Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Çirkin oyunun yeni fraqmenti: AŞPA iftira kampaniyasının əsirliyində

Çirkin oyunun yeni fraqmenti: AŞPA iftira kampaniyasının əsirliyində

08.05.2018 [12:00]

Bilirik ki, Azərbaycan müstəqil dövlət quruculuğunda hər yeni uğur qazandıqca, bir sıra dairələr bundan bərk narahat olur, imkanları daxilində Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışırlar. 2018-ci ilə ciddi uğurlarla başlayan və əhəmiyyətli addımlar atan Azərbaycan rəhbərliyinin ünvanına bu dəfə də iftira, böhtan dolu fikirlər uydurmağa çalışanlar tapıldı. Təəssüf ki, AŞPA kimi qurum da onların əsirliyinə düşüb. Azərbaycan rəhbərliyi dünyada və regionda cərəyan edən geosiyasi proseslərin daxili məntiqini çox düzgün qiymətləndirərək, milli maraqları əsas tutub olduqca mühüm siyasi qərarlar qəbul etdi. Bunu qonşu Türkiyə, İran və Rusiyanın öz maraqları müstəvisində atdıqları addımların fonunda da anlamaq mümkündür. Lakin hibrid müharibə aparanları bütün bunlar çox narahat edibmiş. Bu səbəbdən meydana gələn bir sıra proseslərin təhlilinə ehtiyac görürük.
İnformasiya müharibəsi: Azərbaycanın uğurları və ikili standartlar
Bizi artıq aldatmaq mümkün deyil. Azərbaycan ölkə və cəmiyyət olaraq kimin hansı mövqedə olduğunu çox gözəl bilir. Keçən əsrin 80-90-cı illərində dünyanı bürümüş liberalizmin “o biri üzünü” görənlərin də ilk sırasında məhz Azərbaycan oldu. Bir çoxları sözdə demokratiya çağırışlarına uyaraq öz ölkəsinin uçuruma yuvarlanmasına imkan yaratdılar. İndi onlar müstəqil dövlət quruculuğunu düzgün aparmadıqlarının əzabını əməlli-başlı çəkirlər.
Ulu öndər Heydər Əliyev isə demokratik prinsipləri gözləməklə öncə güclü dövlət, güclü iqtisadiyyat və güclü cəmiyyət quruculuğuna diqqət yetirməyi aktual vəzifə kimi qarşıya qoydu. Azərbaycan bu kursun sayəsində ardıcıl olaraq bütün istiqamətlərdə - daxili və xarici siyasətdə, ordu quruculuğunda, təhlükəsizliyin təminində, müstəqil siyasət yeritməkdə, beynəlxalq əməkdaşlıqda ciddi uğurlar əldə etdi. Getdikcə aydın oldu ki, Cənubi Qafqazda heç bir dövlət Azərbaycan qədər inkişaf edə və beynəlxalq aləmdə nüfuzunu artıra bilmir.
Hətta Ermənistan, özü də güclü havadarlarının yardımı ilə Azərbaycanın əldə etdiklərinin kiçik qismini belə qazana bilməyib. İndi onun düşdüyü durum bunu bir daha aydın göstərir. Ermənistan sosial, siyasi və dövlət quruculuğu səviyyəsinə görə keçən əsrin 90-cı illərinin əvvəlinə dönüb. O, bataqlıqda çarəsiz çapalayan zavallıya bənzəyir.
Bunun fonunda Azərbaycana baxın! İqtisadi sahədə həyata keçirilən islahatlar, irəliləyişlər, infrastrukturun tamamilə yenidən qurulması, sosial sahədə ciddi islahatlar, əhalinin müdafiəsi və rifah halının davamlı olaraq yüksəlməsi və s. Bu gün Bakı dünyanın ən gözəl və qaynar şəhərlərindən birinə çevrilib. Sovet dönəmini xatırladan İrəvan bunun fonunda çox sönük görünür.
Sonra, möhtəşəm enerji layihələri, nəqliyyat dəhlizləri, yüksək səviyyəli beynəlxalq layihələrdə aktiv iştirak (nümunə: Yeni İpək Yolu layihəsi). Xarici siyasətin prioritetləri üzrə konkret uğurların qazanılması. BMT TŞ-yə üzv seçilmə, beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərin qəbuluna nail olma, xarici ölkələrdə Azərbaycanın həqiqi obrazını dünyaya tanıtdıran diaspor strukturunun yaradılması və s.
Yenə sadalayaqmı? İnanın, siyahı uzundur və bunu hər kəs bilir. Ancaq... nə yazıq ki, həm daxildə, həm də xarici dairələr sırasında Azərbaycan türk dövlətçiliyinin nəinki uğurlarını, hətta adi mövcudluğunu belə qəbul edə bilməyən ünsürlər vardır. Onlar hər fürsətdə erməni şovinizminin, yaxud bir sıra xristian ultramillətçilərinin təsiri altına düşürlər. İllərdir ki, bu acı həqiqəti görür, duyur və onunla mübarizə aparırıq.
Azərbaycan rəhbərliyi başda olmaqla, cəmiyyət bu mübarizəni gücləndirdikcə əks tərəf daha da sərhədsiz iftiralara, uydurmalara baş vurur. Ümumiyyətlə, tarixdən məlumdur ki, imperialist maraqlar və onun ermənilər kimi qulbeçələri olan yerdə mənəviyyat, əxlaq və ən əsası isə ədalət olmur! Təəssüf ki, belədir və tarixi təcrübə bunu göstərir.
AŞPA yanlış yolda: daxili səbatsızlara nə düşüb?
Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi bir təşkilatın da bu mənfur prosesdə yer alması böyük təəssüf hissi yaradır. Sirr deyil ki, Azərbaycan həmişə başqa beynəlxalq təşkilatlarda olduğu kimi, AŞPA-ya da böyük hörmət və nəzakətlə yanaşıb, onun işində fəal iştirak edib, proqramlarına diqqət göstərib, tövsiyələrini nəzərə almağa çalışıb. Lakin bunun fonunda AŞPA da, ATƏT kimi, Azərbaycana qarşı ikili standartlar siyasəti müstəvisində münasibət bildirməyi özünə rəva bilib. Oyun Azərbaycan müstəqil olandan aparılır. Əsas məqsəd belədir: nəyin bahasına olur-olsun Azərbaycan dövlətini gözdən salmaq, onu Ermənistan və Gürcüstandan aşağı səviyyədə göstərmək və Cənubi Qafqazda müstəqil dövlət quruculuğunun nümunəsi kimi məhz xristian ölkələrini təqdim etmək! Səmimi ifadə edirik: bunları yazmaq ağırdır, lakin artıq gizlətməli də deyil! Yalnız Cənubi Qafqazda deyil, dünyanın bütün regionlarında bu kimi ikili standartlara rast gəlinir.
Buyurun, son günlərə qədər Ermənistanı regionun demokratik dövləti kimi təqdim etməyə çalışırdılar. Qərb deyirdi ki, ermənilər demokratik, azad seçki keçirib və Serj Sarkisyan beynəlxalq standartlara uyğun olaraq dövlətə başçı seçilib. Rusiyadakı bəzi dairələr isə öz maraqları daxilində istənilən vasitə ilə ermənilər haqqında müsbət rəy yaradıb. Yalnız erməni kölələr baş qaldırmaq istəyəndə, həmin dairələr gözünü ağardıb və “sizi biz saxlayırıq, Ermənistan deyilən ölkə də Rusiyanın bir parçasıdır” mesajını veriblər. Bəlkə yalandır?
İndi isə hər tərəfdən qışqırırlar ki, S.Sarkisyan saxta yolla parlamentə tərəfdarlarını yerləşdirib və ondan öncə də iki dəfə hakimiyyəti qəsb edib. Cənablar, budurmu sizlərin demokratiya ideallarınız, beynəlxalq standartlarınız? Artıq XXI əsrdir, xalqları belə bəsit məntiqlə aldada bilməzsiniz, hamı hər kəsi çox yaxşı tanıyır.
Budur, AŞPA-da “demokratlar” növbəti antiazərbaycan kampaniyasını aparmağa çalışırlar. Onlar Azərbaycanda prezident seçkisinin beynəlxalq standartlara uyğun aparılmadığını iddia edirlər. Üstəlik, Azərbaycan iqtidarını absurd uydurmalarla ittiham edirlər. Onlar bilirlər ki, azərbaycanlılar bir müsəlman ümməti olaraq müəyyən hadisələrə çox həssasdırlar. İnsanları qıcıqlandırmaqla öz dövlətinə qarşı qaldırmağa cəhd edirlər. Bununla həm legitim hakimiyyəti gözdən salmaq, həm dövlətçilik prosesini əngəlləmək, həm də öz qulbeçələrini hakimiyyətə gətirmək fikrindədirlər.
Təbii ki, burada erməni lobbisinin də rolu vardır. Ancaq dərinliklərdə erməni lobbisinin özünü idarə edən və ona sifarişlər verənlər vardır. Bunlar da artıq məlumdur. Ən pisi odur ki, bu cür antidövlətçi oyunlarda hakimiyyətə gəlmək hərisliyi ilə, yaxud özünü demokrat kimi göstərmək yanğısı ilə bir sıra daxili qruplar da iştirak edirlər. Onlar hətta azərbaycanlılar üçün namus məsələsinin nə demək olduğunu unudaraq və ya qəsdən unutmuş kimi görünərək ağıllarına gələnləri sayıqlayırlar.
Bunlar Azərbaycan hakimiyyətinin bütün dünyada düşmənlərin informasiya təxribatları ilə ağır mübarizə apardığı bir dönəmdə baş verir. Düşündürücü və kədərləndirici hal da bununla bağlıdır. Əcəba, bunlar doğrudanmı zərrə qədər də milli təəssübkeşliyə malik deyillər? Onların sırasında “mən bu böhtanı öz xalqıma ata bilmərəm” deyə bilən birisi yoxdurmu? Öz şəxsi öfkəsinə uyub, Azərbaycan dövlətçiliyinin düşmənləri ilə bir sırada duran vətənpərvərdirmi, millətçidirmi, yoxsa kimdir?
2018-ci ilə bir-birinin ardınca ciddi siyasi, iqtisadi, diplomatik uğurlarla başlamış Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bir nəfər də olsun azərbaycanlı iştirak etməməlidir. Edən varsa, xəyanətkardır! Bunu açıq deməyə məcburuq, çünki indi hibrid müharibə deyilən və ən çox informasiya sferasını əhatə edən fenomenə qarşı birgə durmaq zəruridir. Düşmən çox müxtəlif gəlişi və görünüşü gözəl məqamlardan, sözlərdən, təbliğat və təşviqat vasitələrindən istifadə etməyə çalışır. Dünyanın gedişindən az da olsa anlayanlar bunları bilir və düzgün mövqe seçir. Bilməyənlər və xarici ağalarına qulluq edənlər isə bu hibrid müharibəyə əlavə yanacaq atırlar.
İndi AŞPA-da “hesabat” hazırladılar, danışdılar və susdular... Çünki yalan uzun müddət təsirli ola bilməz. Dünyanın inkişaf etmiş dövlətlərinin başçıları, məsələn, D.Tramp, E.Makron, A.Merkel, R.T.Ərdoğan, V.Putin və digərləri İlham Əliyevi nəinki prezident seçkisində inamlı qələbəsi münasibətilə təbrik etdilər, hətta yaxın əməkdaşlığı inkişaf etdirməklə bağlı konkret təkliflərini də irəli sürdülər. Prezident İlham Əliyevin AŞPA-da iftira, böhtan, qərəzli kampaniya aparan qüvvələrə ən yaxşı cavabı Türkiyəyə və Böyük Britaniyaya etdiyi çox uğurlu və səmərəli səfərləri oldu. Eyni zamanda, AŞPA-da antiazərbaycan təbliğatına tutarlı cavab Prezident D.Trampın İlham Əliyevə ünvanlandığı məktub və Böyük Britaniyanın Baş naziri T.Meyin Azərbaycan Prezidentini şəxsən təbrik edib, yeni əməkdaşlıq sazişinin imzalanmasında iştirak etməsi oldu.
Hörmətli oxucu, indi özünüz düşünün: AŞPA-ya nə qaldı, ona Azərbaycanda züy tutanlar hansı vəziyyətə düşdülər? Elə deyilsə, indi niyə danışan yoxdur?
Newtimes.az

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30