Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır

Regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır

16.02.2017 [10:03]

Ötən ilin nəticələri də bunu əyani şəkildə təsdiqləyir
Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Ümumiyyətlə, uğurlu inkişaf modelinə malik olan ölkəmizin tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, paralel olaraq ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasında regionların payı hər ötən il daha da artır. Bu da səbəbsiz deyil. Belə ki, uğurların əldə edilməsi respublikamızda, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları nəticəsində mümkün olur. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məhz bu sadalananların nəticəsidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır.
Onu da xüsusi olaraq qeyd edək ki, bu inkişaf başa vurduğumuz 2016-cı ildə də davam edib. Hər halda ayrı-ayrı rayonların timsalında ötən ilin yekunlarına dair əldə edilən uğurlar da bunu təsdiqləyir. Məsələn, ötən il Şəmkir rayonunda 494 milyon 635 min manatlıq, əvvəlki ildəkindən 4,3 faiz çox ümumi məhsul buraxılıb, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 3 faiz artaraq 2327 manat təşkil edib. Sənaye sahəsində 2015-ci illə müqayisədə 31,9 faiz çox, 33 milyon 203 min manatlıq, kənd təsərrüfatında isə 255 milyon 276 min manatlıq məhsul istehsal olunub. Tikinti işlərinin həcmi 12,5 faiz artaraq 80 milyon 432 min manata çatıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Şəmkir rayonunda quruculuq-abadlıq sahəsində bir sıra mühüm işlər görülüb. Prezident İlham Əliyev tərəfindən 2014-cü il noyabrın 15-də təməli qoyulmuş “Şəmkir Aqroparkı”nın tikintisi ötən il də davam etdirilib. Könüllü və Abbaslı bələdiyyələrinin ərazisində bu kompleksə 604 hektar torpaq sahəsi ayrılıb. Artıq meyvə-tərəvəz emalı müəssisəsinin, tara istehsalı fabrikinin, logistik və aqroservis mərkəzinin, soyuducu anbarın və digər infrastruktur müəssisələrinin layihələndirilməsi başa çatdırılıb. Yola salınan ildə rayonda abadlıq-quruculuq işləri də yüksək səviyyədə davam etdirilib, “Azərxalça” ASC-nin nəzdində Şəmkir xalça fabrikinin tikintisinə başlanılıb.
Onu da qeyd edək ki, Şəmkir respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. 2016-cı ildə 45 min 892 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 18 min 602 hektar sahədə taxıl əkilib. 2015-ci illə müqayisədə taxıl sahəsi 842 hektar artıb. Taxıl sahələrindən 57 min 932 ton məhsul əldə olunub. Hər hektardan məhsuldarlıq 35,7 sentner təşkil edib. Cari ilin məhsulu üçün 14 min 565 hektar sahədə taxıl səpilib. Həmçinin 2016-cı ildə rayonun tarixində ilk dəfə olaraq 876 hektar sahədə şəkər çuğunduru əkilib və 14 min 400 ton məhsul əldə olunub. Bu il isə 2 min hektara yaxın sahədə şəkər çuğunduru əkilməsi nəzərdə tutulub.
Məlumat üçün onu da bildirək ki, rayonun Ceyrançöl ərazisində iri kənd təsərrüfatı müəssisəsinin yaradılması istiqamətində işlər aparılır. Çənlibel bələdiyyəsi tərəfindən təsis edilmiş “Maral” MMC-nin nəzdində istirahət mərkəzi və maralçılıq təsərrüfatı yaradılıb. Təsərrüfatda Rusiya Federasiyasından gətirilmiş “Bloqorodnıy” növünə aid 60 baş maral saxlanılır. Layihənin həyata keçirilməsində məqsəd ərazidə maralçılığın və turizmin inkişaf etdirilməsidir.
Ötən il həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində də əhəmiyyətli işlər görülüb.
Ölkəmizdə kənd təsərrüfatında aparılan islahatlar Ucar rayonunda da ənənəvi sahələr olan pambıqçılığın və baramaçılığın inkişafına güclü təkan verib. Başa vurduğumuz 2016-cı ildə 1490 kiloqram barama tədarük olunub. Bu sahənin inkişafı üçün 70 min ədəd tut tingi əkilib. Həmçinin ötən il rayonda 510 hektarda pambıq əkilib. Cari ildə isə artıq 117 nəfər fermer və fiziki şəxs pambıqtəmizləmə zavodu ilə müqavilə bağlayıb və əkin üçün 2500 hektar sahədə dondurma şumu çıxarılıb.
Ötən il rayonda aqrar sahədə bir sıra nailiyyətlər əldə olunub, pambıqçılıq və baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülüb. Eyni zamanda, mühüm strateji məhsul olan taxılçılıqda da uğurlu nəticələr qazanılıb. Belə ki, ötən il 11 min 701 hektar sahədən 29 min 414 ton məhsul götürülüb. Bu, inişilki göstəricilərdən 238 ton çoxdur.
Ucar rayonunda aqrar sektorun əsas sahələrindən olan heyvandarlıqda da nəticələr diqqətəlayiqdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması, xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, Ucar rayonunda ötən ilin yekunlarına dair yığıncaq keçirilib və hesabat yığıncağında tikinti-quruculuq, abadlıq işlərindən də danışılıb, əhalinin sosial ehtiyaclarının həlli istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2015-ci il 8 oktyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan rayon İcra Hakimiyyətinə ayrılan 3 milyon manat vəsait hesabına 25 ədəd çoxmərtəbəli ictimai yaşayış binasında əsaslı təmir işləri aparılıb. Ötən il “Qarant Aqro” MMC-nin Qazıqumlaq kəndində istehsal gücü saatda 10 ton olan yem istehsalı zavodu istifadəyə verilib, yollar təmir edilib. Hazırda 100 yerlik körpələr evi-uşaq bağçası, kənd təsərrüfatı və polis idarələri üçün yeni binalar, baytarlıq laboratoriyası tikilir. Yığıncaqda əhalinin elektrik enerjisi, “mavi yanacaq”la normal təminatı, su təchizatı, təhsil, səhiyyə, mədəniyyət xidmətləri sahələrində görülən işlər, habelə qarşıda duran vəzifələr də geniş təhlil olunub.
Bölgələrin sosial-iqtisadi inkişafı Hacıqabul rayonunun timsalında da davam edib. Belə ki, 2016-cı ildə Hacıqabulda uzun illərdən sonra pambıq əkilib, soya və şəkər çuğundurunun əkini isə ilk dəfə həyata keçirilib. Rayonda qeyri-neft sektorunun inkişafı, o cümlədən pambıq istehsalı üçün böyük imkanlar var. Pambıq əkini yüksək gəlirliliyi və məşğulluğun təmin edilməsində rolu ilə yanaşı, həm də kənd təsərrüfatı bitkiləri üçün çox yaxşı sələfdir ki, bu da növbəli əkin aparılmasına əlverişli şərait yaradır. 2017-ci ildə rayonda 1300 hektardan çox pambıq əkini həyata keçiriləcək. Artıq 29 pambıq istehsalçısı tərəfindən 1203,9 hektar sahədə pambıq əkilməsi üçün “MKT istehsalat kommersiya” MMC ilə müqavilə bağlanılıb. Hacıqabulda 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında bildirilib ki, ötən il Hacıqabul rayonunun sosial-iqtisadi və mədəni həyatında uğurlar qazanılıb. İqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 211914.1 min manat olub. Rayonda iqtisadiyyatın bütün sahələrinə yönəldilən əsas kapitalın ümumi həcmi 19390.1, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 18855.5 manat olub. Məhsul buraxılışında qeyri-neft sektorunun payı 2015-ci ilə nisbətən 12 faiz artaraq 67,04 faiz təşkil edib.
Rayonda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında islahatların uğurla həyata keçirilməsi taxılçılığın və digər növ kənd təsərrüfatı məhsulları istehsalının artması ilə nəticələnib. Hər hektardan əldə edilən məhsuldarlıq da yüksəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 3329 ton, tərəvəz istehsalı 45 ton, meyvə istehsalı 148 ton, kartof istehsalı isə 11 ton artıb. Rayonda baramaçılığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb, bu məqsədlə rayonun Abdullahabad, Meyniman, Navahı kəndlərində 2800 ədəd tut tingi əkilib.
Heyvandarlıq və quşçuluq sahəsində də nəzərəçarpacaq artım müşahidə olunub. Ət, süd, yun, yumurta istehsalı artıb. Hesabat dövründə süd istehsalı 17242 ton, ət istehsalı 9526 ton (diri çəkidə) olub. Rayon üzrə iribuynuzlu heyvanların sayı 38414 başa, xırdabuynuzluların sayı isə 135956 başa çatıb. Tədbirdə həmçinin rayonda görülən tikinti-quruculuq işlərindən də danışılıb, Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulduğu, şəhərin içməli su ilə tam təmin olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, hesabat ilində rayonun Qarasu-Abdullaabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinə başlanılıb. 19 min nəfər əhalinin yaşadığı və 10 yaşayış məntəqəsini birləşdirən bu yolun çəkilişi əhalinin sosial iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Təbii ki, görülən işlər nəticəsində ölkəmizin regionlarının siması əhəmiyyətli dərəcədə dəyişib. Regionların sosial-iqtisadi inkişafı əhalinin məşğulluğunun artırılmasına da müsbət təsir göstərir. Bu, yeni yaradılan bir çox iş yerlərində özünü ifadə edir. Hazırda bölgələrdə yeni yaradılan infrastrukturlar, müəssisələr və s. xeyli sayda iş yerlərinin açılmasını da şərtləndirir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31