Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda ordu və bütün cəmiyyət vahid amal uğrunda birləşib

Azərbaycanda ordu və bütün cəmiyyət vahid amal uğrunda birləşib

17.05.2018 [09:31]

Xalq orduya inandığı, güvəndiyi kimi, həm də ona böyük dəstək nümayiş etdirir
Tarixdən güclü orduların dövlətlərin, xalqların taleyində müstəsna rol oynadığı barədə saysız-hesabsız faktlar sadalamaq mümkündür. Sərhədləri etibarlı şəkildə qorunmayan məmləkətlər zaman-zaman yadellilərin istilalarına məruz qalıb, həmin məmləkətlərin sərvətləri talanıb, insanları əsir götürülüb. Güclü ordu dövlətin müstəqilliyinin, ölkə vətəndaşlarının güvənli yaşamasının qarantı deməkdir. Atalar demişkən, torpağı qorumadınsa, onu heç əkib-becərməyinə də dəyməz.
Deyilənlər baxımından cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündən Silahlı Qüvvələrin təşkilinə başlaması böyük aktuallıq daşıyır. Bu il Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü tamam olur. Ötən dövrdə Azərbaycanın inkişaf tarixinə uyğun olaraq Silahlı Qüvvələrimiz də bir necə mərhələdən keçib və bugünkü yüksək səviyyəyə çatıb.
Müstəqil Azərbaycanda ordu quruculuğu dövlət və cəmiyyət üçün ən ümdə məsələdir
Özünü AXC-nin varisi elan edən müstəqil Azərbaycanda ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətini təşkil edir ki, bu da təsadüfi deyil. İş elə gətirib ki, Müstəqil Azərbaycanın Silahlı Qüvvələri işğalçı Ermənistanın ölkəmizə qarşı başladığı elan olunmamış müharibədə, elə döyüşlərdəcə formalaşmağa başlayıb. Xain düşmən ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenicə bəyan edən Azərbaycandakı mürəkkəb vəziyyətdən sui-istifadə edərək respublikamızın ərazi bütövlüyünü pozdu. Təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ora bitişik 7 rayonunu işğal altında saxlayır.
Azərbaycan Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlaması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Hələlik Azərbaycan dövləti xalqımızın xoş niyyətinə sadiq qalaraq ölkənin ərazi bütövlüyünün təmin olunmasına sülh yolu ilə nail olmağa çalışır və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlara öz konstruktiv mövqeyi ilə dəstək verir. Bununla belə, xalqımızın səbri tükənməz deyil. Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkənin ərazi bütövlüyünü məhz öz güclü ordusunun sayəsində təmin etmək əzmindədir. Buna görə də güclü ordu quruculuğu Azərbaycanın prioritet hədəfidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibə şəraitində yaşayan Azərbaycanda ordu quruculuğu nəinki yalnız dövlət qurumları, həmçinin hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır.
Güclü ordu təmas xəttində Azərbaycana böyük üstünlük qazandırıb
Müstəqillik illərində davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Respublikanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun məlumatına əsasən, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı islahatlar ordunun döyüş qabiliyyətini, hərbi kadr potensialını artırıb, hərbi qulluqçuların sosial-məişət şəraitini yaxşılaşdırıb. İslahatlar döyüş hazırlığı, hərbi təhsil, tərbiyəvi iş, hərbi tibb və digər sahələri əhatə edir.
Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb.
Raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər raket və artilleriya qoşunlarının istənilən vaxt effektiv tətbiqini mümkün edir. Hərbi Hava Qüvvələrinin döyüş tətbiqi və uçuş imkanlarının təkmilləşdirilməsi, aviabazaların infrastrukturunun və aerodrom avadanlıqlarının yenilənməsi üzrə layihələr həyata keçirilir. Zenit-raket, radiotexniki birləşmə və hissələrin müasir hava hücumundan müdafiə sistemləri ilə təchizatı hava məkanımızın etibarlı müdafiəsini, düşmənin təhlükəli aerodinamik hədəflərinin vaxtında aşkarlanaraq məhv edilməsini təmin edir. Düşmən haqqında tam və dəqiq məlumatın əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat bölmələrinin lazımi vasitələrlə təchizatı həyata keçirilir.
Silahlı Qüvvələrin döyüş hazırlığının və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycan ordusunun qoşunların təmas xəttində aşkar üstünlüyü təmin edilib. Bunu qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması, qarşı tərəfə sarsıdıcı zərbələr endirilməsi bir daha təsdiqləyir. Buna ən son nümunə şanlı Aprel döyüşləridir. 2016-cı il aprel ayının əvvəllərində baş verən döyüşlərdə Azərbaycan ordusu bir sıra strateji yüksəklikləri işğaldan azad etdi.
Aprel döyüşlərində qazanılan uğurlar böyük qələbənin müjdəsidir. Cocuq Mərcanlının və işğaldan azad edilən digər ərazilərin qısa müddətdə məskunlaşdırılması Azərbaycan xalqının doğma yurd yerlərinə nə qədər möhkəm tellərlə bağlı olduğunu təsdiqləyir. İşğal altındakı torpaqlarımıza güclü mənəvi bağlılıq bizi daim o yerlərə çəkir. Çünki həmin ərazilərdəki maddi-mənəvi mədəniyyət nümunələri, toponimlər, adət-ənənələr, İslamaqədərki və ondan sonrakı dövrlərə aid dini abidələr bu yerlərin aborigen sakinlərinin məhz azərbaycanlılar olduğunu, ermənilərin isə sonradan məqsədli şəkildə məskunlaşdırıldıqlarını təsdiqləyir. Azərbaycan dövlətinin və cəmiyyətinin yekdil mövqeyi belədir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan mövcud status-kvo qəbuledilməzdir və mütləq dəyişdirilməlidir. Azərbaycan belə prinsipial mövqedən çıxış edərkən ilk növbədə ölkənin getdikcə güclənən Silahlı Qüvvələrinə güvənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim mövqeyimizi gücləndirən ordumuzdur.
Yerli sənayedə müasir silahların istehsalının mənimsənilməsi qürurverici haldır
Əvvəllər Milli Ordunun silah-sursata olan tələbatı sırf ixrac hesabına ödənilirdi. Bu isə böyük həcmdə valyutanın xarici bazarlara axması demək idi. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Belə ki, yerli istehsalatların uğurlu fəaliyyəti nəticəsində artıq ordumuzun xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb. Ümumilikdə müdafiə təyinatlı müəssisələrdə 1200-dən çox məhsulun istehsalı mənimsənilib. Ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və digər snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M, 2B, 3B və “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını misal göstərmək mümkündür.
Azərbaycan ordusuna və cəmiyyətinə yüksək mənəvi ruh hakimdir
“Müharibə şəraitində yaşayan Azərbaycanda cəmiyyətin nəbzi ön xətlə döyünür, desək, əsl həqiqəti ifadə etmiş olarıq. İçi mən qarışıq, hamımız cəbhə xəttindən gələn xəbərləri böyük həssaslıqla izləyirik”. Bu fikri bizimlə söhbətində Milli Məclisin deputatı Aydın Hüseynov dilə gətirdi. Diqqəti cəmiyyətdəki və ordunun şəxsi heyətindəki böyük ruh yüksəkliyinə çəkən A.Hüseynov bildirdi: “Qoşunların təmas xəttində Azərbaycanın üstün mövqeyini təmin edən ən mühüm amillərdən biri, heç şübhəsiz ki, Azərbaycan cəmiyyətində, ordumuzun şəxsi heyətində olan ruh yüksəkliyidir. Azərbaycan xalqı orduya inandığı, güvəndiyi kimi, həm də ona böyük dəstək nümayiş etdirir. Respublikamızda Vətəni sevən, torpaqlarımızı canı, qanı hesabına qorumağa hazır olan gənclər yetişib. Cəmiyyətdəki sağlam əhval-ruhiyyə, iqtidar-xalq həmrəyliyi orduda xidmət edən əsgərlər üçün güclü stimuldur və onlarda vətənpərvərlik hisslərini daha da artırır. Bu gün Azərbaycan ordusunun gücü təkcə onun yüksək texniki təchizatında deyil, həm də əsgər və zabitlərimizin mənəvi keyfiyyətlərindədir”.
Qəzetimizə danışan Milli Məclisin deputatı Sahibə Qafarova isə bildirdi ki, Azərbaycan cəmiyyətinin monolitliyi Silahlı Qüvvələrə münasibətdə də aydın şəkildə təzahür edir. Biz tez-tez ölkənin vətəndaş cəmiyyətinin təmsilçilərinin, mədəniyyət xadimlərinin, ziyalılarımızın cəbhə bölgəsinə, hərbi hissələrə getmələrinin şahidi oluruq. Silahlı Qüvvələrin şəxsi heyətində ruk yüksəkliyinin və döyüş hazırlığının artmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi nümunəsi və cəmiyyətin daim ordunun yanında olması amilləri mühüm rol oynayır. “Prezident İlham Əliyev Aprel döyüşlərindən az sonra Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndində səfərdə oldu. Səfərdə dövlət başçısını ölkənin birinci xanımı Mehriban Əliyeva müşayiət edirdi. Həmin ərəfədə qoşunların təmas xəttindəki yaşayış məntəqəsinə səfər etməyin necə riskli olduğunu hər kəs yaxşı xatırlayır. Döyüşlərdə geri oturdulan ermənilər yaşayış məntəqələrini, mülki əhalini intensiv atəşə tuturdular. Tərtər və Ağdam rayonlarında 500-dən çox evə ziyan dəymişdi, 100-dən çox ev tamam dağıdılmışdı. Belə bir şəraitdə Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri bir daha təsdiqlədi ki, dövlət başçısı təmas xəttində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar ölkə rəhbərinin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Şübhə yoxdur ki, İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqların azad olunması, Vətənin müdafiəsi üçün son damla qanına kimi vuruşacaq”, - deyə S.Qafarova bildirib.
Mübariz ABDULLAYEV
Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir

Paylaş:
Baxılıb: 339 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30