Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub

Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub

17.10.2017 [10:07]

Prezident İlham Əliyev: Bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji yol xəritələrinin icrası təmin edilir
Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub. Ölkədə qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Ən yaxşı göstəricilərdən biri 3,1 faiz olmaqla qeyri-neft sənayesində və 2,8 faiz olmaqla aqrar sektorda qeydə alınıb. Ötən 9 ayda respublikamızın strateji valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb.
Qeyd olunan statistik göstəricilər qlobal miqyasda yaşanan çətinliklərə baxmayaraq, Azərbaycanda inkişaf üçün münbit zəmin olduğuna dəlalət edir. Respublikamızın sadalanan uğurları dünyadakı mənzərə ilə müqayisədə kəskin təzad təşkil edir və istənilən ölkə bu göstəriciləri arzulaya bilər.
Bəs xarici mənfi təsirlərin artdığı indiki dövrdə Azərbaycan inkişafın ardıcıllığını təmin etməyə necə nail olub? Birmənalı şəkildə demək mümkündür ki, respublikamızın indiki şəraitdə də uğurlar qazanmasının əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İnstitusional sahə də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
İslahatların davamlılığının təmin edilməsi baxımından 2017-ci ilin arxada qalan dövrü də istisna təşkil etməyib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğuladığı kimi, bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji yol xəritələrinin icrası təmin edilir. Dövlət başçısı son 9 ayda respublikamızın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurların səbəblərinə diqqət çəkərək bildirib: “Qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır”.
Ölkədə sahibkarlığın inkişafı üçün böyük işlər görülür
Yeni şəraitdə Azərbaycanda aparılan islahatların böyük qismi özəl sektorda aktivliyin artmasına, ölkədə biznes mühitinin optimallaşdırılmasına hesablanıb. Respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırır. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı əsasında ölkəmizdə özəl bölmənin dəstəklənməsi məqsədilə kompleks tədbirlər intensiv şəkildə davam etdirilib. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Ölkəmizdə dövlət tərəfindən davamlı olaraq həyata keçirilən maddi dəstək tədbirləri sahibkarlığın inkişafında mühüm rol oynayır. Respublikamızda hər il sahibkarlıq subyektlərinin ayrı-ayrı layihələrinin dəstəklənməsinə təxminən 200 milyon manat həcmində güzəştli kreditlər ayrılır. 2004-cü ildən indiyədək özəl bölmə təmsilçilərinə verilən kreditlərin ümumi məbləği 2 milyard dollara çatıb. Əlamətdar haldır ki, artıq sahibkarlar üçün nəzərdə tutulan kreditlər dövlət büdcəsinin vəsaitləri hesabına deyil, qaytarılan kreditlər hesabına formalaşır. Prezident İlham Əliyev bundan məmnunluğunu bildirərək deyib: “Bildiyiniz kimi, sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Onların arasında güzəştli kreditlərin verilməsi də var. Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin, demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir”.
Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərib. Dövlət dəstəyindən bəhrələnən sahibkarlar həm aqrar, həm də sənaye sektorlarında yüksək fəallıq nümayiş etdirirlər. İndiyədək regionlarda sahibkarların iştirakı ilə çoxlu sayda iri fermer təsərrüfatları yaradılıb. Özəl bölmə təmsilçiləri həmçinin regionlarda aqroparkların yaradılmasına investisiyalar yönəldirlər.
Sənaye sektorunda sahibkarların iştirakı ilə reallaşdırılan layihələr də kifayət qədər böyük investisiya tutumuna malikdir. Bu sırada Bakıda, Sumqayıtda, Mingəçevirdə və digər bölgələrdə yaradılan sənaye parklarını xüsusi qeyd etmək mümkündür. Prezident İlham Əliyev sahibkarlar tərəfindən ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun artmasına diqqət çəkərək vurğulayıb: “Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. Yəni, görün, bir ciddi islahatın aparılması ilə biz 1,7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb etdik”.
İqtisadiyyatın müxtəlif sahələrinə 8,3 milyard dollar sərmayə qoyuluşu ölkəmizə olan inamın ifadəsidir
Hazırda dünyada müşahidə edilən gərginliklər fonunda ayrı-ayrı ölkələrin üzləşdikləri problemlərdən biri də iqtisadiyyata yönəldilən investisiyaların getdikcə azalması ilə bağlıdır. Belə vəziyyətdə Azərbaycanın mənzərəsi nikbinlik üçün ciddi əsaslar yaradır. Milli iqtisadiyyatımız daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyini qoruyub saxlamaqdadır. Prezident İlham Əliyev cari ilin 9 ayında iqtisadiyyatın müxtəlif sahələrinə 8,3 milyard dollar sərmayə qoyuluşunu ölkəmizə olan böyük inamın ifadəsi kimi səciyyələndirib: “Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir”.
Yeni iqtisadi şəraitdə dövlət investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixində imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərman da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Həyata keçirilən islahatlar öz növbəsində investorlarda iqtisadiyyatımıza sərmayələr yönəltməyə böyük maraq yaradıb. Respublikamıza yönəldilən investisiyaların daha böyük hissəsini isə xarici sərmayələr təşkil edib ki, bu da təsadüfi deyil. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb.
Yuxarıda deyilənlər Azərbaycanın mənzərəsi barədə konkret təsəvvür yaradır. 2017-ci ildə ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 356 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30