətinə düşən və istifadə edilməmiş bir il müddətinə öz nümayəndəsini seçməyi təklif edirdi. Ancaq sammit başqa qərara gəldi. Ermənistanın bütün səylərinə baxmayaraq, növbəti erməni generalı baş katib ola bilmədi. Məsələnin həlli sonraya saxlanılsa da, əsas motiv bir ilə yeni baş katibin layiqincə işləyə bilməməsi oldu”, - deyən A.Mirzəzadə əlavə edib ki, Ermənistan beş müttəfiq dövləti öz arqumentinə inandıra bilmədi.
“Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı. Bu hadisə göstərdi ki, Ermənistanın beynəlxalq təşkilatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir. Bu, belə də olmalı idi. Əsas məsələ cinayətkar hakimiyyəti dəyişməkdən başqa, həm də onun siyasi xəttini dəyişməkdir. Ermənistan isə bunu etməyə çəkinir. Deməli, Ermənistanın ümummilli böhranı daha da dərinləşəcək”, - deyə millət vəkili vurğulayıb.
Milli Məclisin deputatı Elman Nəsirov da bildirib ki, KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, sammitdə təşkilatın baş katibi vəzifəsində olan Yuri Xaçaturovun azad edilməsi Ermənistanın 2020-ci ilə qədər bu təşkilatda söz sahibi olmaq niyyətini puç etdi: “Xaçaturov cəmi ilyarım bu vəzifəni tutdu və məqsəd o idi ki, növbəti ilyarım əzrində də Ermənistan təmsilçisi bu postda olmalı idi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə çıxış edərək bildirdi ki, həmin vəzifəni Ermənistan nümayəndəsi deyil, Belarus nümayəndəsi tutmalıdır. Yəqin ki, təşkilatın Sankt-Peterburqda keçirilən toplantısında bu məsələ öz həllini tapacaq. Bu sammit həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq KTMT öz nizamnaməsində dəyişiklik edir və həmin təşkilat yanında müşahidəçi dövlət statusu müəyyən edir. Yəni bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Bu fakt Ermənistanın növbəti məğlubiyyətidir və Ermənistan rəhbərliyi əmin oldu ki, Azərbaycanın hər zaman güvəndiyi KTMT-də də çox ciddi nüfuzu var”.
Bütün bunların çox önəmli hadisələr olduğunu deyən E.Nəsirov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistanın hər zaman təşkilatın imkan və potensialından istifadə etməklə Azərbaycanı hədələdiyinin də şahidi olmuşuq.
“Lakin bu son sammit bir daha göstərdi ki, Ermənistanın bu təşkilatla bağlı düşüncələri xülyadır. Reallıqda bu təşkilat çox istəyir ki, Azərbaycanla sıx əməkdaşlıq mühitində olsun. Bütün bunlar hamısı onu nümayiş etdirdi ki, Ermənistanın yeni rəhbərliyinin də Azərbaycana münasibətdə taktiki gedişləri heç bir nəticə vermir. Təşkilatın sammiti bir daha onu göstərdi ki, Azərbaycana hər yanda böyük hörmət, ehtiram var”, - deyə millət vəkili bildirib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 391 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31