Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Yeni Azərbaycan” qəzetinin redaksiyasında “EkoAvrasya” təşkilatının nümayəndələri ilə görüş keçirilib

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında “EkoAvrasya” təşkilatının nümayəndələri ilə görüş keçirilib

22.08.2017 [10:02]

Hikmət Ərən: Azərbaycan Qafqaz regionunun parlayan ulduzudur
Dünən “Yeni Azərbaycan” qəzetinin redaksiyasında Türkiyədə fəaliyyət göstərən “EkoAvrasya” (Avrasya Ekonomik İlişkilər Dərnəyi) təşkilatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “EkoAvrasya” təşkilatının İdarə Heyətinin sədri Hikmət Ərən, təşkilatın baş katibi Bəşir Var, təşkilatın İdarə Heyətinin üzvü Kamal Kurnaz, Dövlət İdarəçilik Akademiyasının müəllimi, Türkiyə və Yaxın Şərq Dövlət İdarəçiliyi İnstitutunun doktorantı Elmir Əliyev iştirak ediblər. Görüşdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını, Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” fəlsəfəsinə söykəndiyini deyib. İki ölkə arasında mühüm əməkdaşlıqların həyata keçirildiyini xatırladan Milli Məclisin deputatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın arasındakı dost, qardaş münasibətlərin əlaqələrin genişlənməsinə xüsusi töhfə verdiyini bildirib. Hikmət Babaoğlu bu gün qlobal dünyada baş verən kataklizmlərə diqqət çəkərək Azərbaycan ilə Türkiyənin hər zaman ümummilli məsələlərə eyni mövqedən yanaşmasının qardaşlığın bariz sübutuna çevrildiyini söyləyib. Ötən il Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin Azərbaycanda da narahatlıqla qarşılandığını deyən millət vəkili Türk xalqının hər zaman öz dövlətinin, xalqının mənafeyini qoruduğunu vurğulayıb: “Azərbaycan ilə Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, mühüm məsələlərdə eyni mövqedən çıxış edirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iki dövlətin xarici siyasəti hər zaman eyni istiqamətə əsaslanır. Eyni zamanda, ölkəmizdə Türkiyə sevgisi hər zaman öz emosionallığını qoruyur”.
Görüşdə “EkoAvrasya” təşkilatının İdarə Heyətinin sədri Hikmət Ərən, təşkilatın nümayəndələri Kamal Kurnaz, Bəşir Var da öz növbəsində fikirlərini bildiriblər. Vurğulanıb ki, “EkoAvrasya” təşkilatı Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bütün gücünü səfərbər edib. Çıxış edən H.Ərən iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi üçün mütəmadi olaraq forumların keçirildiyini, nümayəndə heyətlərinin bölgələrdə iş adamları ilə görüşdüklərini deyib. Azərbaycan ilə Türkiyənin regionda həyata keçirdiyi qlobal miyqaslı layihələr vasitəsilə öz birliklərini bir daha sübuta yetirdiklərini söyləyən “EkoAvrasya” təşkilatının İdarə Heyətinin sədri bu əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Sonda Milli Məclisin üzvü Hikmət Babaoğlu “EkoAvrasya” təşkilatının xüsusi plaketi ilə təltif olunub. Eyni zamanda, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun müəllifi olduğu “Akdamardan Sarı Gəlinədək erməni yalanı” kitabı da təşkilatın nümayəndələrinə hədiyyə edilib.
Qeyd edək ki, görüşdən sonra Hikmət Ərən “Yeni Azərbaycan” qəzeti üçün eksklüziv müsahibə verib:
- Hikmət bəy, təşkilatınız nə zaman yaranıb və “EkoAvrasya”nın fəaliyyətində əsas istiqamətlər nədən ibarətdir?
- “EkoAvrasya” təşkilatı 11 il öncə Ankara şəhərində təsis olunub. Təşkilatımızın əsas məqsədi Avrasiya ölkələri ilə Türkiyə arasında iqtisadi, sosial və mədəni işbirliyi imkanlarını araşdırmaq və bu əlaqələri daha da inkişaf etdirməkdir. Ötən 11 il ərzində başda Qafqaz, Balkan regionu və Avropa olmaqla 40-a yaxın ölkədə fərqli proqramlar çərçivəsində işlər görmüşük. Təbii ki, bizim üçün ən önəmli və birinci sırada olan Azərbaycanla əlaqələrdir və bu istiqamətdə 30-dan çox müxtəlif tipli proqramlarımız, tədbirlərimiz olub. Bu, bizim üçün qürurvericidir. Xüsusilə, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, həmçinin bu işğal nəticəsində bir milyona yaxın insanın ata-baba torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın bu məsələdə haqlı mövqeyi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də bir missiyanı öhdəmizə götürdüyümüzü diqqətinizə çatdırmaq istərdim. Eyni zamanda, “EkoAvrasya”nın ölkələr arasındakı iqtisadi əlaqələrin inkişafı ilə də bağlı fəaliyyətləri var. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin də ifadə etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Biz də bu şüarla hərəkət edərək Türkiyənin və türkdilli ölkələrin iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstəririk. Bununla bağlı Türkiyədə, Qazaxıstanda, Azərbaycanda bir sıra forumlar təşkil etmişik. Bu il Kosovo və Ukrayna ilə ortaq ticarətlə bağlı toplantılar keçirmişik. Burada əsas məqsəd türkdilli dövlətlərin iqtisadi əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmaq və əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasına dəstək verməkdir. Və təbii ki, bu məsələdə də Azərbaycana xüsusi önəm veririk. Çünki qardaş ölkə olmaqla yanaşı Azərbaycan Qafqaz regionunun parlayan ulduzudur. Onu da qeyd edim ki, Türkiyə ilə Azərbaycan arasında bir sıra layihələrin, o cümlədən TANAP layihəsinin reallaşması həm Türkiyənin, həm Azərbaycanın, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayacaq. Bu səbəbdən də, Türkiyə-Azərbaycan münasibətlərinin ən incə məqamlarından sayılan enerji mübadiləsi məsələsinin də yüksək səviyyədə inkişafını arzulayırıq. Müstəqillik dövründə türkiyəli iş adamları Azərbaycana mühüm sərmayələr yatırıblar. Öz növbəsində azərbaycanlı iş adamları da Türkiyədə müxtəlif sahələrə sərmayə qoyublar. Digər tərəfdən, BTC neft kəməri vasitəsilə Xəzər dənizindəki neftin dünya bazarlarına ixracını iki ölkə uğurla həyata keçirir. Ən əsası, iki ölkə arasında tarixi bağlar, qardaşlıq əlaqələri mövcuddur və bu münasibətlərin gələcək nəsillərə ötürülməsi üçün bütün gücümüzü səfərbər etməliyik. Ümumiyyətlə, qeyri-hökumət təşkilatı olaraq bizim bir fəlsəfəmiz var - adımız varsa, onu yaşada bilməyimizin ən güclü yolu fəaliyyət göstərmək və işləməkdir.
- Özünüz də qeyd etdiniz ki, iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı müxtəlif tədbirlər keçirmisiniz. Bəs, Azərbaycana budəfəki səfəriniz zamanı hansı tədbirlərdə iştirak etdiniz?
- Öncə onu qeyd edim ki, 2017-ci ildə bir sıra mühüm tədbirlər keçirmişik. Ankarada təşkil etdiyimiz Türkiyə-Azərbaycan münasibətlərinin 25 illiyi ilə bağlı tədbir isə, demək olar ki, ən böyükmiqyaslı tədbir idi. Bu tədbirdə həm Türkiyədən, həm də Azərbaycandan ziyalılarımız iştirak etdi. İki gün davam edən həmin tədbirdə səsləndirilən təkliflər və fikirlər kitab halında çap olunacaq. Bu məqamda xüsusi olaraq qeyd etmək istəyirəm ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyev arasındakı qardaşlıq münasibətləri dünya ictimaiyyəti üçün çox gözəl bir nümunədir. Gələcək nəsillər, yəqin ki, bu nümunəni hər zaman əsas tutacaqlar. Fəaliyyətimizin əsas hədəflərindən biri də məhz bu istiqamətdədir. Yəni Bakıya son gəlişimizin səbəblərindən biri sözügedən istiqamətdə reallaşdırılan bir tədbirdə iştirak etmək idi. Təbii ki, bir sıra mühüm görüşlərimiz də oldu. Səfər çərçivəsində, eyni zamanda, Türkiyənin ən əsas çay istehsalçılarından olan “Çaykur” firmasının istehsal etdiyi çayın “Qafqazda bir qurtum çay” layihəsi əsasında təqdimatı ilə bağlı tədbirdə də iştirak etdik. Layihə çərçivəsində avqustun 19-da Bakının ən görməli və gözəl məkanlarından biri olan “Gənclik Mall”un qarşısındakı parkda azərbaycanlı soydaşlarımıza türk çayının hərarəti ilə səmimi duyğularımızı ifadə etməyə çalışdıq. Bakıda 6 min stəkan çay paylanıldı. Avqustun 20-də isə bu layihə çərçivəsində növbəti görüş Sumqayıt şəhərində Dənizkənarı Bulvarda baş tutdu. Bu layihənin gerçəkləşməsinə dəstək olan şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm.
- Sizin də vurğuladığınız kimi, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələri əhatə edir. Bəs bu kontekstdə iki ölkənin qeyri-hökumət təşkilatlarının bir araya gəlməsi və hansısa ortaq bir tədbirin keçirilməsi ilə bağlı planınız varmı?
- Bu suala cavab olaraq öncə onu vurğulayım ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Müqaviləsi çox geniş bir sferanı əhatə edir. Bu müqavilədə təhsil sistemindən iqtisadiyyata, səhiyyədən mədəniyyətə qədər bir çox sahələrə, həmçinin QHT sektoruna aid əməkdaşlıq məsələləri öz əksini tapıb. Biz də bunun fonunda iki qardaş ölkənin qeyri-hökumət təşkilatları arasında forumun təşkil olunmasını planlaşdırırıq. Yəni arzumuz iki ölkə arasında keyfiyyətli fəaliyyəti ilə seçilən qeyri-hökumət təşkilatlarının bir masa arxasında əyləşərək Azərbaycan-Türkiyə QHT-lərinin forumunun keçirilməsidir. Hesab edirik ki, 2018-ci ildə belə bir tədbirin Ankarada və Bakıda keçirilməsinə nail ola bilərik. Eyni zamanda, “EkoAvrasya” olaraq öhdəmizə götürdüyümüz missiya Azərbaycanı Türkiyədə daha yaxından tanıtmaqdır. Türkiyə 80 milyon əhalisi olan bir ölkədir. Doğruları eyni anda hər kəsə çatdırmaq mümkün deyil. Amma biz imkanlarımız ölçüsündə bunları təbliğ etməkdəyik. Türkiyədə hələ də Qarabağ məsələsindən xəbərdar olmayan jurnalistlər mövcuddur. Amma jurnalistlər hər şeydən xəbərdar olmağa borcludurlar. Əgər onlar doğruları bilməsələr, cəmiyyətə doğruları yaza bilməzlər. Bu mənada Azərbaycandan və Türkiyədən olan media mənsublarının üzərinə böyük vəzifələr düşür. Əlbəttə ki, iki ölkənin arasında bu müstəvidə də yüksək səviyyəli əlaqələr mövcuddur. Türkiyədə keçirilən toplantılara Azərbaycandan, eləcə də Azərbaycanda keçirilən tədbirlərə Türkiyədən olan media mənsubları dəvət alırlar.
- Dəyərli fikirlərinizə görə təşəkkür edirik.
- Mən də Azərbaycanın aparıcı media orqanlarından biri olan “Yeni Azərbaycan” qəzetində bizə imkan yaratdığınız üçün öz təşəkkürümü bildirirəm.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30