Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanla Xorvatiya arasında qarşılıqlı münasibətlərin inkişafı üçün güclü potensial mövcuddur

Azərbaycanla Xorvatiya arasında qarşılıqlı münasibətlərin inkişafı üçün güclü potensial mövcuddur

11.09.2018 [09:05]

Prezident İlham Əliyev: Biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik
Bu gün regionun lider dövləti olan Azərbaycanın uğurlarını şərtləndirən fundamental amillər sırasında ölkənin ardıcıllıqla reallaşdırılan məqsədyönlü xarici siyasətində milli maraqların maksimum dərəcədə təmin edilməsinin önəmini xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət məhz Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, iqtisadi-maliyyə müstəqilliyini təmin etməsi Azərbaycanın özünəinam hissini artırıb. Ölkəmiz heç vaxt özünün xarici siyasət kursunu kimlərinsə xoşuna gəlmək üçün müəyyənləşdirmir, daim qarşılıqlı faydalı əməkdaşlıq mövqeyindən çıxış edir. Azərbaycan regional və qlobal əməkdaşlıq müstəvisində ona nail olmağa çalışır ki, müxtəlif formatlarda yaranan münasibətlər bütün tərəflərin maraqlarını təmin etsin.
Tutduğu belə ardıcıl və konstruktiv mövqe isə respublikamızın regional və qlobal miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Qısa müddətdə Azərbaycan regionda lider dövlətə çevrilib. Eyni zamanda, beynəlxalq arenada ölkəmizin dostlarının sayı getdikcə artır. Qısa müstəqillik tarixində respublikamızın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, əksər beynəlxalq təşkilatlara inteqrasiyanın dərinləşməsi qürurverici haldır. Milli maraqlar əsas götürülməklə aparılan uğurlu xarici siyasət sayəsində BMT, İƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda, həmçinin dünyanın supergüc dövlətlərində, Avropa İttifaqı məkanında ölkəmizə böyük inam formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Avropanın önəmli dövlətlərindən olan Xorvatiyaya səfəri və səfər çərçivəsində müxtəlif məsələlərlə, o cümlədən də Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərlə, yaxınlaşma prosesi ilə bağlı müzakirələr aparılması deyilənləri bir daha təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə, mətbuata verdikləri bəyanatlarda ölkələrimiz arasında yaranan dostluq, strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə ediblər və gələcəkdə müxtəlif istiqamətdə əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıblar. “Bizim siyasi dialoqumuz çox fəal aparılır”, - deyə Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib.
Uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələri bir çox sahələri əhatə edir
Azərbaycan kifayət qədər fəal və çoxvektorlu xarici siyasət kursuna malikdir. Təkcə son günlərdə Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini, onun yüksək beynəlxalq nüfuza malik ölkə olduğunu, dünyada Azərbaycana hörmətlə yanaşıldığını, ölkəmizin rəyi ilə hesablaşıldığını əyani şəkildə təsdiq edir. Bu səfərlər və dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir.
Cənubi Qafqaz coğrafiyasının lider dövləti olan Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. Respublikamız Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələri qurur, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq güclənir. Avropa İttifaqı Azərbaycanın moderatorluğu ilə reallaşdırılan əksər enerji və nəqliyyat layihələrinə dəstək nümayiş etdirib. İndiyədək Avropa İttifaqına daxil olan ayrı-ayrı ölkələrlə respublikamız arasında strateji tərəfdaşlıq haqqında müqavilələr imzalanıb.
Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin böyük rolu var. 2018-ci ilin aprel ayında Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri baş tutub. Kifayət qədər məhsuldar keçən səfər çərçivəsində Azərbaycanın dövlət başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey və digər rəsmi şəxslərlə mühüm görüşləri olub.
Əlaqələrin müsbət xarakterinə və dinamikasına istinadən demək mümkündür ki, Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında ikitərəfli münasibətlər nümunəvi xarakter daşıyır və dünyada ən yaxşılardan biridir. Hazırda Azərbaycanda Böyük Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. İndiyədək Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 milyard ABŞ dollarından çox investisiya yatırıb.
Cari ilin iyul ayında Prezident İlham Əliyevin Fransaya səfəri də böyük uğurla keçib. Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makronun görüşündə aparılan müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub, vurğulanıb ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdırlar.
Bu ilin iyul ayında həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycanda səfərdə olub. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilib. Sənəddə, əslində, iki ölkə arasında əməkdaşlıq formatı müəyyən edilib.
Avropanın nüfuzlu dövlətlərinin yüksək səviyyəli rəsmilərinin ölkəmizə gəlmələri, eləcə də Azərbaycan Prezidentinin ayrı-ayrı Avropa ölkələrinə, o cümlədən də Xorvatiyaya səfərlərə getməsi bir daha təsdiqləyir ki, həm Avropa İttifaqı, həm də Azərbaycan perspektivdə münasibətlərin daha da dərinləşməsinə güclü siyasi iradə nümayiş etdirirlər. Prezident İlham Əliyev bu yaxınlarda Brüsselə səfərdə olub və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşüb. Prezident İlham Əliyev Xorvatiyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyinə diqqət çəkərək deyib: “Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Bu ilin iyul ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır. Bu, yeni Sazişin imzalanması üçün çox önəmli bir addımdır. Hazırda Avropa İttifaqı və Azərbaycan yeni Saziş üzərində işləyir. İşlər yaxşı gedir və Xorvatiya həmişə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızı dəstəkləmiş və öz dəyərli töhfəsini vermişdir. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bir çox sahələri əhatə edir, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji əməkdaşlığı və nəqliyyat sahəsindəki əməkdaşlıq. Azərbaycan bu sahədə də öz töhfəsini verir”.
Respublikamız eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan əsgərləri 2002-ci ildən NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Bu yaxınlarda isə Azərbaycan Əfqanıstandakı hərbi kontingentini 120 hərbçiyə qədər artırıb. “Əlbəttə ki, biz koalisiya qüvvələrinə logistika, nəqliyyat dəstəyini, ərazimiz üzərindən uçuş imkanını təmin edirik və bizim töhfəmiz NATO və üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir”, - deyə Prezident İlham Əliyev Zaqrebdə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin adından Onun şərəfinə verilən rəsmi ziyafətdəki çıxışında bildirib.
Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətləri genişlənir
Azərbaycanın Avropa məkanında sıx ünsiyyət qurduğu ölkələrdən biri də dost Xorvatiyadır. Prezident İlham Əliyev bəhs olunan bəyanatında iki dost ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinə diqqət çəkərək bildirib ki, strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir. Fikirlərinə davam edən dövlət başçısı vurğulayıb: “Həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlardır”.
Yuxarıda vurğulandığı kimi, iki ölkə arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Hər iki ölkənin dövlət başçıları arasında sıx təmas qurulub. Onların qarşılıqlı səfərləri və beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşlər ikitərəfli münasibətlərin dərinləşməsinə güclü impuls verir. Azərbaycanın dövlət başçısı 2013-cü ildə Xorvatiyada rəsmi səfərdə olub. Eyni zamanda, Xorvatiyanın Prezidenti iki il bundan əvvəl - 2016-cı ilin oktyabrında Azərbaycana rəsmi səfər edib. Dövlət başçıları ötən il Münxendə beynəlxalq konfrans çərçivəsində görüşüblər.
İki dost dövlət arasında münasibətlər strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında inkişaf etdirilir. Bəhs olunan Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfəri çərçivəsində Zaqrebdə imzalanıb. Ötən dövrdə ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün çox işlər görülüb.
Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində aparılan müzakirələrdə, həmçinin dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda iki ölkənin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər vurğulayıblar ki, Azərbaycanla Xorvatiyanın öz aralarında iqtisadi əməkdaşlığı genişləndirmələri üçün böyük potensial mövcuddur. Yaxşı perspektivi olan istiqamətlərdən biri əczaçılıqdır. Azərbaycan bu sahədə yerli istehsalın genişləndirilməsini və ölkədə dərman vasitələrinə olan daxili tələbatı daha böyük həcmdə yerli istehsal hesabına qarşılamağı hədəfləyib. Xorvatiya şirkətləri Azərbaycandakı əlverişli investisiya mühitindən bəhrələnərək əczaçılıq sahəsinə investisiyalar yönəldə bilərlər. Təsadüfi deyil ki, tərəflər Xorvatiya ilə Azərbaycan arasında əczaçılıq sahəsində birgə müəssisə təsis edilməsini gündəmə gətiriblər.
Son illərdə Azərbaycanda gəmiqayırma sənayesi inkişaf etdirilir. Azərbaycan Xəzərdə böyük gəmiqayırma istehsalatı yaratmağa nail olub. Prezidentlərin bəyanatlarında qeyd edildiyi kimi, ölkələrimizin gəmiqayırma sahəsində əməkdaşlıq imkanları da genişdir. Yeri gəlmişkən, səfər çərçivəsində 6 gəmi ilə bağlı müzakirələr aparılıb.
Tərəflər həmçinin kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Ümumiyyətlə, səfər çərçivəsində imzalanmış sənədlər ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq.
Qeyd edək ki, hazırda iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya fəaliyyət göstərir. Sözügedən komissiyanın son iclası Bakıda keçirilib. Komissiyanın fəaliyyətinin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Bu çərçivədə müxtəlif tədbirlərin həyata keçirilməsi və beləliklə də qarşılıqlı ticarət dövriyyəsinin artırılması nəzərdə tutulub. “Öz tərəfimdən qeyd edim ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Respublikamız qaz hasilatını artırmaq və ixrac coğrafiyasını daha da genişləndirmək niyyətindədir
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq böyük önəm daşıyır. Məlumdur ki, son illərdə Azərbaycan enerji siyasətində yeni bir səhifə açılıb ki, bu da qaz hasilatı ilə bağlıdır. Hazırda ölkəmizin moderatorluğu ilə nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. Xatırladaq ki, “Şahdəniz” qaz yatağı üzrə kontrakt 1996-cı il iyulun əvvəlində imzalanıb. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.
“Şahdəniz” yatağının işlənməsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP kimi seqmentlərdən ibarət olan Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Xəbər verildiyi kimi, cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
Cari il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. TAP üzrə işlərin isə 70 faizdən çoxu icra edilib. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.
Beləliklə, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Bununla da Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə Avropaya təqdim edə bilər. Təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik olan Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək niyyətindədir.
Cənub Qaz Dəhlizi layihəsi öz ətrafında 7 ölkəni birləşdirir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda, üç Balkan ölkəsi perspektivdə layihəyə qoşulmaq niyyətini bildirib. Cənub Qaz Dəhlizinə böyük maraq göstərən ölkələrdən biri də Xorvatiyadır. Təsadüfi deyil ki, dost ölkə Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən tədbirlərdə fəal şəkildə iştirak edir. Xorvatiyanın layihəyə böyük maraq göstərdiyini nəzərə çatdıran Prezident İlham Əliyev bildirib: “Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanmışdır. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır”.
Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verir
Xəzər hövzəsi regionunda Azərbaycanın geostrateji önəmini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malik olmasını xüsusi qeyd edə bilərik. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir.
Beləliklə, son illərdə Azərbaycan özünü dünyaya geniş imkanlara malik tranzit ölkə kimi təqdim edir. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkə ərazisində nəqliyyat xidmətləri inkişaf etdirilir, müasir infrastrukturlar qurulur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiya daha da genişləndirilir. Son 15 ildə ölkəmizdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Respublikamız Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında çox fəal iştirak edir.
Son illərdə Şərq-Qərb dəhlizi üzərində Azərbaycanın həlledici rolu - davamlı siyasi və maddi dəstəyi ilə yaradılan qlobal əhəmiyyətli müasir nəqliyyat infrastrukturundan biri də Azərbaycanın moderatorluğu ilə tikilən və 2017-ci ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yoludur. BTQ-nin işə düşməsi Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərməklə yanaşı, daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır. Zaqrebdə aparılan müzakirələrdə də vurğulandığı kimi, Xorvatiyalı tərəfdaşlar da Azərbaycanın yaratdığı nəqliyyat imkanlarından bəhrələnə bilərlər. “Keçən ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olmuşdur. Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirir, Asiyanı Avropa ilə birləşdirən yeni yoldur, yeni nəqliyyat damarıdır, ən qısa yoldur. Bu yol artıq fəaliyyətdədir. Göndərilən yüklərin həcmi hər gün artır və Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini vermişdir. Ümid edirəm ki, xorvatiyalı tərəfdaşlarımız bu yoldan da istifadə edə biləcəklər. Çünki bu, nəqliyyat və iqtisadi sahələrdə çox gözəl layihədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, fəaliyyətdə olduğu qısa müddətdə ayrı-ayrı ölkələr və şirkətlər BTQ-nin üstünlüklərindən bəhrələnməyə çalışıblar. Bunu yükdaşımaların həcminin artmasından da görmək mümkündür. 2017-ci ilin cəmi bir neçə ayı ərzində bu marşrutla 191, cari ilin birinci yarısında isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək BTC ilə 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Qarşıdakı illərdə isə bu marşrutla yükdaşımaların həcminin dəfələrlə artması gözlənilir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30