Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan ilə Qazaxıstan arasında sıx qardaşlıq əlaqələri mövcuddur

Azərbaycan ilə Qazaxıstan arasında sıx qardaşlıq əlaqələri mövcuddur

13.03.2018 [09:59]

Qazaxıstanın baş nəqliyyat prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib
Qazaxıstan Respublikasının baş nəqliyyat prokuroru Marat Alixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə martın 12-də ölkəmizə səfərə gəlib. Səfərin məqsədi Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının prokurorluq orqanları, o cümlədən sərhədyanı ərazilərin prokurorluqları arasında cari məsələlərin, gələcək əməkdaşlıq və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikası Prokurorluğunun nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib. Görüşdə qonaqları səmimi salamlayan baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan dövlətlərinin sınanmış liderlərinin müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Məhz bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu diqqətə çatdırılıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qazaxıstan Respublikasının həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Qazaxıstanın obyektiv və birmənalı mövqeyinin əhəmiyyəti vurğulanıb.
Baş prokuror son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkilində və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğu vurğulanaraq, bu sahədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülən işlər, yaradılmış 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb.
Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran Qazaxıstan Respublikasının baş nəqliyyat prokuroru Marat Alixanov hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu deyərək, ölkələrimizin müxtəlif sahələrdə münasibətlərinin sürətlə inkişaf etdiyini, xüsusilə iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib. Azərbaycan ilə Qazaxıstan arasında sıx qardaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən qonaq ölkələrimizin müasir demokratik inkişaf yolu ilə inamla irəlilədiyini vurğulayıb. O, respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etdiyini bildirərək, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirləri alqışlayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Həmçinin transmilli cinayətkarlıqla mübarizə, iqtisadi qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, nərə cinsli balıqların qanunsuz ovlanması, qanunsuz sərhədkeçmə, Xəzər dənizinin ekologiyasının qorunması və yaxşılaşdırılması mövzuları, eləcə də tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib. Söhbət zamanı iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Qazaxıstan nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi, Azərbaycan-Qazaxıstan münasibətlərinə həsr edilmiş ekspozisiyalarla tanış olub. Qonaqlara Azərbaycan dövləti, onun hüquq sistemi, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair materialları əks etdirən xüsusi guşə təqdim edilib.
Qazaxıstan nümayəndə heyəti daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub.
Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan islahatlar, Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat verib.
Nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş İdarənin inzibati binasında normativ hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitab portallarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olub.
Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Qazaxıstanın nəqliyyat baş prokuroru Marat Alixanov korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Nümayəndə heyətinin üzvlərinin çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, prokurorluq orqanları tərəfindən bu qəbildən cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi və dövlət ittihamının müdafiəsi sahələrindəki fəaliyyətə dair sualları ətraflı cavablandırılıb.
Görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.
Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Paylaş:
Baxılıb: 370 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31