Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AŞPA-nın “korrupsiya hesabatı” qurumda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir

AŞPA-nın “korrupsiya hesabatı” qurumda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir

02.05.2018 [09:18]

Təşkilatın monitorinqləri müxtəlif qərəzli dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür
Azərbaycan ölkədə davamlı olaraq həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünyaya bütün parametrlər baxımından nümunəvi inkişaf modeli təqdim edir. Son 15 ildə respublikamızın iqtisadi sahədə inkişaf dinamikası qlobal miqyasda ən yaxşılardan biri olub. Eyni zamanda, Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması ölkənin siyasi müstəqilliyinə, beynəlxalq miqyasda nüfuzunun artmasına müsbət təsir göstərib. Qısa müstəqillik tarixində respublikamız regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətə çevrilib. Bu gün Azərbaycan dünyada milli maraqlarının keşiyində qətiyyətlə dayanan, öz hesabına yaşayan ləyaqətli ölkə kimi tanınır və heç bir xarici güc ölkəmizlə diktat dili ilə danışa bilməz.
Azərbaycanın malik olduğu bu kimi müsbət reallıqlar xalqımızın, ölkəmizin dostlarını sevindirdiyi kimi, düşmənlərimizi də, necə deyərlər, qəm dəryasına qərq edir. Xaricdəki ermənipərəst mərkəzlər, islamofob dairələr müstəqil siyasət kursuna malik olan ölkəmizin uğurlarını sinirə bilmir. Bəhs olunan qüvvələr erməni lobbisi ilə birləşərək hansı yollarlasa Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun artmasına xələl gətirməyə çalışırlar.
AŞPA-nın “korrupsiya hesabatı” qeyri-obyektiv və qərəzli mahiyyəti ilə diqqəti cəlb edir
Xaricdəki antimilli və islamofob dairələr Azərbaycana qarşı apardıqları “qara piar” kampaniyasında müxtəlif vasitələrdən istifadə edirlər. Bu sırada onların ayrı-ayrı beynəlxalq təşkilatlardan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etmələrini də xüsusi qeyd edə bilərik. Məsələn, açıq-aydın görünür ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir sıra deputatları ermənipərəst mərkəzlərin, islamofob dairələrin danışan dilinə çevriliblər və daim ikili standartlar mövqeyindən çıxış edirlər. Deyilənləri qurumun bu günlərdə Azərbaycanla bağlı qəbul etdiyi heç bir fakta söykənməyən “korrupsiya hesabatı” bir daha təsdiqləyir.
Öz növbəsində bu saxta “sənəd”i dəyərləndirən ekspertlər vurğulayırlar ki, AŞPA-nın “korrupsiya hesabatı” qeyri-obyektiv və qərəzlidir, ayrı-ayrı deputatların fərziyyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdir. Məsələn, Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bəhs olunan “hesabatı” Qərbdəki anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların Azərbaycana qarşı qurduqları növbəti oyun kimi dəyərləndirib. O bildirib ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür. “AŞPA-nın uydurma “korrupsiya hesabatı”nın nə qədər qərəzli və qeyri-obyektiv olduğu orada əksini tapan absurd iddialardan da aydın şəkildə görünür. Bu hesabatda məntiq və ciddi yanaşma yoxdur. Real faktlara söykənməyən bu “hesabat” qəbuledilməzdir. Bəzi anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasının son dövrlər daha da fəallaşdığını müşahidə edirik. Bəhs olunan “hesabat” bu kampaniyanın tərkib hissəsidir. AŞPA-nın son “korrupsiya hesabatı” Qərbdə mövcud olan islamofob və ermənipərəst qrupların təşkil etdiyi oyundur”, - deyə S.Fətəliyeva bildirib.
Deputat qeyd edib ki, Azərbaycan heç vaxt öz milli maraqlarını, müstəqil siyasətini kiməsə güzəştə getməyib və getməyəcək. Ölkəmizə qarşı təzyiqlər göstərmək cəhdləri hər zaman iflasa uğrayıb. AŞPA-da müxtəlif vaxtlarda ölkəmizə qarşı xoş niyyətə söykənməyən belə kampaniyalar müşahidə edilib və Azərbaycan dövləti belə addımlara qarşı müvafiq tədbirlər görüb. Son “hesabat” AŞPA-da Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Bütün bu cəhdlər nəyə yönəlib? Azərbaycanı öz demokratiya yolundan döndərməyə? Dəyərlərimizi dəyişdirməyə? Bu, heç zaman baş verməyəcək. Bütün bu cəhdlər əbəsdir. Azərbaycan heç zaman öz demokratiya yolundan dönməyəcək. Bütün bu hiyləgər oyunlara, təzyiqlərə və ədalətsizliklərə baxmayaraq, biz demokratiya dəyərlərinə sadiqliyimizi qoruyub saxlayacağıq.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü vurğulayıb ki, Ermənistanda baş verən hadisələrdən diqqəti tam yayındırmaq üçün qurumun yaz sessiyası sanki Azərbaycana həsr edilmişdi. Azərbaycana qarşı yönəlmiş bu oyun neçə illərdir ki, AŞPA-da ölkəmizə qarşı olan ikili standartların davamıdır. AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə edilən hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir.
AŞPA-ya üzvlük məsələsinə yenidən baxıla bilər
“Son vaxtlar AŞPA-nın fəaliyyətində xüsusi sifarişlərə əsaslanan məqamlar müşahidə edilir. Əgər hər hansı milli dövlət barəsində “qara piar” aparmaq sifarişi gəlirsə, o saat bir qrup deputat yığışaraq sifarişin icrasına başlayır. Azərbaycanla bağlı qəbul olunmuş son “hesabat”ı da belə bir sifarişin icrası kimi dəyərləndirmək mümkündür. Çünki AŞPA-ya daxil olan ayrı-ayrı ölkələrdə insan haqlarına hörmətsizlik və korrupsiya halları baş alıb gedir. Amma AŞPA bunlara göz yumur, səsini də çıxarmır. Azərbaycana gəldikdə isə aqressiv mövqedən yanaşma ortaya qoyurlar”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov ifadə edib.
Milli Məclisin deputatının sözlərinə görə, “hesabat”da xalqımıza xas olan qonaqpərvərliyin korrupsiya halı kimi dəyərləndirilməsi gülüş doğurur. Azərbaycanda adətdir - evə gələn qonağa xüsusi hörmət-izzət göstərilir, onun şərəfinə ləziz təamlar bişirilir. Biz indi AŞPA-ya görə öz ənənəmizdən imtina etməliyik? “Sənəd”ə səs verən deputatların məntiqi heç cür başa düşülmür. Sual olunur: AŞPA-nın “hesabat”ına əsasən xarici neft şirkətlərinin tam leqal bonusları, Avropa ölkələrinə səfər edən nümayəndə heyətlərinə verilən ziyafətlər, pulsuz otel, təyyarə və s. bu kimi məsələlər də korrupsiya əlaməti hesab edilməlidirmi?
A.Badamov bütövlükdə “hesabat”ı ölkəmizə qarşı qısqanclıq və ikili standartların təzahürü kimi dəyərləndirdiyini vurğulayıb. Milli Məclisin deputatı deyib: “AŞPA-da Azərbaycana qarşı təzyiq və ikili standartlar nümayiş etdirilməsi ardıcıl xarakter daşıyır. Qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı qurumda aparılan müzakirələr, indi isə bədnam “hesabat”... Bunların hamısı eyni zəncirin halqalarıdır. Butün bunlar bizi düşünməyə sövq edir: Quruma 17 illik üzvlüyü dövründə AŞPA Azərbaycana nə verib? Burada hansısa müsbət məqamlar yada düşmür. Qurum hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də hər hansı bir təsirli addım atmayıb. Belə olan halda bundan sonra Avropa Şurasından nə gözləmək olar? İkili standartların, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Hesab edirəm ki, bütün bu deyilənlər kontekstində Azərbaycan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının ölkəmizə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30