Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın regionlarında meyvəçiliyin inkişafına diqqət daha da artıb

Azərbaycanın regionlarında meyvəçiliyin inkişafına diqqət daha da artıb

20.10.2018 [10:09]

Cari il oktyabrın 11-də Quba rayonunda meyvəçilik istiqamətli daha bir müəssisə - “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malik zavodu işə salınıb
Son illərdə respublikanın bölgələrində qeyri-neft iqtisadiyyatının bir istiqaməti kimi aqrar sektorun inkişafına xüsusi diqqət göstərilir. Azərbaycan kənd təsərrüfatının potensialından səmərəli istifadə etməklə bir tərəfdən ərzaq məhsullarına olan daxili tələbatı sırf yerli istehsal hesabına ödəməyi, digər tərəfdən isə aqrar sektordan ixrac həcmlərini artırmaqla respublikaya əlavə valyuta axınını təmin etməyi hədəfləyib. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə malikdir.
Aqrar sektorun inkişafı ilə bağlı müəyyənləşdirilən bu kimi hədəflərə çatmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. O cümlədən iri təsərrüfatların, aqroparkların yaradılması dövlət tərəfindən dəstəklənərək güclü şəkildə təşviq edilir, gəlir imkanları və əmək tutumu yüksək olan istiqamətlərin inkişafı diqqət mərkəzində saxlanılır, fermerlərə subsidiyalar ayrılır, təsərrüfatların texnika, gübrə ilə təminatı gücləndirilir, hazır məhsulun alış qiyməti davamlı şəkildə artırılır. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə fermerlər torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azaddırlar.
Regionlarda aqrar sektorun inkişafı, bu sahədə istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. Cari ilin 9 ayında respublikamızda kənd təsərrüfatı 4,3 faiz artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Perspektiv inkişafla bağlı proqnozlar isə daha nikbindir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində kənd təsərrüfatında aparılan islahatların gələcəkdə daha yaxşı nəticələr əldə olunmasına imkan verəcəyinə əminliyini bildirərək vurğulayıb: “Kənd Təsərrüfatı Nazirliyi indi çox ciddi islahatlar aparır. Mənə məruzə edildi, mən bu islahatları dəstəklədim. Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik”.
Respublikamızda aqrar sektorda gəlirli sahələrdən olan meyvəçiliyin inkişafı da diqqət mərkəzində saxlanılır. Regionlarda meyvə bağlarının əraziləri genişləndirilir, keyfiyyətli məhsul əldə olunması üçün lazımi addımlar atılır. Məsələn, respublikamızın əsas meyvəçilik bölgəsi sayılan Quba-Xaçmaz iqtisadi rayonunda meyvəçilik istiqamətli bir neçə müəssisə yaradılıb. Quba-Xaçmaz iqtisadi rayonunda Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 376 milyon manat olan 2624 layihənin maliyyələşdirilməsinə 201 milyon manat güzəştli kredit verilib. Bu çərçivədə yaradılan müəssisələr xarici ölkələrə məhsul ixracına başlayıb. Belə ki, Xaçmazdakı fındıq emalı zavodu ötən il 2 milyon dollar dəyərində fındıq, Logistika Mərkəzi və meyvə emalı zavodu 500 min dollar dəyərində quru meyvə, Qusarda Regional Logistika Mərkəzi isə 6,2 milyon dollarlıq meyvə ixrac edib. Keçən il 186,4 min hektar meyvə bağından ümumilikdə 955 min ton meyvə istehsal olunub. Məhsulun 29 faizi əsasən Rusiya, Ukrayna, İtaliya, İsveçrə və Almaniya olmaqla, xarici bazarlara ixrac edilib. Ötən il Quba-Xaçmaz iqtisadi rayonu üzrə 263,3 min ton meyvə yığılıb ki, bunun 125,2 min tonu Qubanın payına düşür.
Quba rayonunun təsərrüfatlarında son dövrlər gavalı yetişdirilməsi işi daha da genişləndirilib. Vurğulamaq lazımdır ki, gavalı qulluq tələb edən meyvədir və ağacların budanmasına xüsusi diqqət yetirilməlidir. Təsərrüfatlardakı bağlarda damcı üsulu ilə suvarma sistemi qurulub. Bu üsul ağacların su ilə təmin olunması üçün ən səmərəli vasitədir. Qubanın Dəlləkli kənd sakini, fermer Roman Əhmədov deyib ki, son illər Quba rayonunda gavalı bağlarının salınmasına maraq artıb. Yeni salınan meyvə bağlarında alma, şaftalı, fındıqla yanaşı, gavalı da xüsusi yer tutur. Roman Əhmədov bağların becərilməsində mütərəqqi üsullardan və müasir texnologiyadan istifadə edildiyini deyib. “Ağacların gübrələnməsini də yeni üsulla həyata keçiririk. Belə ki, gübrə əvvəlcə suya qatılır və damcı üsulu ilə su ilə birlikdə ağaclara verilir. Bu qayda məhsuldarlığın artmasına müsbət təsir göstərir”, - deyə fermer qeyd edib.
Vurğulanmalıdır ki, Quba bağlarında daha məhsuldar yeni sort gavalı becərilir. Belə gavalı sortlarından “Kiyev”, “Angelina”, “Prezident” kimi məhsuldar olanları xüsusilə seçilir. Əkilən bu sortlar yetişmə dövrü ilə də fərqlidir. Bu interval yığım zamanı işin tənzimlənməsinə də kömək göstərir. Yetişdirilən gavalı həm də xarici bazarlara çıxarılır. Qeyd edək ki, hazırda Quba rayonunda 400 hektara yaxın gavalı bağı var. Bu bağların böyük hissəsi bar verir. Bu il gavalı bağlarından 2 min 300 tona yaxın məhsul əldə olunub.
Bağında Yaponiyadan gətirilən alma sortları becərən qubalı bağban Ramiz Kərimov isə bu il təsərrüfatından 25 ton məhsul əldə edib. Rayonun Birinci Nügədi kəndindən olan sahibkar 12 ildir yapon alma sortları becərir. Ömrünün 50 ilindən çoxunu bağçılıqla məşğul olan Ramiz Kərimovun bir hektara yaxın meyvə bağında 900-dək yeni sort alma ağacı var. Bu alma ağaclarının əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən “Fuci”, “Sakuray” və “Ramzes” sortlarıdır. Təsərrüfatçı bu il yapon alma sortlarından bol məhsul əldə edib.
“Yapon alması dünyada ən bahalı almalardan sayılır. Azərbaycanda bu almaların qiyməti yerli məhsulun qiymətindən fərqlidir. Digər almaların kilosu bir manatdan aşağı olsa da, mən yapon almasının kiloqramını 1,5-2 manata satıram. Müştəri sarıdan da korluq çəkmirəm. Bu almaları almaq istəyən çoxdur. Çox dadlı almadır. Ətirli və şirəlidir. Soyuducu anbara qoyulmadan da mart-aprel aylarınadək xarab olmadan qalır”, - deyə təcrübəli bağban deyib.
2006-cı ildən yaponiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparan Ramiz Kərimov Uzaq Şərq ölkəsində becərilən məhsuldar alma sortlarının tinglərini əldə edib. Həmin tingləri bağında əkərək calaq vasitəsilə çoxaldan bağban yetişən məhsulun yerli almalardan xeyli fərqləndiyinin şahidi olub. Qubanın hava şəraitinə tamamilə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən fərqlənir. Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı daha davamlıdır.
“Məndən gəlib bu alma sortunun tinglərini istəyirlər. Hamıya verirəm ki, qoy yayılsın. Dözümlü ağacdır. Alma bağına yalnız üzvi gübrələr verirəm. Dərmanlamanı da yapon mütəxəssislərin təklif etdiyi xüsusi üsulla həyata keçirirəm. Yapon alma sortları ilə yanaşı, oradan gətirilən şaftalı və tərəvəz sortlarını da yetişdirirəm”, - deyə R.Kərimov bildirib.
Yeri gəlmişkən, Quba rayonunda oktyabrın 11-də “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu da istifadəyə verilib. Vurğulayaq ki, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Əhalidən tədarük edilmiş meyvələr, ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. Sobada hər bir meyvə növünün xüsusiyyətləri nəzərə alınaraq onlar üçün proqramlaşdırılmış xüsusi rejimdə qurutma prosesi həyata keçirilir. Müəssisədə tələbata uyğun olaraq əsasən alma, armud, gavalı, ərik, üzüm və alça quruları, həmçinin alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.
Müəssisənin xammala tələbatının davamlı olaraq ödənilməsinin təmin edilməsi məqsədilə növbəti mərhələdə tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud istehsal gücünün 2 dəfə artırılması, cem və mürəbbə istehsalının təşkili nəzərdə tutulur. Ümumi dəyəri 3,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılıb və bu layihəyə investisiya təşviqi sənədi verilib. İlkin mərhələ üzrə müəssisədə ildə təqribən 2,6 milyon manat dəyərində və ya 1,3 min ton məhsul istehsalı nəzərdə tutulur.
Regionlarda belə emal müəssisəsinin yaradılması dünyanın qabaqcıl texnologiya və təcrübələrinin tətbiqinə, kənd təsərrüfatında ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalına, yeni meyvə bağlarının salınmasına, eləcə də ixracın həcminin çoxalmasına və coğrafiyasının genişləndirilməsinə nail olunması ilə yanaşı, məşğulluğun artırılmasına da səbəb olacaq. Bu layihənin icrası nəticəsində 38 nəfər daimi işlə təmin edilib.
Astara rayonunda isə artıq bir neçə gündür ki, sitrus meyvə bağlarında feyxoa yığımına başlanılıb. Bu il yay mövsümündə havaların quraq keçməsi sitrus meyvə bağlarında məhsul istehsalına da təsir edib. Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, suvarma ilə bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq, məhsuldarlıq aşağıdır. Səbəb isə yay aylarında sitrus bitkiləri üçün əlverişli sayılmayan quraq havanın hökm sürməsi olub. Bu isə özünü feyxoanın qiymətində də göstərib. Feyxoa bağlarında məhsul yığımı noyabrın ortalarına qədər davam edəcək. Qeyd edək ki, ötən il Astaranın 683,1 hektar feyxoa bağlarında 4466,4 ton məhsul yığılıb.

Kürdəmir rayonunda cari ilin doqquz ayında ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artaraq 295 milyon 350 min 800 manat təşkil edib. Məhsul buraxılışının 71,2 faizi istehsal sahələrinin, o cümlədən 50,9 faizi kənd təsərrüfatının payına düşüb. Rayonda 28 hektaradək sahədə istixana təsərrüfatları yaradılıb, bu təsərrüfatlarda yetişdirilən 650 tondan çox xiyar və pomidorun bir hissəsi isə ixrac edilib.
Rayonda eləcə də nar yığımına başlanıb və bağlardan qısa vaxtda 18 min 431 ton məhsul dərilib. Yığılan məhsulun əsas hissəsi xarici bazarlara, xüsusilə Rusiyaya və Baltik ölkələrinə yola salınır. Bölgədə kənd təsərrüfatının bitkiçilik sahəsində bağçılıq məhsullarının istehsalı xüsusi çəkiyə malikdir və nar əsas ixrac məhsullarından biri kimi sahibkarların böyük əhəmiyyət verdikləri məhsuldur. Təsadüfi deyildir ki, artıq nar bağlarının sahəsi 3422 hektara çatıb. Bu, meyvə bağlarının 86 faizini təşkil edir. Sığırlı, Karrar, Axtaçı, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində narçılıq əsas gəlir gətirən məşğuliyyət sahəsinə çevrilib. Son illər nar bağlarının intensiv üsulla salınmasına daha çox üstünlük verilir. Mövcud bağların 1500 hektarı və ya 44 faizi məhz bu üsulla salınıb. Bu cür bağlardan daha çox və keyfiyyətli məhsul götürülür.
Kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artıraraq ölkəmizin ərzaq təhlükəsizliyinə töhfələr verən təsərrüfatlardan biri də Füzuli rayonunda fəaliyyət göstərən “Mil-Qarabağ LTD” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 2006-cı ildə yaradılan təsərrüfatda üzüm, nar bağları salınıb, eyni zamanda, pambıq, şəkər çuğunduru və taxıl istehsal edilir. 400 hektar ərazisi olan təsərrüfatın 98 hektarını üzüm bağı, 4 hektarını isə nar bağı təşkil edir. Əsasən texniki üzüm sortlarının becərildiyi bağda istehsal olunan məhsul şərab emalı müəssisələrinə verilir. Artıq təsərrüfatda üzüm yığımı başa çatıb və 500 ton məhsul istehsal edilib.
Hazırda nar bağlarında məhsul yığımı davam edir. Göyçaydan gətirilərək əkilən nar ağaclarının meyvəsi görünüşünə və dadına görə heç də məşhur Göyçay narından geri qalmır. Bu il bağdan 20 tondan artıq məhsul istehsal ediləcəyi gözlənilir. Yığılan meyvələr həm bazarlarda satışa çıxarılır, həm də emal müəssisələrinə verilir.
Qəbələ rayonunun üzümçülük təsərrüfatlarında məhsul yığımı davam edir. Fermerlər indiyədək üzüm plantasiyalarından 1800 ton məhsul tədarük ediblər. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, son illər Qəbələ rayonunda bu sahənin inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən ardıcıl işlər görülür. Təkcə son iki ildə fermerlər tərəfindən rayon ərazisində 17 hektar sahədə yeni üzüm bağları salınıb. Hazırda rayonda 421 hektar barverən üzüm bağı mövcuddur.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da aqrar sektorun digər sahələri ilə yanaşı, bağçılıq da inkişaf etdirilir, ixracyönümlü müasir təsərrüfatlar yaradılır. Rayonun Xoruzlu kəndində “Aqropat” MMC tərəfindən intensiv meyvə bağlarının salınmasında da məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etməkdir.
İntensiv bağ salınarkən İspaniya və Hollandiyadan dəvət olunmuş mütəxəssislərin tövsiyələri nəzərə alınıb, rayonun beşillik iqlim şəraiti nəzərdən keçirilib. Araşdırmalar nəticəsində Tərtər rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin, həmçinin məhsuldar torpaqların mövcud olduğu qənaətinə gəlinib.
Fevral ayında 140 hektar ərazisi olan təsərrüfatın 80 hektarında İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şaftalı tingləri müasir texnologiyalar əsasında əkilib. Müqaviləyə əsasən, tinglərin alındığı şirkətlər beş il ərzində ağaclara nəzarət edəcəklər. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, hər hektardan 10 ton təmizlənmiş badam, 40 ton şaftalı, 50 tona yaxın armud, 45 ton alma, 40 ton xurma, 25 ton ərik götürmək mümkündür. Bu il əkilməsinə baxmayaraq, artıq meyvə ağacları ilk barını verib.
Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 11 min ədəd şam ağacı əkilib. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağın daxilindəki yollara çınqıl tökülərək hamarlanıb. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə filtirlərə, sonra isə bağa verilir. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistem olmaqla, damlama üsulu ilə həyata keçirilir.
Hazırda meyvə bağında ağaclara payız qulluğu olunur. Aqronom Asif Zeynalov deyib ki, bağda yaşıl budama işləri ilə yanaşı, ağaclara forma verilməsinə xüsusi diqqət yetirilir. Meyvə ağacına forma verilməsində əsas məqsəd onu barvermə dövrünə keçməyə məcbur etmək və hər il yüksək məhsul götürməyə nail olmaqdır. Bunun üçün ağacların budaqları əyilərək, lentlə qarğılara bağlanır. Ağacların suvarılmasının damcı üsulu ilə həyata keçirilməsi isə onların inkişafını və məhsuldarlığını artırır.
Tərtər rayonunda yaradılan intensiv bağçılıq təsərrüfatında 30 nəfər daimi, 150 nəfər isə mövsümi işlərə cəlb olunub. Hazırda bağın genişləndirilməsi davam edir. 40 hektarda meyvə bağının salınması üçün beton dirəklər basdırılır. Gələcəkdə məhsulun yığılması üçün plastik qablar istehsal edilməsi və soyuducu anbarın inşası da nəzərdə tutulur.
Qeyd edək ki, meyvəçiliyin bir qolu olan tingçiliyin inkişafına da ölkəmizdə son dövrlərdə xüsusi diqqət ayrılır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda il ərzində ümumilikdə 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq. Bununla yanaşı, hazırda bir sıra fərdi sahibkarlarla özəl biotexnologiya laboratoriyalarının yaradılması istiqamətində də danışıqlar aparılır. 3-4 belə mərkəz qurularsa, Azərbaycana ting idxalının qarşısını tam almaq mümkün olacaq.
Laboratoriyada çalışan əməkdaşlar Belarus və Türkiyədə biotexnologiya üzrə təcrübə keçiblər. Hazırda laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Biotexnologiya laboratoriyasında bir tumurcuqdan 105-107 yeni bitki alınır. Laboratoriyanın əməkdaşları 17 bitkinin mikroklonal üsulla çoxaldılmasını mənimsəyiblər. Yaxın gələcəkdə belaruslu və türkiyəli mütəxəssislərlə birgə əməkdaşlıq sayəsində fındıq, qoz və başqa meyvələrin də yeni üsulla artırılmasına başlanılacaq.
Biotexnologiya laboratoriyasının beynəlxalq standartlara cavab verən avtomatik işıqlandırma, suvarma, havalandırma sistemləri ilə təmin edilmiş istixanası da quraşdırılıb. Qarşıdakı iki-üç il ərzində isə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda gen mühəndisliyi sahəsində mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Bunun üçün bitkilərin molekulyar pasportları hazırlanmalı, yeni seleksiya metodları tətbiq olunmalıdır.
Ümumiyyətlə, Azərbaycanda meyvəçilikdə əsas problemlərdən biri də modern tingçiliyin zəif inkişaf etməsidir. Ölkəmizdə il ərzində 2 milyondan çox klassik ting istehsal olunur. Bu tinglər müasir tələblərə tam cavab vermir. 2016-cı ildən başlayaraq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik təsərrüfatında calaqaltıları xaricdən (əsasən Türkiyədən) gətirilməklə ildə 700 minə yaxın modern ting istehsal edilir. Bu tinglərin əsas üstünlüyü ondadır ki, köhnə üsulla becərilən tinglərdən daha tez məhsul verməyə başlayır. Məsələn, əvvəllər gilas ağacı əkildikdən 7-8 il sonra bar verirdisə, modern tinglər dördüncü il məhsula düşür. Bundan başqa, institutdakı tingçilik təsərrüfatına “garnim” adlanan yeni növ calaqaltılar gətirilib ki, bu da badam, şaftalı, ərik tinglərini yetişdirmək üçün çox əlverişlidir.
Qeyd olunmalıdır ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncamına əsasən institutun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib. Əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 50 hektar ərazisində 2017-2018-ci illərdə müasir və məhsuldar meyvə bağları salınıb. Almaniyanın Meyvə və Bitkilərin Seleksiyası Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Akademiyası, İngiltərənin “Meosis” Elmi-Tədqiqat Şirkəti, İspaniyanın “Viveros-veron” Tingçilik və Tədqiqat Şirkəti ilə əlaqələr quran Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Çinin “Anxoy” Aqrar Universiteti və Fransanın meyvəçiliklə məşğul olan “Luare” Kənd Təsərrüfatı Palatası ilə də geniş əməkdaşlıq həyata keçirir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də institutun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 742 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30