Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Dumanlı Albion”da Azərbaycan imzası: Prezident İlham Əliyevin London səfərinin strateji və geosiyasi əhəmiyyəti

“Dumanlı Albion”da Azərbaycan imzası: Prezident İlham Əliyevin London səfərinin strateji və geosiyasi əhəmiyyəti

05.05.2018 [15:09]

Dövlət başçısı İlham Əliyevin növbəti müddətə Azərbaycan Prezidenti seçildikdən sonra xarici səfərlərinin təhlili maraqlı qənaətlər əldə etməyə və proqnozlar verməyə imkan yaradır. Türkiyə səfəri, ABŞ Prezidentinin məlum məktubu, Fransa, Almaniya rəhbərlərinin Prezident İlham Əliyevi təbrik etməsi və Böyük Britaniya səfəri Azərbaycan Prezidentinin nüfuzunu və müstəqil siyasətinin uğurlarını növbəti dəfə nümayiş etdirir. Prezident İlham Əliyev Londonda çox aktual mövzularda danışıqlar aparıb və müsbət nəticələr əldə edib. Böyük Britaniya Azərbaycan Prezidentinin seçkidə qalib gəlməsini məmnuniyyətlə qarşıladığını ifadə edib. Bu, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcək. Səfər zamanı yeni neft sazişi imzalanıb. Bununla Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin qarşılıqlı faydalılıq, praqmatizm prinsiplərinə əsaslandığı bir daha öz təsdiqini tapıb. Bu məsələlərin təhlili üzərində geniş dayanmağı lazım bilirik.
Etibarlı tərəfdaş: İlham Əliyevin yüksək nüfuzu
Prezident İlham Əliyevin hər xarici səfərinə siyasi dairələr, ekspertlər və jurnalistlər böyük maraq göstərir. Prezident seçkisindən sonra bu maraq daha da artıb. Ola bilsin ki, bəziləri gözləyirdilər ki, ABŞ və Avropa ölkələri Azərbaycandakı seçkinin nəticələrinə şübhə ilə yanaşacaq və ölkə rəhbərliyini tənqid etməyə çalışacaqlar. Ancaq seçkidən dərhal sonra ABŞ, Böyük Britaniya, Fransa və Almaniya rəhbərləri Prezident İlham Əliyevi inamlı qələbə əldə etməsi münasibəti ilə təbrik etdilər. Həm də yalnız təbriklə kifayətlənməyib, Azərbaycan Prezidentini öz ölkələrinə səfərə dəvət etdilər.
Prezident İlham Əliyev ilk səfərini Türkiyəyə etməklə növbəti dəfə müstəqil və milli maraqlara uyğun siyasət yeritdiyini bütün dünyaya nümayiş etdirdi. Prezidentin ikinci səfəri Böyük Britaniyaya oldu. Bunun da rəmzi mənası vardır. Əvvəla, Böyük Britaniya ilə Azərbaycan arasında enerji sahəsində böyük əməkdaşlıq mövcuddur. BP şirkəti ölkəmizdə neft və qaz istehsalında əsas tərəfdaşdır. Son olaraq bu şirkətin rəhbərlik etdiyi beynəlxalq konsorsiumla Azərbaycan 50 illik müddətə əməkdaşlıq müqaviləsi imzalayıb.
İkincisi, Böyük Britaniya Avropa İttifaqından çıxır. “Brexit” bütün dünyada analiz obyektinə çevrilib. Prezident İlham Əliyev Avropanın məhz bu ölkəsinə səfər etməklə yenə də müstəqil və milli maraqlara uyğun siyasət kursuna sadiq qaldığını göstərmiş olur. Bakı ilə London arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrin inkişafında hər iki tərəf maraqlıdır. Bu baxımdan London ilə Brüssel arasında münasibətlərin vəziyyətindən asılı olmayaraq, Bakı qarşılıqlı əlaqələrə daim dövlətçilik mövqeyindən yanaşacaq.
Hesab edirik ki, bu iki məqam Prezident İlham Əliyevin Böyük Britaniya səfəri zamanı apardığı danışıqların məzmununda da öz əksini tapıb. Doğrudan da, Azərbaycanın dövlət başçısının Birləşmiş Krallığın Baş naziri Tereza Mey və BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşündə tərəflər üçün aktual və faydalı məsələlər müzakirə edilib.
Söhbət tamamilə pozitiv ruhda və Londonla Bakının bir-birinə böyük etibarı atmosferində keçib. Ekspertlər vurğulayırlar ki, Azərbaycan Prezidentinin apardığı danışıqlarda maksimum müsbət nəticə əldə edilib. Bunun başlıca səbəbi isə Prezident İlham Əliyevin ciddi beynəlxalq nüfuza və etibara sahib olması, Azərbaycanın dövlət olaraq böyük nailiyyətlər əldə etməsidir.
Kütləvi informasiya vasitələri Londondakı qarşılama mərasiminə diqqət çəkərək, Baş nazir Tereza Meyin prezident seçkisində qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik etməsini ayrıca vurğulayıb. Bunu ekspertlər Böyük Britaniyanın Azərbaycandakı seçkini rəsmi olaraq tanıması kimi qiymətləndirirlər. Üstəlik, London məhz Prezident İlham Əliyevin qalib gəlməsindən məmnundur. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin müstəqil, praqmatik və yüksək peşəkarlıqla həyata keçirdiyi xarici siyasət və enerji siyasəti Böyük Britaniya tərəfindən yüksək qiymətləndirilir.
Strateji tərəfdaşlıq yolunda: obyektivlik və qarşılıqlı faydalılıq
Odur ki, Tereza Mey görüşdə əminliyini ifadə edib ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Bu aspektdə xanım T.Mey SOCAR ilə BP şirkəti arasında imzalanacaq sazişin əməkdaşlıq perspektivində xüsusi yer tutduğunu ayrıca diqqətə çatdırıb. Böyük Britaniyanın Baş naziri Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı və orada terrorla mübarizədə, sabitliyin təmin edilməsində göstərdiyi fəallığa görə də minnətdarlığını bildirib.
Bu sonuncu məqamın da əhəmiyyətini dərk etmək gərəkdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan uzun illərdir beynəlxalq koalisiyanın tərkibində terrora qarşı mübarizədə və ayrı-ayrı ölkələrdə sabitliyin təmin edilməsində aktiv rol oynayır. Bu, Azərbaycanın özünə qarşı olan erməni təcavüzü ilə mübarizədə beynəlxalq koalisiyadan kifayət qədər dəstəyin olmadığı şəraitdə baş verir. Konkret ifadə etsək, Azərbaycan əsl sivil, demokratik və beynəlxalq öhdəliklərinə dəqiq əməl edən etibarlı tərəfdaş kimi çıxış edir. Bu səbəbdən eyni münasibəti beynəlxalq koalisiya üzvlərindən də gözləməyə Bakının tam haqqı var.
Maraqlıdır ki, dünyanın bütün aparıcı dövlətləri Azərbaycanın beynəlxalq terrorla mübarizəyə verdiyi töhfələri açıq etiraf edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, xeyli fərqli mövqe nümayiş etdirirlər. Açığını desək, lazımi qədər obyektiv, qətiyyətli və ardıcıl ola bilmirlər. Bu qəbuledilməz və haqsız vəziyyətin üzərində London da daxil olmaqla, bütün Qərb dövlətlərinin düşünməsi gərəkdir. Xüsusilə Böyük Britaniya ilə Rusiya arasında münasibətlərin pisləşməsi fonunda Azərbaycan rəhbərliyinin müstəqil siyasətdən zərrə qədər də kənara çıxmadığı şəraitdə Qərbin aparıcı ölkələrinin rəhbərlərinin ədalətli mövqeyə gəlmələri zərurəti daha aydın görünür.
Yuxarıda vurğulanan məqamların işığında Prezident İlham Əliyevin Londonda Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyinin çox geniş olmasını xüsusi ifadə etməsi çox əhəmiyyətlidir. Bu, faktiki olaraq, Azərbaycanın əməkdaşlıq məsələsinə baxışı və səmimi niyyətlərini əks etdirir. Bu, bir faktdır ki, Azərbaycanla İngiltərə müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Azərbaycan rəhbəri bunu qiymətləndirdiyini və qarşı tərəfin də nəzərə almalı olduğunu vurğulayır. Çünki reallıqda dövlətlərarası əlaqələrin bütün sferaları üzrə əməkdaşlıq istiqamətləri mövcuddur. Bunun davamlı olması və daha da genişlənməsi üçün addımlar qarşılıqlı olaraq atılmalıdır. Belə olmazsa, suverenlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri pozulmuş olar ki, bunun da neqativ nəticələri qaçılmazdır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Londonla Bakı arasında ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparıldığını və bunun üçün böyük potensialın mövcud olduğunu da ifadə edib. Dövlət başçısının bu sözlərini Böyük Britaniyanın bir çox şirkətlərinin Azərbaycanda uzun illərdir fəaliyyət göstərməsi və SOCAR-BP əməkdaşlığının strateji xarakter daşıması təsdiq edir. Deməli, ən doğru addım bu potensialın sürətlə reallaşmasına imkan verən şərtlərin daha da inkişaf etdirilməsi olardı. Bura, təbii ki, regionda və Azərbaycanda sabitliyin qorunması, ərazi bütövlüyünün bərpa olunması vacib faktor kimi daxildir. Bu, Tereza Mey və Prezident İlham Əliyevin regional inkişaf və təhlükəsizlik məsələlərini də müzakirə etməsində öz əksini tapdı.
Azərbaycan Prezidentinin Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşündə də maraqlı, aktual və əməkdaşlıq baxımından strateji əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlərdən bəhs edilib. Bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlər müzakirə olunub və qərara alınıb ki, bu proses daha da sürətləndirilsin.
Nəhayət, Prezident İlham Əliyevin London səfərinin mühüm nəticəsi kimi ekspertlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında sazişin imzalanması olduğunu vurğulayırlar. Bu, iki ölkə arasında əməkdaşlığın konkret məzmun kəsb etdiyini göstərir.
Yuxarıda vurğulanan məqamlar Prezident Prezident İlham Əliyevin Böyük Britaniya səfərinin çox uğurlu olduğunu və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət etdiyini göstərir. Bütövlükdə İlham Əliyevin seçkidən sonra etdiyi səfərlər bir-birini tamamlayır və Azərbaycanın müstəqil xarici siyasətinə yeni ruh verdiyini təsdiq edir.
Newtimes.az

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30