Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan 2017-ci ildə də İslam həmrəyliyinin güclənməsinə böyük töhfələr verib

Azərbaycan 2017-ci ildə də İslam həmrəyliyinin güclənməsinə böyük töhfələr verib

06.01.2018 [10:40]

Prezident İlham Əliyev: Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb
Hazırda İslam ölkələri arasında əlaqələrin və həmrəyliyin gücləndirilməsinə həmişə olduğundan daha çox ehtiyac var. Bu da onunla bağlıdır ki, bir tərəfdən, zamanında bütün dünyaya böyük mədəniyyət bəxş edən geniş İslam coğrafiyasında kənar qüvvələrin təsiri ilə ziddiyyətli və arzuolunmaz proseslər gedir, ciddi sosial-iqtisadi fəsadlara yol açan kataklizmlər yaşanır, digər tərəfdən isə, Avropanın ayrı-ayrı ölkələrində islamofobiya meyilləri güclənib. Baş verənlər, həmçinin məqsədyönlü anti-İslam təbliğatı öz növbəsində İslam ölkələrini gücdən salır, eyni zamanda, dünyada bu dinin daşıyıcılarına mənfi münasibət formalaşdırır.
Bəhs olunan kədərli mənzərə İslam ölkələri arasında kənardan qızışdırılan umu-küsüləri kənara qoymağı, həmrəyliyi gücləndirməyi, terrorizmə, ekstremizmə “yox” deyən, insanları sülhə, barışa çağıran İslam dəyərlərinə sadiq qalmağı həyati zərurətə çevirib. Bu kontekstdə Azərbaycanın İslam ölkələri arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr xüsusilə diqqəti cəlb edir. Azərbaycan ona nail olmağa çalışır ki, İslam ölkələri arasında münaqişələr baş qaldırmasın, bu ölkələr qarşılıqlı təhdid şəraitində yaşamasınlar, onların potensialı rifaha, insanların həyat şəraitinin yaxşılaşmasına, etimad mühitinin dərinləşməsinə yönəldilsin. Respublikamız qlobal miqyasda İslam həmrəyliyinin güclənməsinə yönələn səylərini artıq tarixə dönən 2017-ci ildə də qətiyyətlə davam etdirib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində vurğuladığı kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur və bu il ərzində həm ölkə daxilində, həm xaricdə bir çox önəmli tədbirlər keçirilmişdir.
Azərbaycan qədim müsəlman diyarıdır
VII-VIII əsrlərdən etibarən Azərbaycan xalqının həyat tərzi, mədəniyyəti, məişəti İslam dini ilə sıx vəhdətdə olub. Ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev ötən il dekabrın 21-də Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransdakı nitqində bütün müsəlman aləminin ən qədim məscidlərindən birinin - Şamaxı Cümə məscidinin ölkəmizin ərazisində olmasından qürur hissi ilə söhbət açaraq deyib: “Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir”.
Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşıb, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayrağında da İslama mənsubluğunu əks etdirib. Keçmiş ittifaqın tərkibində olduğu dövrdə də xalqımız basqılara baxmayaraq, öz dini dəyərlərinə sadiqliyini qoruyub saxlayıb.
Ötən əsrin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız özünün tarixdən gələn milli-dini dəyərlərinə tam sahiblik hüququ qazanıb. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra isə respublikamızda din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Sonradan bu siyasət Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatdırılıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Bakıda Ümummilli lider Heydər Əliyevin adını daşıyan Cənubi Qafqazda ən böyük məscid inşa olunub.
Eyni zamanda, Azərbaycan beynəlxalq miqyasda İslam dəyərlərinin və mədəniyyətinin təbliğinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ildə Parisdəki məşhur Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması buna yaxşı nümunədir. Bundan başqa, fondun reallaşdırdığı “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində İslam mədəniyyətinin tərkib hissəsi olan milli mədəniyyətimiz geniş şəkildə təbliğ edilib. Bütün bunlar Azərbaycan xalqının öz tarixinə və milli-mənəvi dəyərlərinə necə böyük önəm verdiyini təsdiqləyir. Prezident İlham Əliyev müstəqil respublikamızın təməlinin məhz bu dəyərlər üzərində qoyulduğuna diqqət çəkərək bildirib: “Azərbaycan xalqı öz milli-mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir”.
Respublikamız beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxşı münasibətlər qurub
İslamın müqəddəs kitabında - Qurani-Kərimdə Allah-Təala bütün müsəlmanları sülhə, birliyə və vəhdətə çağırır. Ölkəmizdə müqəddəs kitabımızdan gələn bu çağırışa yüksək səviyyədə əməl olunur. Belə ki, respublikamızda İslam həmrəyliyi ilə bağlı hər hansı bir problem yaşanmır. Azərbaycanda İslamın iki böyük qoluna - şiə və sünni məzhəblərinə aid insanların eyni məkanda vəhdət namazı qılmaları İslam həmrəyliyinə gözəl nümunədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.
Azərbaycan ölkə daxilində olduğu kimi, beynəlxalq miqyasda da İslam həmrəyliyinin güclənməsinə nail olmağa çalışır. Ölkəmizin xoş niyyətini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Ölkə daxilində İslam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir”.
Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Ölkəmiz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif İslam dövlətlərinə, o cümlədən İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlərə gedib. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan həmçinin İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatı olan İSESCO ilə də sıx əməkdaşlıq edir. Xatırladaq ki, bir neçə il bundan əvvəl Bakı İSESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan edilib və bir il ərzində ölkəmizdə, Bakıda çox mühüm tədbirlər keçirilib. 2018-ci ildə isə Azərbaycanın digər bir şəhəri - Naxçıvan İslam mədəniyyəti paytaxtı elan olunub.
Öz növbəsində Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi davamlı töhfələr beynəlxalq miqyasda böyük rəğbətlə qarşılanır. İslam ölkələri beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın həyata keçirdiyi siyasətə, ələlxüsus da Dağlıq Qarabağ münaqişəsinin ədalət prinsipi və beynəlxalq hüquq normaları çərçivəsində həllinə hərtərəfli dəstək nümayiş etdirirlər. Ayrı-ayrı İslam dövlətləri ölkəmizə qarşı işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina ediblər. Dekabrın 21-də keçirilən beynəlxalq konfransdakı nitqində İslam dövlətlərinin Azərbaycana dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır”.
Respublikamızın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları ölkələr arasında əsl dostluq və qardaşlıq bayramına çevrildi
2017-ci ilin birinci yarısında Bakıda əksər İslam ölkələrinin təmsilçilərinin iştirakı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının başa çatmasından xeyli müddət ötsə də, bu möhtəşəm tədbirlə bağlı təəssüratlar hələ də yaddaşlarda qalmaqdadır. Ümumi qənaət belədir ki, respublikamızın ev sahibliyi etdiyi Oyunlar İslamiadanın tarixində ən yaxşı cəhətdən seçilib. Statistikaya diqqət yetirdikdə Oyunların miqyası barədə konkret təsəvvür yaranır. Bakıda keçirilən Oyunlara rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb. Müqayisə üçün bildirək ki, indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Eyni zamanda, “Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırıb.
Azərbaycan İslam aləminə böyük rəğbətinin ifadəsi olaraq Oyunların yüksək səviyyədə keçməsinə nail olmaq üçün hər şeyi etdi. Təsadüfi deyil ki, Bakıda əsl idman bayramına çevrilən Oyunlar İslam həmrəyliyinin güclənməsinə sanballı töhfə kimi dəyərləndirilir. Bu Oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmlətmək olub. Əlamətdar haldır ki, Oyunlar zamanı bəzi hallarda siyasi cəhətdən o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırdılar. Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Bütün İslam ölkələrinin aparıcı idmançıları Bakıda idilər. Əlbəttə, biz fəxr edirik ki, Azərbaycan milli komandası bu yarışların qalibi oldu, birinci yerə layiq görüldü. Amma əsas məsələ bunda deyil. Əsas məsələ ondadır ki, bu Oyunlar bir daha göstərdi ki, İslam həmrəyliyi var və gənc nəsil gərək gələcəkdə bu gözəl dəyərləri daim dərk etsin və gücləndirsin”.
Azərbaycan İslam həmrəyliyini sivilizasiyalararası dialoq kimi təqdim etməyi bacardı
Azərbaycan zəngin multikulturalizm ənənələrinə malik olan ölkədir. Tarixən burada müxtəlif mədəniyyətlər təşəkkül taparaq qarşılıqlı münasibətlər şəraitində daha da zənginləşiblər. Dünyada ən qədim məscidlərdən biri Azərbaycanda tikildiyi kimi, ən qədim kilsələrdən biri də ölkəmizin ərazisində inşa olunub. Ölkəmiz özünün tolerantlıq ənənələrinə böyük dəyər verərək onları bu gün də yaşadır. Müstəqil Azərbaycanın həyatı məhz çoxmədəniyyətli və çoxkonfessiyalı olması ilə fərqlənir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.
Lakin belə rəngarəngliyə baxmayaraq, müxtəlif dinlərə aid inanclı insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kollec, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrinin, sinaqoqların təmirinə öz töhfəsini verir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda qədim avtoxton etnos olan udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvləri üçün də öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dünyada müxtəlif dini icmaların fəaliyyətinin təmin olunmasına dövlət tərəfindən maliyyə dəstəyi göstərilən azsaylı ölkələrdən biridir.
Belə gözəl tolerantlıq mühitinin bütün dünyada təbliğ edilməsi bəşəriyyətin bu günü və gələcəyi üçün çox vacibdir. Çünki multikulturalizmin sonu ksenefobiyanın, müxtəlif mədəniyyətlərə mənsub olan insanlar arasında düşmənçiliyin başlaması, milli-dini-irqi əlamətlərə görə təhdidlərin miqyasının genişlənməsi deməkdir. Prezident İlham Əliyev qəti şəkildə belə bir inamı ifadə edib ki, multikulturalizmin alternativi yoxdur. Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamofobiya, ksenofobiya, antisemitizmdir. Azərbaycanın niyyəti isə ondan ibarətdir ki, həm müsəlman aləmində, həm də bütün dünyada sivilizasiyalararası dialoq güclənsin, milli-dini müxtəliflik heç vaxt insanları ayıran cəhət kimi çıxış etməsin. Prezident Ilham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb. Ölkəmizin mövqeyinə diqqət çəkən dövlət başçısı vurğulayıb: “Həm coğrafi yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı, bax, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevirir”.
Ölkəmiz özünün multikulturalizm sahəsində genişməzmunlu siyasətinə sadiqlik nümayiş etdirərək 2017-ci ildə elan olunan “İslam Həmrəyliyi İli”ni sivilizasiyalararası dialoq ilinə çevirməyə nail oldu. Ötən il ölkəmiz dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlərə böyük uğurla ev sahibliyi edib. Eyni zamanda, “İslam Həmrəyliyi İli” çərçivəsində bir sıra xarici ölkələrdə beynəlxalq konfranslar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və ayrı-ayrı ölkələrin müvafiq qurumlarının təşkilatçılığı ilə keçirilən həmin tədbirlərdə Azərbaycanın İslam Həmrəyliyinin və sivilizasiyalararası dialoqun möhkəmlənməsi işinə verdiyi töhfələr xüsusi vurğulanıb. Ənənəvi olaraq Bakıda keçirilən mədəniyyətlərarası dialoq və humanitar forumlar isə müxtəlif sivilizasiyaların təmsilçiləri üçün gözəl əməkdaşlıq platformasına çevrilib. Yeri gəlmişkən qeyd edək ki, ötən il dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bakıda təşkil olunan bu kimi yüksək səviyyəli tədbirlərdə dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər dövlətlər çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir.
Multikulturalizm siyasəti ilə bağlı Azərbaycanı fərqləndirən başqa bir önəmli cəhəti də xüsusi qeyd etmək istərdik. Bu da ondan ibarətdir ki, multikulturalizm ölkəmizdə yalnız dövlət siyasəti deyil, həm də cəmiyyətdən gələn sosial sifarişdir. Respublikamızın bu önəmli fərqinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bir məsələni də qeyd etməliyəm ki, əlbəttə, bu istiqamətdə dövlət siyasəti aparılır və aparılacaq. Ancaq bizim bu istiqamətdəki siyasətimiz ictimai rəyə söykənir. Çünki Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bu duyğularla, bu fikirlərlə yaşayır. Bizim uğurlu inkişafımız göstərir ki, dinlərarası, millətlərarası münasibətlər lazımi səviyyədə olanda inkişaf da, sabitlik də olur və bütün Azərbaycan vətəndaşları gələcəyə də nikbinliklə baxırlar”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30