Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda pambıqçılığın inkişafı üçün böyük potensial var

Azərbaycanda pambıqçılığın inkişafı üçün böyük potensial var

12.10.2018 [08:54]

Bu sahədə məhsuldarlığın daha da artırılması məqsədilə dövlət tərəfindən fermerlərə hərtərəfli dəstək göstərilir
Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu siyasət öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatında innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi, ixracyönümlü məhsul istehsalının təşviq edilməsi, azad sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməsi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və gübrələrlə təminatın gücləndirilməsi, bölgələrdə dövlət vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi son nəticədə respublikamızda aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasını təmin edib.
Son illərdə bütün ölkə üzrə aqrar sektorun inkişafından söhbət açarkən pambıqçılıq sahəsində əldə olunan uğurları da xüsusi qeyd edə bilərik. Azərbaycanın bir sıra bölgələri üçün ənənəvi təsərrüfatçılıq sahələrindən olan pambıqçılıqda torpaq mülkiyyətçilərinin gəlir imkanları kifayət qədər böyükdür. Bu məhsulun satışı ilə bağlı hər hansı bir problem yoxdur. Dünya bazarlarında pambıq birjalarda satılır və istehsalçı ölkələrə böyük həcmlərdə valyuta qazandırır. Azərbaycan da Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda pambıqçılıq sahəsində ənənələri dirçəltməklə yeni iqtisadi şəraitdə ölkədən qeyri-neft məhsullarının ixracının genişləndirilməsini hədəfləyib.
Məlumat üçün bildirək ki, artıq sentyabrın əvvəlindən bölgələrdə kütləvi surətdə pambıq yığımına başlanıb. Və pambığın alış qiymətinin artırılması fermerlərdə bu sahəyə marağı daha da artırıb. Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən pambıq istehsalı ilə məşğul olan fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, onların maddi rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib. Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.
Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılması barədə razılıq əldə edilib. Bütün bunlar isə pambıqçılığın inkişafının dövlətin, xüsusilə də Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.
Yeri gəlmişkən, oktyabrın 9-da keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Dövlətimizin başçısı deyib: “2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük edilmişdir, - 2015-ci ili mən demirəm, o illərdə, ümumiyyətlə, məhsuldarlıq çox aşağı idi, - keçən il 207 min ton, yəni 2 dəfədən çox. Bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur. Yəni artım dinamikası çox müsbətdir. Onu da qeyd etməliyəm ki, hazırda ölkəmizdə pambıqçılıqda 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz pambığın alış qiymətini bir neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar. Bu gün 190 min insanın işi var”.
Bu sahədə müasir texnologiyaların, elmi yanaşmanın tətbiq olunduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, məhsuldarlığı böyük dərəcədə artıra bilərik: “Məhsuldarlıq hektardan minimum 20 sentner olmalıdır. Ancaq indi biz bilirik ki, müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da artır. Mən rəqəm səsləndirmək istəmirəm, ancaq hesab edirəm ki, burada inkişaf üçün çox böyük potensial var”.
Bu məqamda bildirmək yerinə düşər ki, hazırda respublikamızın bölgələrində pambıq yığımı sürətlə davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox məhsul istehsal edən Saatlı rayonunun “ağ qızıl” ustaları bu il də yığımda öndə gedirlər. Verilən məlumatlara görə, hər gün sahələrdən 750-800 ton məhsul yığılır. Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il rayonda 2933 istehsalçı dörd şirkətlə müqavilə bağlayaraq, 2939 nəfər isə fərdi qaydada 15 min 815 hektar sahədə pambıq əkib. Məhsul istehsalçılarına göstərilən hərtərəfli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul toplanışına vaxtında başlayan pambıqçılar indiyə qədər sahələrdən 13 min 507 ton məhsul yığıblar. Tədarük olunan pambığın 9 min 50 tonu maşınlarla, 4 min 456 tonu isə əllə toplanıb. Yığılmış məhsulun 85-90 faizi birinci növ olub.
Saatlıda pambıq əkini ilə məşğul olan qabaqcıl fermerlər çoxdur. Onlardan biri də Əhmədbəyli kəndində fəaliyyət göstərən “Zəhmət” Kəndli Fermer Təsərrüfatının rəhbəri Cəlil Süleymanovdur. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul olur və hər il də yüksək məhsuldarlığa nail olur. Sahibkarın sahəsində bu il də pambıq çoxdur. Fermer indiyədək əkdiyi 80 hektar sahənin 60 hektarının məhsulunu maşınlarla toplayıb. “Yığım apardığım sahənin hər hektarından 25 sentnerdən çox məhsul götürmüşəm. Hələ sahədə pambıq çoxdur. Bu mövsüm plantasiyadan 200 tona yaxın pambıq götürəcəyimə əminəm. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dəstək bu sahə ilə məşğul olan fermerlərin pambıq əkininə olan marağını daha da artırıb. Pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması onlarda ruh yüksəkliyi yaradıb. Bundan həvəslənən əkinçilər gələcəkdə daha çox məhsul istehsal etmək üçün indidən imkanlarını nəzərdən keçirirlər”, - deyə fermer bildirib.
Bu il 2500 hektarda pambıq becərən yevlaxlı “ağ qızıl” ustaları isə indiyədək tarlalardan 2700 ton məhsul toplayıblar. Yevlax şəhər İcra Hakimiyyətindən bildiriblər ki, pambıq əkinlərinin 1281,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 826 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 392,7 hektarı isə fərdi qaydada becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə bol məhsul yetişib. Pambığın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Tarlalardan məhsul həm kombaynlar vasitəsilə, həm də əl əməyindən istifadə edilməklə yığılır. Məhsul yığımına hər gün 7 kombayn, 500 nəfərədək işçi qüvvə cəlb edilir. İlkin hesablamalara görə, bu il Yevlax rayonunda beş min tondan çox “ağ qızıl” istehsal ediləcəyi gözlənilir.
Pambıq tarlalarında məhsulun böyük hissəsi müasir kombaynlar vasitəsilə yığılır. Yevlax rayon sakini Mətləb Məmmədov hələ sovet dövründən mexanizator işləyir. O, iki ildir “Aqrolizinq” ASC tərəfindən ölkəmizə gətirilən “Jonh Deere” markalı pambıqyığan kombaynı idarə edir. Mətləb Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümayəndəliyindəki təlim-tədris mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynların idarə olunması, texniki qulluq, istismar zamanı təhlükəsizlik tədbirləri və digər sahələr üzrə təlim keçib, nəzəri və praktiki imtahan verib. “Jonh Deere” markalı pambıqyığan kombaynların idarəetməsi xeyli asandır, manevretmə qabiliyyəti isə yüksəkdir. Bu kombaynlar həm də sərfəlidir. Çünki pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır, itkiyə yol vermir.
“Köhnə kombaynla bir gündə 3-4 hektar pambıq yığmaq mümkün idisə, bu kombaynla 8-10 hektarın məhsulunu toplayırıq. Tarlalardan bir gündə 17-20 ton məhsul yığıram. Artıq 90 hektardan 300 ton pambıq tədarük etmişəm. Mövsümün sonunadək 400 hektaradək sahədən məhsul yığmağı qarşıya hədəf qoymuşam”, - deyə mexanizator bildirib.
Qeyd edək ki, Ucar rayonunda da “ağ qızıl” toplanışı sürətlə davam edir və artıq məhsul yığımına pambıqyığan maşınlar da cəlb olunub. Bu il 2500 hektarda pambıq yetişdirilib və ilk günlərdən yığım kampaniyasına 620 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hələlik tarlalardan 615 tonadək məhsul toplanıb. Bölgədə yetişdirilən məhsulun 80 faizinin texnikanın qüvvəsi ilə yığılması nəzərdə tutulub. Bu məqsədlə artıq bir neçə gündür ki, tarlalara 5 ədəd pambıqyığan maşın çıxarılıb. Daha çox əkin aparılan Bərgüşad, Təzə Şilyan, Şahlıq və bir sıra digər ərazi vahidlərində hazırda məhsulun çoxu məhz texnikanın qüvvəsi ilə yığılır.
İmişli rayonunda da pambıq yığımı sürətlə davam edir. Yığıma mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 5 min 645 tondan çox məhsul toplayıblar. Hər gün sahələrdən 550-600 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub. Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu il İmişlidə 13 min 645 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 10 min tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində yüksək məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib. Xeyli vaxtdır ki, kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də kombaynlarla aparılır. Hazırda sahələrdə 10-a yaxın pambıqyığan kombayn işləyir və gün ərzində maşınlarla 150-200 ton məhsul toplanır.

Göbəktala kənd sakini, təcrübəli pambıqçı Səxavət İsmayılov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 30 hektar pambıq sahəsinin hər hektarından 62 sentner məhsul götürüb. Məhsul istehsalçısının sahəsində bu il də pambıq çoxdur. “Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 57 hektar sahədə məhsul becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən sahədə bol məhsul yetişib. Hələlik məhsulu əl ilə yığırıq. Yaxın günlərdə sahəyə pambıqyığan kombaynları çıxaracağıq. İndiyədək 3 tondan çox məhsul toplamışıq. Yığım apardığımız sahənin məhsuldarlığı 60 sentnerdən yuxarı olur. İlkin nəticə göstərir ki, bu il məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq”, - deyə fermer bildirib.
Qeyd edək ki, bu il imişlili pambıqçılar qarşıya sahələrdən 27 min ton pambıq yığmağı məqsəd qoyublar.
Pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması biləsuvarlı fermerlər arasında da yüksək əhval-ruhiyyə yaradıb. Dövlətin pambıqçılığın inkişafına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan məhsul istehsalçıları pambıq yığımını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Məhsul toplanışına mütəşəkkil başlayan biləsuvarlı pambıqçılar indiyədək sahələrdən 5 min 695 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər.
Bu il biləsuvarlı pambıqçılar 11 min 350 hektar sahədə pambıq becəriblər. Ötən il plantasiyalardan 24 min tondan çox məhsul toplayan əkinçilər cari təsərrüfat ilində məhsul istehsalını daha da artırmaq üçün səpin kampaniyasından yığıma kimi bütün aqrotexniki tədbirləri vaxtında həyata keçiriblər. Nəticədə sahələrdə bol məhsul yetişib. İndi qarşıda duran əsas vəzifə məhsulu qısa müddətdə toplamaqdır. Məhsul yığımına əvvəlcədən yaxşı hazırlıq işləri görüldüyündən hər gün sahələrdən 565-570 ton məhsul tədarük olunur.
Sabirabad rayonunda isə pambıq yığımına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri hər gün sahələrdən 450-500 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan bu günədək 6878 ton “ağ qızıl” toplanıb. Tədarük olunan məhsulun 65 faizindən çoxu maşınlarla yığılıb. Sabirabadlı pambıqçılar bu il 13 min 55 hektar sahədə pambıq əkiblər. Ötən il 18 min tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürür.
Qaratəpə kənd sakini, uzun illər pambıq əkini ilə məşğul olan adlı-sanlı pambıqçı, Prezident təqaüdçüsü Fatma Hüseynova ötən il 30 hektar sahədə pambıq əkib və hər hektardan 55 sentner məhsul götürüb. Pambıqçı bu il 32 hektarda pambıq əkib və bu günədək 70 tondan çox məhsul yığıb. Fermerin sahəsində hələ məhsul çoxdur. O, yetişdirdiyi məhsulu son qozasına qədər toplamaq üçün var qüvvəsi ilə çalışır. “Gənclik illərimdən bu sahədə çalışıram. Pambığın əkilib-becərilməsində yaxşı təcrübə qazanmışam. Bunun sayəsində də hər il əkdiyim sahələrdə məhsul bol olur. Son illər ölkəmizdə pambıqçılığın dirçəldilməsinə göstərilən qayğı məni çox sevindirir. Çünki ömrümün 50-55 ilini bu sahədə işləmişəm. Əməyim dövlət tərəfindən layiqincə qiymətləndirilib. Yenidən pambıq əkini ilə məşğul olmağım məni sanki gənclik illərinə qaytarır. İndi daha böyük həvəslə işləyirəm”, - deyə fermer vurğulayıb.
Kürdəmir rayonunda isə bu il 5030 hektarda pambıq yetişdirilib. Qısa vaxtda tarlalardan 2433 ton məhsul toplanılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, əksər ərazilərdə, xüsusilə Muradxan, Ərəbqubalı, Carlı, Qarasu və bir sıra digər ərazi vahidlərində “ağ qızıl” yığımı daha sürətlə, mütəşəkkil davam etdirilir. Məhsul yığımı üçün hər gün sahələrə 2000 nəfərə yaxın işçi qüvvəsi çıxır. Mühüm strateji məhsul olan “ağ qızıl”ın yığılmasına 14 kombayn da cəlb edilib. Bu texnikalar arasında “John Deer” şirkətinin “9970” markalı pambıqyığan kombaynları keyfiyyəti və səmərəliliyi ilə seçilib. İndiyədək toplanan məhsulun yarısından çoxu məhz “Aqrolizinq” ASC tərəfindən ölkəyə gətirilərək güzəştli şərtlərlə fermerlərə verilən bu kombaynlarla yığılıb.
Yüksək məhsuldarlığa malik olan bu kombaynlar dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığa bilir. Həmin sahəyə ikinci dəfə texnikanın girməsinə ehtiyac qalmır. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür. Bu texnikalar, eyni zamanda, pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır. Köhnə kombaynlar isə eyni pambıq sahəsində 3-4 dəfə məhsul yığırdı ki, bu da həm torpağın kipləşməsinə, məhsul itkisinə və onun maya dəyərinin artmasına səbəb olurdu.
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda da məhsul yığımı davam edir və indiyədək tarlalardan 4396 tondan çox “ağ qızıl” toplanıb. Beyləqan rayon İcra Hakimiyyətindən verilən məlumata görə, pambıqçılıq sahəsində böyük təcrübəsi olan rayonda 1990-cı illərdən başlayaraq bu sahəyə maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər rayon ərazisində 2016-cı ildə 4035 hektarda pambıq əkilmişdirsə, 2017-ci ildə bu rəqəm 8550 hektara, 2018-ci ildə isə 9560 hektara çatdırılıb. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialı, “Azərpambıq” MMC-nin pambıq istehsalı və emalı zavodu və “Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becəriblər.
“Ağ qızıl”ın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Məhsul yığımına 39 pambıqyığan kombayn, üç min nəfərdən çox işçi qüvvə cəlb edilib. Bu texnikalar arasında “Aqrolizinq” ASC-nin ölkəyə gətirərək güzəştli şərtlərlə fermerlərə verdiyi “John Deer” şirkətinin müasir kombaynları da var. Sahələrdən bu günədək pambığın 507 tonu əllə, 3889 tonu maşınla yığılıb. Yığım mütəşəkkil təşkil olunduğundan gün ərzində sahələrdən 450-500 ton məhsul toplanır. Hər hektarın orta məhsuldarlığı 25 sentnerdən çoxdur.
“Azərpambıq” MMC-nin pambıq istehsalı və emalı zavodunun baş aqronomu Məmməd Quliyev deyib: “Bu il Beyləqan rayonu üzrə 697 fermerlə imzalanan müqaviləyə əsasən 3227 hektarda yüksək kondisiyalı və məhsuldar toxum səpilib. Fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Pambığın becərilməsi üçün mütəxəssislər də cəlb olunublar. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün 2000 hektarda defoliasiya həyata keçirilib. Artıq 558 hektarda birinci yığım aparılıb, 1313 ton məhsul tədarük edilib”.
Fermer Fəxrəddin Qədirov bu il Qəhrəmanlı qəsəbəsi ərazisində 8,5 hektarda pambıq becərib və tarlalarda bol məhsul yetişdirib. “Pambığın becərilməsində bütün aqrotexniki tədbirləri, xüsusən də ən vacib amillərdən olan suvarmanı vaxtında həyata keçirdim. Odur ki, tarlalarda bol məhsul yetişib. Artıq 3,5 hektarda birinci yığım başa çatıb. Hər hektardan orta hesabla 32 sentner məhsul olub. Yaxın günlərdə qalan 5 hektarın yığımını da həyata keçirəcəyik. Əminəm ki, mövsümün sonunadək məhsuldarlıq 40 sentnerdən çox olacaq. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanaraq, gələn il pambıq sahələrini 15 hektara çatdırmaq fikrindəyəm”, - deyə fermer bildirib.
Qeyd edək ki, bu il rayon üzrə 20 min tondan artıq pambıq istehsalı gözlənilir.
Cəbhə bölgəsində yerləşən rayonlarda da pambıq yığımı davam edir. Belə ki, Füzuli rayonunda indiyədək tarlalardan 950 tondan çox məhsul toplanıb. Füzuli rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu il Füzuli rayonunda 2100 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 1330 hektarı “P-Aqro” MMC, 630 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında, 140 hektarı isə fərdi qaydada becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə tarlalarda bol məhsul yetişib.
“Ağ qızıl”ın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Tarlalardan məhsul həm kombaynlar vasitəsilə, həm də əl əməyindən istifadə edilməklə yığılır. Pambıq istehsalçıları yığdıqları məhsulu Horadiz şəhərində və Beyləqan rayonunda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verirlər. İlkin hesablamalara görə, bu il Füzulidə dörd min tondan çox “ağ qızıl”ın istehsal ediləcəyi gözlənilir.
Cari ilin məhsulu üçün 3100 hektar sahədə pambıq becərən ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri də hazırda məhsul yığımını davam etdirirlər. Ağdam rayon Statistika İdarəsindən bildiriblər ki, bu günə qədər tarlalardan 1908,4 tondan çox məhsul toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz çoxdur. Pambığın 84,8 faizi kombaynlarla yığılıb. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC, “Kənd Təsərrüfatı” MMC-yə və fərdi qaydada olan pambıq qəbulu məntəqəsinə təhvil verilir. Qeyd edək ki, 2017-ci ildə 3005 hektarda pambıq becərən Ağdam pambıqçıları tarlalardan 6173,26 ton məhsul tədarük ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30