Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 2017-ci il Azərbaycan mətbuatı tarixinə uğurlu il kimi yazıldı

2017-ci il Azərbaycan mətbuatı tarixinə uğurlu il kimi yazıldı

10.01.2018 [10:19]

Ekspertlərin fikrincə, Azərbaycan dövlətinin diqqət və qayğısı mediamızın yüksək inkişafını təmin edir
Geridə qoyduğumuz 2017-ci il digər sahələrdə olduğu kimi milli mətbuatımızın inkişafında da əhəmiyyətli məqamları ilə yadda qaldı. Ölkəmizdə mətbuatın inkişafına göstərilən dövlət qayğısı, azad sözün ifadəsinə yaradılan şərait bu sahədəki inkişafın əsas amillərindən sayılır. Ötən ilin iyulunda jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edən Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır: “Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim”.
Qeyd edilməlidir ki, ötən il ölkəmizdə keçirilən mühüm tədbirlərin təbliğində və təşviqində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsaslı rol oynayan milli mediamız üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Bunu məsələyə münasibət bildirən media təmsilçiləri də təsdiqləyir.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 2017-ci ilin Azərbaycan tarixinə ən uğurlu illərdən biri kimi yazıldığını bildirib. Baş redaktorun fikrincə, Azərbaycan dövləti sabit, demokratik inkişaf yoluna sədaqətli olub. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi yüksək səviyyədə təmin edilib. V.Rəhimzadə bildirib ki, ötən il ölkəmizdə “İslam Həmrəyliyi ili” çərçivəsində keçirilən tədbirlər qonaqlarımıza bir daha Azərbaycanın əldə etdiyi nailiyyətləri əyani şəkildə görməyə imkan verdi: “Bilindiyi kimi, il ərzində mütəmadi olaraq bu səpkili tədbirlər keçirildi və dünyanın bir sıra ölkələrindən qonaqlar, o cümlədən də media təmsilçiləri ölkəmizə səfər etdilər. Bu tədbirlər ümumilikdə İslam ölkələrinin əməkdaşlığının möhkəmlənməsinə mühüm töhfələri ilə seçilməsi ilə yanaşı, həm də Azərbaycan jurnalistlərinin müxtəlif ölkələrin mətbuat nümayəndələri ilə qarşılıqlı əlaqələrinin güclənməsində əsaslı rol oynadı. Azərbaycan jurnalistlərinin yazıları şərq ölkələrinin bir sıra mətbu orqanlarında dərc edildi. Bununla yanaşı, ötən il Azəri-Çıraq-Günəşli yataqlarının istismarının uzadılması ilə bağlı müqavilənin imzalanması, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bütövlükdə regionun inkişafında müstəsna rol oynayacaq. Və mediamız dünyanın iqtisadi imkanlarına yaxşı mənada təsir göstərəcək belə böyük layihələr ilə bağlı geniş təşviqat işi apardı. Bu, dövlətimizin regiondakı rolunun və mövqeyinin daha aydın şəkildə görülməsi üçün olduqca vacib bir şərtdir. Bununla belə, fikrimcə, ötən il milli mətbuatımız üçün ən yaddaqalan gün jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimi oldu. Jurnalistlər üçün tikilmiş 255 mənzil həmkarlarımıza paylandı və bu mərasimdə ölkə Prezidenti çıxış etdi, mühüm fikirlər səsləndirdi. Hesab edirəm ki, bu hadisə nəinki jurnalistika tarixində, eləcə də müasir Azərbaycan tarixində, dünya mətbuatı tarixində analoqu olmayan bir hadisədir. Həmin gün növbəti üçüncü binanın təməlqoyma mərasimi keçirildi. Ötən il həm KİVDF tərəfindən, həm də Mətbuat Şurası tərəfindən mühüm layihələr həyata keçirildi. O cümlədən jurnalistika ixtisasına qəbulla bağlı yeniliklər də mühüm tarixi hadisə olaraq yaddaşlara həkk olundu. Qəbul imtahanları zamanı qabiliyyət müsabiqəsinin tətbiqi olduqca mühüm bir hadisədir. 411 nəfərin jurnalist ixtisasına yiyələnməsi isə bir daha bu sahəyə olan sevginin göstəricisidir. Bu həm də jurnalistikaya dövlətimizin və Prezidentimiz İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Fikrimcə, ötən il Azərbaycan jurnalistləri üzərlərinə düşən vəzifələri böyük peşəkarlıqla yerinə yetiriblər”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də 2017-ci ilin Azərbaycan xalqı üçün bir çox əhəmiyyətli hadisələrlə yadda qaldığını deyib. Onun sözlərinə görə, mətbuatımız 2017-ci ildə “İslam Həmrəyliyi ili” çərçivəsində keçirilən tədbirlərin işıqlandırılmasında, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında öz əhəmiyyətli rolunu oynadı: “Ötən il mətbuat işçiləri üçün ikiqat bayram və sevinc hissləri ilə yadda qalıb. Prezident İlham Əliyevin Sərəncamı əsasında jurnalistlər üçün tikilən ikinci binadakı 255 mənzil media təmsilçilərinin ixtiyarına verildi. Bu, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan növbəti addım idi. Artıq üçüncü binanın inşasına başlanılıb və Prezident İlham Əliyev jurnalistlərlə görüşdəki nitqində bu kimi sosial layihələrin davamlı xarakter alacağını xüsusilə vurğulayıb”.
Baş redaktor Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının yola salınan il ərzində uğurlu fəaliyyəti ilə yadda qaldığını da diqqətə çatdırıb. O bildirib ki, 2017-ci ili uğurla başa vurmaqla yanaşı, qarşıdan gələn 2018-ci ildə Azərbaycan mətbuatının daha böyük nailiyyətlərə imza atacağı qənaətindədir. Baş redaktor deyib ki, 2018-ci ildə keçiriləcək tədbirlərin işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması jurnalistlərin ən mühüm vəzifələrindən biri olacaq.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, 2017-ci il Azərbaycan mətbuatının tarixində olduqca müsbət məqamları ilə yadda qalıb. E.Mirzəbəyli vurğulayıb ki, ötən il ölkə Prezidentinin Sərəncamı ilə jurnalistlər üçün inşa olunan ikinci binanın açılış mərasimi keçirilib və həmin binadakı mənzillər jurnalistlərə paylanıb: “Açılış mərasimində ölkə Prezidenti medianın gələcəyi ilə bağlı çox mühüm fikirlər səsləndirdi və fikrimcə mətbuatın, ölkənin informasiya təhlükəsizliyinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğuladı. Qənaətimə görə, 2017-ci ildə Azərbaycan mətbuatı üçün ən önəmli hadisə bu açılış mərasimi və cənab Prezidentin bu mərasimdəki nitqi oldu. Digər tərəfdən, 2017-ci ildə media ilə bağlı qanunvericilik sahəsində də bir sıra mühüm addımlar atıldı. Təbii ki, qanunvericilikdə edilən bu əlavə və dəyişikliklər mediada olan bir sıra problemlərin aradan qaldırılmasında da əsaslı rol oynadı. Bu isə özlüyündə KİV-in fəaliyyətinin tənzimlənməsi üçün önəmli hadisələrdən sayıla bilər. Eləcə də ölkəmizdə elan olunan İslam Həmrəyliyi ili çərçivəsində keçirilən tədbirlərin işıqlandırılmasında Azərbaycan mətbuatının rolu olduqca mühümdür. İslam Həmrəyliyi oyunları Azərbaycan mediası ilə Şərq ölkələri mediası arasında əlaqələrin inkişafında da müstəsna rol oynadı. Xarici qonaqlarımız Azərbaycan haqqında yazılar hazırladılar və ümumiyyətlə xarici jurnalistlər əyani olaraq ölkəmizlə tanış olmaq imkanı qazandılar. Bu həm də Azərbaycanla bağlı obyektiv həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm bir fəaliyyət oldu. Azərbaycan mediasının bütövlükdə xarici əlaqələri genişləndi. Ötən il mətbuatımızda peşəkarların sayı artmaqda davam etdi. Bir sıra baş verən hadisələrin fonunda bu sahəyə daha peşəkarcasına yanaşma ortaya qoyuldu. Eləcə də, ötən il reket jurnalistikasına qarşı effektiv mübarizə davam etdirilib. Kompleks şəkildə 2017-ci il Azərbaycan mediası üçün uğurlu il kimi yadda qaldı”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 322 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30