Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mənalı və zəngin alim ömrü

Mənalı və zəngin alim ömrü

20.10.2018 [10:13]

Nəcəfov Maqsud Ağaqulu oğlu 1948-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında, indiki Ermənistan Respublikasının Sisian rayonunun Ağudi kəndində anadan olub. 1966-71-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində təhsil alıb, fərqlənmə ilə bitirib.
1972-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Diferensial və inteqral tənliklər” ixtisası üzrə aspiranturada əyani təhsil alıb. 1975-ci ildən “Ümumi riyaziyyat” kafedrasında, 1986-cı ildən “Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasında laborant, baş laborant kimi fəaliyyət göstərib, 1989-cu ildən “Həndəsə” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
1983-cü ildə “Sinqulyar həyəcanlanmış gecikən arqumentli adi diferensial tənliklər üçün optimal idarə məsələsi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.
1998-2001-ci illərdə ADPU Riyaziyyat fakültəsinin dekan müavini, 2001-ci ildən bu günə kimi həmin fakültənin dekanıdır.
1999-cu ildən bəri keçirilən 3 bələdiyyə seçkisində Xətai Bələdiyyəsinin üzvü seçilib, hazırda Xətai bələdiyyəsinin yerli sosial məsələlər daim komissiyasının sədridir.
“Maksimum və minimum məsələləri”-1999, “Analitik həndəsədən mühazirələr”-2013, “Ekstremum məsələləri”-2016, “Diferensial həndəsədən mühazirələr” 2016-cı illərdə çap olunmuş dərs vəsaitlərinin və 70-dən çox elmi-metodik məqalənin müəllifidir. Hazırda “Cəbr və həndəsə” kafedrasında “Analitik həndəsə”, “Həndəsə əsasları”, Diferensial həndəsə” fənlərini tədris edir.
20.04.2012-ci ildə “Silindrik və konik örtüklərin aeroelastik rəqslər və dayanıqlığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
Respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir. Ulu öndər Heydər Əliyevə müraciət edən “91” vətənpərvər ziyalıdan biri olub.
Təhsilin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı (2007-ci il) və “Əməkdar müəllim” fəxri adı ilə (2012) təltif olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfovun adı gələndə gözlərimiz önündə elm və idrak yolunun yorulmaz yolçusu, dərin bilikli, geniş erudisiyalı, yüksək intellektə sahib ziyalı, cəfakeş alim, peşəkar müəllim, gözəl övladlar böyütmüş qeyrətli ata, gül kimi nəvələri ilə sevinən nurani baba, əqidə yoldaşı, etibarlı sirdaş, ilqarı dürüst dost, dar günün dayağı qardaş... obrazlarının mükəmməl sintezi dayanır.
Maqsud müəllim bütöv, harmonik və koloritli şəxsiyyətdir. Mənəvi ucalıq, təbiilik, sadəlik və səmimiyyət onun əsas atributlarıdır. Onda süni şəkildə mənliyini uca tutmaq cəhdi yerli-dibli yoxdur, təkəbbür ondan çox uzaqdır. Lakin bütün hallarda mənliyini ləyaqəti ilə uca tutmağı bacarır. Ən eyforik məqamlarda, ən burulğanlı dəqiqələrdə belə öz təmkinini itirmir, fərdi xarakterinin üstünə kölgə salmır. Onun naturasında təbii proporsiya heç vaxt pozulmur. Maqsud müəllimdə, sözün həqiqi mənasında, bir uşaq səmimiliyi var, istənilən adamla ünsiyyəti mehribanlığa, doğmalığa çevirə bilir. Səmimi söhbətləri, mənalı danışığı estetik zövqə keçir, nitqində ana dilimizin zənginliyi, zərifliyi, intonasiya çalarları öz əksini tapır. Təbiidir ki, qazandığı nüfuzun arxasında əmək təşəbbüskarlığı, alın təri dayanır. O, özünü, sözünü, elmi istedadını həmişə arxa bildiyi zəhməti ilə sevdirib.
Maqsud müəllim yüksək mənəvi dəyərləri olan insandır. O, tutduğu vəzifələrin hamısında həmişə özünü, sözünü, fitri qabiliyyətini təsdiq etmişdir.
Maqsud müəllim peşəkar təhsil işçisidir. Müasirlik, hər cür novatorluğa, yeniliyə güclü meyil, təhsil, təlim prosesində yeniliklərin tətbiqi Maqsud müəllimin ən səciyyəvi həyat tərzidir. Sxolastik, şablon tərbiyə vasitələri ilə mücərrəd pedaqoji müddəa və düsturlarla müasir gəncliyin qəlbinə, ruhuna hakim kəsilməyin, onun mənəvi-psixoloji aləminə nüfuz etməyin mümkünsüzlüyünü dərindən dərk edən Maqsud müəllim ən sınanmış yolları xüsusi çevikliklə fəhm edir, bu prinsipləri həyatında, fəaliyyətində, düşüncə və təfəkkür tərzində daha aydın, daha parlaq şəkildə gerçəkləşdirir.
Elmimizin, mədəniyyətimizin, estetik dünyamızın daha mükəmməl zirvələrə qalxması, milli psixologiyamızın yad və zərərli elementlərdən təmizlənməsi, özünüdərk yollarında daxili-milli faktlara daha çox istinad etmək praktikası, müəyyən mənada milli təəssübkeşlik və mühafizəkarlıq - bütün bunlar onun fəaliyyətinin üstün cəhətləridir. Həmkarları, tələbələri Maqsud müəllimin elmi-pedaqoji irsindən, bugünkü fəaliyyətindən faydalanır, ona dərin hörmət və ehtiram bəsləyirlər.
Maqsud müəllim elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı geniş və əhatəli olan elm adamıdır. Onun “Sinqulyar həyəcanlanmış gecikən arqumentli adi diferensial tənliklər üçün optimal idarə məsələsinin həlli” mövzusunda (1983) namizədlik, “Silindrik və konik örtüklərin aeroelastik rəqsləri və dayanaqlılığı” mövzusunda (2012) doktorluq dissertasiyaları, çoxsaylı kitab və elmi məqalələri, Azərbaycandan kənarda keçirilən beynəlxalq elmi konfrans və simpoziumlardakı çıxışları yüksək professionallığı ilə seçilir və müəllifinin dərin elmi təfəkküründən xəbər verir. Maqsud Nəcəfovun elmi-pedaqoji fəaliyyəti əslində onun mənəvi dünyasının təzahürüdür. Maqsud müəllim üçün elmə, maarifə qulluq etmək öz enerjisini faydalı bir şəkildə sərf etmək, özünü də xalq üçün, doğma Azərbaycanımız üçün faydalı etmək prinsipidir. Bu zəngin mənəviyyatlı insan sanki fəal hərəkət üçün doğulub. İnsanlara bağlılıq, xeyirxahlıq, dinamizm onun yalnız insanlıq və vətəndaşlıq potensialı deyil, onun həyatının tərkib hissəsidir.
Maqsud müəllim ömrünü ithaf etdiyi elm sahəsinə, ünsiyyətdə olduğu insanlara bütün varlığı ilə bağlıdır. O, özünün alimlik həyatının, elmi fəaliyyətinin zirvəsindədir. O da var ki, alim ömrü üçün zirvələr çoxdur. Bu zirvələrdən biri qarlı-sazaqlı olanda, o biri güllü-çiçəkli, bahar nəfəsli olur, birinin bir yanı sıldırımlı qayalar əhatəsində olanda, o birinin dövrəsi əbədi meşəlik olur, çiçəkləri sayrışır, çeşmələri zümzümə edir. Alim-müəllim ömrünün zirvələri, eniş-yoxuşları isə əvəzedilməz bir aləm, fəlsəfi həyat yolu, yalnız uzaqdan baxanda bütün sehri, möcüzəsi görünən, qəlbimizi, ruhumuzu tərpədən xatirələr və xəzinələr səltənətidir.
Bəzən alim ömrünün sonsuz üfüqlərindən, poeziyasından, gözəlliklərindən danışarkən saxta, ritorik konsepsiyalar, şablon ifadələr bir-birini əvəz edir. Onun əsl insani həyatı, ömrünün bəşəri, fəlsəfi mündəricəsi, koloriti kölgədə qalır, sxematik cümlələr, soyuq və cansız rəqəmlər, faktlar arxasında şəxsiyyətin həqiqi obrazı görünmür. Maqsud Nəcəfov kimi alim-müəllim ömrünü bəzəyən acılı-şirinli xatirələrə, onun yorğun yolları, itirilmiş Zəngəzur iztirabları, doğma kəndi Ağudi nisgilləri, onun kədəri hansısa bir ötəri, xırda prinsipə qurban verilir, mahiyyət unudulur. Yaxşı ki, Maqsud Nəcəfovun alim ömrünün, müəllim həyatının özünəməxsus yanğıları vardır və bu gur yanğının şəfəqləri onun ömür və həyat səhifələrinə işıq saçır. Maqsud müəllimin ömür səhifələri onun 70 illik şərəfli, mənalı həyat və fəaliyyət yolunun əks-sədasıdır.
Mənalı zaman və zəngin həyat məktəbi keçmiş Maqsud müəllim, yuxarıda qeyd edildiyi kimi, müdrik el ağsaqqalıdır. O, ömrünün ən gözəl, ən çiçəkli illərini sosial qayğılara - həyatın, cəmiyyətin qayğılarına həsr etməkdədir.
Maqsud Nəcəfovun tərcümeyi-halı, keçdiyi həyat yolu adi insan ömrünün hüdudlarına sığsa da, bu yolda uğurla addımlayan alimin öz daxili dünyasından ayrılan cığırların hər biri işıqlı amala doğru can atır, elmin üfüqlərində birləşərək kamil bir pedaqoq şəxsiyyətinin rəmzinə çevrilir. Bunun birbaşa nəticəsidir ki, Maqsud müəllim 15 il rəhbərlik etdiyi riyaziyyat və informatika fakültəsinin dekanı kimi ağır zəhmətlərə qatlaşmış, zehnini, fikrini ən aktual, gərəkli problemlərin həllinə sərf etmiş, yorulmaq bilmədən öz fərdi alimlik və müəllimlik keyfiyyətlərini təsdiq etmiş, səriştəli təşkilatçı kimi nümunə rolunu oynaya bilmiş, ətrafında müsbət, təsirli rezonans yarada bilmişdir. Yeri gəlmişkən, xüsusi qeyd olunmağa layiqdir ki, Maqsud Nəcəfov Ümummilli liderimiz Heydər Əliyevə müraciət edən “91” vətənpərvər ziyalılarımızdandır. Hal-hazırda o, YAP ilk təşkilatının və Səbail rayon təskilatının idarə heyəti və siyasi şurasının da fəal üzvüdür. 1999-cu ildən o, Xətai rayon bələdiyyəsinin üzvü, sosial və ekologiya komissiyasının sədri vəzifəsinin öhdəsindən də bacarıqla gəlir.
Bütün fəaliyyəti boyu o, vətəndaş bir insan, istedadlı alim, fəal pedaqoq və ictimai xadim kimi real vəziyyətləri ön plana çəkmiş, riyaziyyat elminin vacib problemlərini nəzərə almış, gördükləri ilə məhdudlaşmamış, həmişə rasional zəhmət sferasına meyilli olmuşdur. Həssaslıq, bütöv cəmiyyət üçün, doğma evi bildiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi taleyi üçün məsuliyyət hissi, bütövlük onun alim-müəllim, vətəndaş simasının əsas cizgiləridir. İnanırıq ki, Maqsud müəllim riyaziyyatın aktual problemlərinə həsr olunmuş dərin məzmunlu yeni əsərləri ilə elmimizi daha da zənginləşdirəcək, təlim-tədris işlərindəki fəallıq onun həyatında çox müsbət və aparıcı rol oynayacaqdır.
Hüseynov Məhərrəm Abbasəli oğlu
filologiya üzrə elmlər
doktoru, professor

Paylaş:
Baxılıb: 359 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30