Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Regionlarda enerji təchizatı şəbəkəsinin gücü daha da artırılır

Regionlarda enerji təchizatı şəbəkəsinin gücü daha da artırılır

11.04.2018 [10:51]

Son 15 ildə Azərbaycanda 2500 meqavat gücə malik daha 30 elektrik stansiyası istifadəyə verilib
Respublikamızda 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bütün ölkə boyu yeni müsbət reallıqlar yaranıb. Bunu müasir infrastruktur quruculuğunun timsalında daha aydın şəkildə müşahidə etmək mümkündür. Ardıcıllıqla həyata keçirilən proqramlar, yeni layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Yüksək standartlar səviyyəsində yaradılan infrastruktur obyektləri bir tərəfdən regionlarda insanların həyatına rahatlıq gətirib, digər tərəfdən isə onların sayəsində bütün ölkə boyu iqtisadi aktivlik əhəmiyyətli dərəcədə artıb.
Çoxlu sayda yeni generasiya obyektlərinin istifadəyə verilməsi infrastruktur quruculuğuna yaxşı nümunədir
Son 15 ildə regionlarda çoxlu sayda yeni generasiya obyektlərinin istifadəyə verilməsi ölkəmizdə müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Bəhs olunan dövrdə isə respublikamız məqsədyönlü investisiya qoyuluşu sayəsində 30 elektrik stansiyası tikməyə nail olub. Cənub bölgəsində inşa edilən 87 MVt gücündə Astara elektrik stansiyası 3 fevral 2006-cı il tarixində istismara verilib. Bundan sonra 87 MVt gücündə Şəki elektrik stansiyası 14 oktyabr 2006-cı il tarixində işə salınıb. 2006-cı ildə həmçinin Xaçmaz elektrik stansiyasının (87 MVt gücündə), Naxçıvan Muxtar Respublikasında Vayxır su elektrik stansiyasının (5 MVt gücündə), Naxçıvan qaz-turbin elektrik stansiyasının (64 MVt), Naxçıvan elektrik stansiyasının (87 MVt) tikintisi başa çatdırılıb. Sonrakı illərdə 104 MVt gücündə Bakı elektrik stansiyasının, 300 MVt gücündə Səngəçal elektrik stansiyasının, 104 MVt gücündə “Şahdağ” elektrik stansiyasının, 525 MVt gücündə Sumqayıt elektrik stansiyasının, 20 MVt gücündə Biləv su elektrik stansiyasının, 5,6 MVt gücündə Qobustan Hibrid elektrik stansiyasının, 25 MVt gücündə “Şəmkirçay” su elektrik stansiyasının, 780 MVt gücündə “Cənub” elektrik stansiyasının, 25 MVt gücündə “Taxtakörpü” su elektrik stansiyasının və digərlərinin açılışı keçirilib.
Ötən il “Pirallahı” günəş elektrik stansiyası, “Balakən-1” kiçik su elektrik stansiyası, “Çiçəkli” kiçik su elektrik stansiyası respublikanın elektroenergetika sisteminə daxil edilib. Bundan başqa, Yevlax rayonu ərazisində altmış il əvvəl inşa olunmuş Varvara Su Elektrik Stansiyasının yenidən qurulması işləri yekunlaşdırılıb. Yenidənqurma nəticəsində stansiya 18 MVt qoyuluş gücünə çatdırılıb.
Beləliklə, son 15 ildə respublikamız özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikanın elektroenergetika sistemində ümumi gücü 6000 MVt-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır. Yeni generasiya gücləri sayəsində əhalinin, eləcə də sənayenin və aqrar sektorun artan tələbatı yüksək səviyyədə ödənilir. Eyni zamanda, respublikamızın müəyyən həcmlərdə ixrac potensialı da yaranıb ki, bu da qürurverici haldır. Energetika təsərrüfatının ölkə iqtisadiyyatının genişlənməsində müstəsna rolu nəzərə alınaraq 2018-ci ildə də yeni generasiya güclərinin yaradılması istiqamətində işlər davam etdirilir. Cari ildə 400 meqavat gücə malik “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi respublikanın enerji ixracı imkanlarını daha da artıracaq.
Paylayıcı şəbəkədə aparılan yenidənqurma işləri keyfiyyət göstəricilərinin yaxşılaşmasına səbəb olub
Respublikamızda yeni generasiya güclərinin yaradılması ilə paralel şəkildə, paylayıcı şəbəkənin dayanıqlığının artırılması da diqqət mərkəzində saxlanılır. Bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Baba Rzayev geniş məlumat verib. Bildirilib ki, energetika sahəsində müəyyən edilən uğurlu strategiyanın davamı olaraq yaradılmış “Azərişıq” tərəfindən “Paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması və inkişaf etdirilməsi məqsədilə 2016-2025-ci illər üzrə Master Plan” hazırlanaraq təsdiqlənib və hazırda uğurla davam etdirilir.
Ötən illər ərzində ölkə üzrə 44 ədəd 110 kV-luq, 167 ədəd 35 kV-luq yarımstansiyalar və 5 mindən çox transformator məntəqəsi inşa olunub, 54 min kilometr hava və kabel xətti çəkilib, 1 milyon 600 mindən artıq müasir tipli elektron sayğaclar quraşdırılıb. “Görülmüş tədbirlər nəticəsində regional şəbəkələrdə xroniki hal almış ifrat yüklənmələr, qəza açılmaları minimuma endirilib, şəbəkələrin güc qəbuletmə qabiliyyəti iki dəfədən çox artırılıb, istehlakçıların, xüsusən də meqalayihələrin və mötəbər beynəlxalq tədbirlərin stabil enerji təchizatı təmin olunub”, - deyə B.Rzayev vurğulayıb.
Paylayıcı şəbəkənin dayanıqlılığının artırılması texniki itkilərin azalmasına səbəb olub. Hazırda texniki itkilər Bakı şəhəri üzrə 7,8 faizə, regionlar üzrə 11,4 faizə endirilməklə, “Azərişıq” üzrə 9,6 faiz təşkil edir. Eləcə də enerji haqlarının yığımı Bakı şəhəri üzrə 99 faizə, regionlarda 87 faizə yüksəldilməklə, “Azərişıq” üzrə 93 faizə çatdırılıb.
B.Rzayev vurğulayıb ki, qoyulmuş investisiyalar nəticəsində uçotun bərpa olunması və itkilərin xeyli dərəcədə azaldılması hesabına cəmiyyətin gəlirləri artıb və paylayıcı şəbəkələrin yenidən qurulmasına qoyulan investisiyalar qısa müddət ərzində özünü tam doğruldub.
Regionlarda sənayenin və aqrar sektorun artan tələbatını ödəmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir
Son vaxtlar respublikanın bütün bölgələrində sənayenin və aqrar sektorun artan tələbatını ödəmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir. “Azərişıq” rəsmisinin bildirdiyinə görə, ölkədə kənd təsərrüfatının inkişafı və meliorativ tədbirlərlə bağlı enerji təchizatının yaxşılaşdırılması üçün 5 ədəd 110 kV-luq, 17 ədəd 35 kV-luq yarımstansiya tikilib, 110 kilometrdən çox elektrik xətləri çəkilib və 450 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. Bu istiqamətdə işlər davam etdirilir.
Pambıqçılığın inkişafı ilə əlaqədar Bərdə rayonunda keçirilən müşavirədə tədarük və emal müəssisələrinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı verilən tapşırıqların icrası üçün təxirəsalınmaz tədbirlər görülür. Yarımstansiyaların gücü artırılır, elektrik xətləri təmir olunur.
B.Rzayev bildirib ki, indiyədək 10 ədəd aqroparkın şəbəkələrə qoşulması təmin olunub, Hacıqabul rayonunda 110 kV-luq “Qarasu” və 4 ədəd 35 kV-luq yarımstansiyalar tikilib, 26 kilometr 2 dövrəli 110 kV-luq və 100 kilometr 35 kV-luq elektrik verilişi xətləri çəkilib. Bu məqsədlə Şəmkir və Tovuz rayonlarında 110 kV-luq, Samux və Goranboy rayonlarında 35 kV-luq yarımstansiyalar inşa edilib, 66 kilometrdən çox 35 kV-luq ikidövrəli hava xətləri çəkilib.
Texnoparkların və sənaye məhəllələrinin enerji təchizatı üçün ardıcıl tədbirlər həyata keçirilir. İstifadəyə verilən 110 kV-luq “Neftçala” yarımstansiyası istehlakçıların keyfiyyətli enerji təchizatını təmin etməklə yanaşı, ərazidə yaradılan texnoparkın, avtomobil, alətlər və pivot suvarma sistemləri zavodlarının enerji tələbatını tam ödəyəcək və əkin sahələrinin suvarılma sistemlərinin genişləndirilməsinə təkan verəcək.
Kənd təsərrüfatının və sahibkarlıq obyektlərinin enerji təchizatının yaxşılaşdırılması üçün Gəncə şəhərində və Qax rayonunda 2 ədəd 110 kV-luq və 5 ədəd 35 kV-luq yarımstansiyalar inşa edilib. Hazırda Lənkəran, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdaş, Sabirabad və Cəlilabad rayonlarında əlavə 8 ədəd 110 kV-luq yarımstansiyaların tikintisi davam etdirilir. İşlərin cari ilin may-avqust aylarında yekunlaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, müvafiq Sərəncamla “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilmiş Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında təmir-bərpa işləri aparılır. “Almaniyanın bu sahədə ixtisaslaşmış “Berlin VİND” şirkətinin mütəxəssislərinin rəyinə görə, həmin qurğuların ən yaxşı halda 18 aya istismara verilməsi bildirilsə də, tərəfimizdən ciddi tədbirlər görülməklə işlərin cari ilin avqustunda başa çatdırılması planlaşdırılır”, - deyə B.Rzayev vurğulayıb.
“Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərilən xidmətlərin sayını artırması müştəri məmnunluğu yaradır
“Azərişıq” ASC-nin paytaxt Bakıda olduğu kimi, regionlarda da “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərilən xidmətlərin sayını getdikcə artırması müştəri məmnunluğu yaradır. Hazırda “Azərişıq” tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə abonentlərə 12 növ xidmət göstərilir. Bu məqsədlə ASC-də “ASAN xidmətlə iş” idarəsi yaradılıb.
2017-ci ildə “ASAN kommunal”la “Azərişıq” ASC-yə əvvəlki illərlə müqayisədə rekord həddə müraciətlər edilib. Belə ki, ötən il “ASAN kommunal” vasitəsi ilə “Azərişıq” ASC-nin göstərdiyi müxtəlif xidmətlərlə bağlı 140 min müraciət daxil olub. “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərilən 12 xidmət arasında ən mühümü, heç şübhəsiz ki, əhali və qeyri-əhali üçün texniki şərtlərin verilməsi, başqa sözlə desək, abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulmasıdır. Ötən il bu istiqamət üzrə 33 min müraciət daxil olub. İl ərzində 30 min əhali və qeyri-əhali abonent elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulub.
“Bildirmək istəyirəm ki, şəbəkəyə qoşulmalar əvvəllər 7 prosedur keçməklə 64 gün ərzində mümkün idisə, hazırda prosedurlar 3-ə endirilib və qoşulmalar 24 gün müddətində təmin olunur”, - deyə “Azərişıq” rəsmisi vurğulayıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31